Hüseyn Kərimov : - 20 Yanvar - Tariximizin qəhrəmanlıq səlnaməsi + FOTO

Hüseyn Kərimov : 20 Yanvar - Tariximizin qəhrəmanlıq səlnaməsi + FOTO

Azərbaycan tarix boyu müstəqilliyini, azadlığını və istiqlalını qoruyub saxlamaq uğrunda keşməkeşli yollardan, çətinliklərdən və müharibələrdən keçərək, yağı düşmənlərə qarşı göz dağı olmuşdur. Bilmirəm nədən düşmənlərinin çox, dostlarının az olması Azərbaycanın taleyinə nəsib olub. Vətənini qoruyan qəhrəman Azərbaycan xalqı yadelli işğalçılara qarşı səfərbər olaraq, torpağı uğrunda canından keçərək şəhid olmağı özünün ən müqəddəs borcu saymışdır. Azərbaycana qarşı yönələn xain həmlələrə rəğmən, düşmənə daim layiqli cavab verilmişdir. Məmləkətimiz müxtəlif dövrlərdə ayrı -ayrı güclü dövlətlərin əsarəti altında olmağına baxmayaraq, xalqımızın əzmkarlığı, qəhrəmanlığı və mübariz ruhu heç vaxt sınmamışdır. 20-ci əsrin əvvəllərində və sonlarında erməni daşnakları və qızıl ordu tərəfindən Azərbaycan xalqına qarşı törədilən amansız vəhşiliklər və insanlığa sığmayan vandallıq millətimizin qan yaddaşına əbədi həkk olmuşdur. Əlbəttə vaxt gələcək etdikləri vəhşiliklərin qarşılığını onqat olaraq alacaqlar. Cəzaları mütləq veriləcək. Bu bizim şəhid olmuş qəhrəman övladlarımızın ruhları qarşısında müqəddəs borcumuzdur. 1990 -cı il 20 yanvarı - sovet ordusunun tankları, başdan -ayağa silahlanmış xüsusi təyinatlılar fövqəlada vəziyyət və xəbərdarlıq etmədən Bakı şəhərinə, dinc əhali üzərinə hücuma keçdilər. Böyükdən-kiçiyə, ziyalısı, fəhləsi, həkimi, müəllimi, təqaüdçüsü hətta kommunisti belə ağıllarına gətirmirdilər ki, sovet ittifaqının "rəhbəri" mixail qorboçov insanların qətli ilə bağlı orduya əmr verə bilər. Insanlar elə düşünürdü ki, tankların şəhərin ətrafında yerləşdirilməsi hücum deyil, sadəcə görüntü xarakteri daşıyır... Yanılmışıq... Şəhərə müxtəlif istiqamətlərdən ağır texnikanın şığıması, insanları çaşqın vəziyyətdə qoymuşdu. Bir anlığa göy üzərində sayrışan qırmızı güllələr bütün şəhəri al qana boyadı... Uşaq, qoca, qadın hər kəsi haqlayırdı bu xain güllələr. Eyvanından səsə çıxan, piyada, avtomobili ilə insanlara yardım edən, təcili yardım maşını bu vəhşilərin nişangahı olaraq güllələrə tuş gəldi. Ağır texnikanın və tankların insanların üzərinə yürüməsi, onları qovub əzməsi, sözlə ifadə olunmayan bu amansızlıq və dəhşət Azərbaycan xalqına qarşı törədilən ən böyük qəddarlıq və faciə kimi tarixə düşdü. Şəhidlərin, itkin düşmüşlərin və yaralananların sayı hesaba gəlmirdi o gecə... Sovet ordusunun qana susamış cəlladları Insanların sığınacaq tapmasına belə əngəl olaraq, heç kimə aman vermirdi... Axı millətimizə qarşı olan bu kin-küdurət və düşmənçilik hardan qaynaqlanırdı? Axı bizim günahımız nə idi? Görünən o idi ki, Azərbaycan xalqının azadlığa və müstəqilliyə qovuşması üçün sovet ittifaqından ayrılması tələbi və ermənipərəst "rəhbərə" göstərdiyi təpkisi heç cürə həzm olunmurdu. Elə bu səbəb sovet ittifaqının başında duran cəlladlara əsas verdi ki, Azərbaycan xalqının milli müstəqillik uğrunda apardığı mübarizəsini, hansısa bir ekstremist qrupun dövlət çevrilişinə cəhdi adlandıraraq ölkəyə hərbi kontingent yeridsin. Lakin bu işğal və qətliyam Azərbaycan xalqının mübarizliyini qıra bilmədi. əksinə daha da qətiyyətli edərək bir ideya üzərində, azad və müstəqil Azərbaycan ətrafında birləşdirdi. 20 yanvar hadisəsi Azərbaycan tarixinə faciə kimi deyil, qəhrəmanlıq səlnaməsi kimi daxil olmalıdır. Çünki o gecə insanlarımız bir əqidə uğrunda dünyanın ən qüdrətli ordusunun qarşısına əli yalın və başı dik çıxmışdılar. Bu cəsarətə və əqidəyə sahib olanların ruhları qarşısında hamımız baş əyirik. Onların qəhrəmanlıq şücaəti gələcək nəsillərimiz üçün bir örnək və məktəbdir. Ruhunuz şad olsun Azərbaycanın qəhrəman şəhidləri ! Əmin olun ki, miras qoyduğunuz müstəqil Azərbaycan etibarlı əllərdədir.

 

Hüseyn Kərimov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !