İtaliya mətbuatında 20 Yanvar faciəsi barədə məqalə dərc edilib -

İtaliya mətbuatında 20 Yanvar faciəsi barədə məqalə dərc edilib

İtaliyanın "Dazebaonews" informasiya portalında jurnalist Romolo Martelloni-nin müəllifi olduğu "Azərbaycan 20 yanvar şəhidlərini anır" sərlövhəli məqalə dərc edilib.



Məqalədə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə məqsədilə və sovet rejiminin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində qərəzli mövqeyinə etiraz əlaməti olaraq keçirdiyi dinc nümayişə qarşı M.Qorbaçovun əmri ilə 30.000-lik sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək çoxlu sayda dinc əhalini qətlə yetirməsi barədə məlumat verilir.

 

Müəllif Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmağa çalışan sovet ordusu tərəfindən hərbi əməliyyat nəticəsində 140-dan artıq şəxsin qətlə yetirildiyini, 700-dən çox şəxsin yaralandığını, 841 nəfərin həbs olunduğunu, çoxsaylı mülki obyektlərə böyük ziyan vurulduğunu bildirir.

 

Məqalədə “Human Rights Watch”, "Helsinki Watch", "Memorial" kimi qeyri-hökümət təşkilatıları, habelə dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən bu faciə haqda yayılmış məlumatlara istinad edilirək sovet ordusu tərəfindən günahsız insanlara tətbiq olunan fiziki güc haqqında danışılır.

 

Dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilməməsini vurğulayan müəllif 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini diqqətə çatdırır, 20 yanvar faciəsinin araşdırılması və ona siyasi-hüquqi qiymətin verilməsi istiqamətində atılmış addımlardan bəhs edir, Ulu Öndər Heydər Əliyevin fərmanına əsasən 20 Yanvar faciəsinin qurbanlarına şəhid fəxri adının verildiyini və 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildiyini bildirir.

 

Müəllif Qanlı Yanvar faciəsi zamanı Azərbaycanın müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərin Bakının ən yüksək zirvəsi olan Dağüstü Parkda dəfn edildiyini, onların xatirəsini anmaq üçün "Şəhidlər Xiyabanı"nın salındığını qeyd edir.

 

"20 Yanvar 1990-cı il tarixində Azərbaycan xalqı üzləşdiyi siyasi, mənəvi və hərbi təcavüzə baxmayaraq, öz tarixi qəhrəmanlıq ənənələrini qoruyub saxlamağa və şəhid olmaq bahasına olsa belə vətənin azadlığı və müstəqilliyinin müdafiəsi üçün ən ağır hücumlara tab gətirməyə müvəffəq olmuşdur", deyə jurnalist yazısını bitirir.

 

Məqalə ilə buradan tanış ola bilərsiniz:

 

http://www.dazebaonews.it/italia/fatti-opinioni/item/46111-azerbaijan-in-ricordo-dei-martiri-del-20-gennaio.html
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !