Komitədə 20 Yanvar şəhidləri yad edildi - + FOTO

Komitədə 20 Yanvar şəhidləri yad edildi + FOTO

19 yanvar 2017-cı il tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 20 yanvar Ümumxalq hüzn günü münasibətilə Komitə əməkdaşlarının iştiakı ilə tədbir keçirilib.

 

Əvvəlcə xalqımızın qəhrəmanlıq tarixində dərin iz buraxmış, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

 

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi yeddi il keçir. Azərbaycan xalqı həmin tarixi həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşamışdır.

 

Komitə sədri qeyd edib ki, 20 yanvar günü hərbçilər küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları qətlə yetirirdilər. Bu qətli törədənlərin məqsədi Azərbaycan xalqını qorxutmaq, onları mübarizə meydanından çəkindirmək idi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri, eyni zamanda müxtəlif millətlərin nümayəndələri də olmuşdur.

 

Hicran Hüseynova diqqətə çatdırıb ki, həmin günlərdə ölkə informasiya blokadasında idi, Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd yanaşırdı. Bu faciəni hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin böyük müdrikliyi və güclü siyasi iradəsi sayəsində 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi – hüquqi münasibət bildirildi. Xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev haqq səsimizi ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə olduğunu bildirdi.

 

Bu gün də şəhidlərimizin əziz xatirələri daim yad edilir, dövlət əhəmiyyətli genişmiqyaslı tədbirlər keçirilir, onlar haqqında kitablar yazılır, filmlər çəkilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin güclü siyasəti sayəsində ölkəmiz öz inkişaf dövrünü yaşayır, beynəlxalq səviyyədə Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Ölkə rəhbərliyi 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil­lərin problemlərinin dövlət səviyyəsin­də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqa­mətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmlən­dirilir.

 

Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Qurban Məmmədov çıxış edərək 20 yanvar faciəsinin tarixi mahiyyəti, şəhidlərimizin azadlıq mübarizəsi üçün qorxmadan canlarından keçmələrini diqqətə çatdırıb. O bildirib ki, şəhidlərimiz heç zaman qocalmayacaq, onlar hər zaman olduqları kimi xatırlanacaqlar. İgid oğul və qızlarımızın dəfn olunduğu Şəhidlər Xiyabanı bu gün hamımız üçün iman və güman yeridir, dərdlərimizi bölüşdüyümüz yerdir. Məmmədov Q. bildirib ki, Azərbaycan müstəqilliyini boş əllə, lakin güclü iradə ilə qazanıb. 20 yanvar günü insanlar boş əllə, silahsız halda tankların qarşısına çıxırdılar. O bildirib ki, faciə nəticəsində 146 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmışdır, təxminən 200-dən çox evə, 80 avtomobilə zərər yetirilmişdir.

 

Ümummilli Lider Heydər Əliyev Naxçıvan MR Milli Məclisinin sədri olarkən bu hadisələrə tarixi qiymət verdi. Bu gün də Ulu Öndərin müəyyən etdiyi siyasi xətt möhtərəm Prezidentimiz tərəfindən davam etdirilir. Şəhidlərimizin ailə üzvləri dövlət qayğısı ilə əhatə olunub, onlar üçün sosial evlər tikilir, müavinətlər ayrılır, prezident təqaüdləri verilir.

 

Sonda şəhidlərimizin xatirələrinin daim qəlblərdə yaşayacağı qeyd edilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !