Pakistanın Election Times qəzetində və elektron saytında Qara Yanvar: Şəhidlik Günü adlı məqalə dərc olunmuşdur -

Pakistanın “Election Times” qəzetində və elektron saytında “Qara Yanvar: Şəhidlik Günü” adlı məqalə dərc olunmuşdur

Məqalədə müəllif Qara Yanvar hadisəsinin region üçün ciddi geosiyasi, sosial-iqtisadi əhəmiyyətinin olduğunu və SSRİ-nin süqutunu tezləşdirdiyini qeyd edir. Dinc əhalinin atəşə tutulduğu, tankların qabağına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, digər millətlərin də nümayəndələrinin (ruslar, yəhudilər, tatarlar) olduğu 134 insanın həlak olduğu, 700 nəfərin yaralandığı vurğulanır.
Məqalədə Sovet İttifaqının son dövrlərində Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən azərbaycanlılara qarşı iğtişaşların törədildiyi və yüz minlərlə insanın öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldığı, Qorbaçov rejiminin isə buna qarşı bir tədbir görmədiyi və nəticədə Azərbaycan əhaisinin müxtəlif şəhərlərdə etiraz aksiyalarına başladığı qeyd olunur.
Məqalədə 20 Yanvar tarixinin həm dəhşətli cinayət, eyni zamanda isə qəhrəmanlıq günü, insanların müstəqillik uğrunda etdikləri fədakarlıqlarla xatırlandığı nəzərə çatdırılır. Azərbaycanın bu gün möhkəm və geriyə dönməz müstəqilliyə sahib olmasında 20 Yanvar şəhidlərinin müstəsna rolunun olduğu vurğulanır. Həmçinin, Qara Yanvarın azərbaycanlılar üçün “Şəhidlik” günü olduğu, hər il yüz minlərlə insanın Şəhidlər Xiyabanını ziyarət etdiyi bildirilir. Sovet rəhbərliyinin xalqın müstəqillik eşqini söndürə və əzmini sındıra bilmədiyi diqqətə çatdırılır.
Müəllif ümummilli lider Heydər Əliyevin Moskvada ikən baş vermiş hadisələrə öz qəti etirazını bildirdiyini və Azərbaycan xalqının azadlıq hərəkatının liderinə çevrildiyini vurğulayır. Eyni zamanda, 20 Yanvar hadisələrinin Sovet İttifaqının süqutunu sürətləndirdiyi, müstəqillik hərəkatını qüvvətləndiyi nəzərə çatdırılır.
Məqalədə, qanlı hadisələrdən sonra on minlərlə kişi və qadın, müsəlman, xristian və yəhudinin həmin gecənin qurbanlarını dəfn etmək üçün küçələrə çıxdığı və bundan sonra Azərbaycanda 40 günlük ümumi matəm və tətilin elan olunduğu diqqətə çatdırılır. Həmçinin, hadisəyə olan beynəlxalq reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların hesabatı vurğulanır.
Müəllif 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirir, təzyiqlərə və çətinliklərə baxmayaraq Azərbaycan xalqının əzmlə mübarizə apardığına və nəticədə 1991-ci ildə öz müstəqilliyinə qovuşduğuna diqqət çəkir.
Sonda, “Qara Yanvar”ın insan iradəsinin və əzminin dövlət terroruna qarşı üstünlüyünü simvolizə etdiyi və Azərbaycan xalqının ürəyindəki müstəqillik eşqinin qələbə çaldığı vurğulanır.
Onu da qeyd edək ki, “Qara Yanvar” mövzusuna Pakistanınn digər KİV-də də yer verilmiş, mövzu ilə bağlı ”Lead Pakistan”, “Pakistan in the World” qəzet və saytlarında müxtəlif məqalələr dərc edilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !