Azərbaycan Turizm və Menecment Universiteti Heydər Əliyev lektoriyasının növbəti məşğələsi 20 Yanvar faciəsinin 27-cı ildönümünə həsr olunub -

Azərbaycan Turizm və Menecment Universiteti Heydər Əliyev lektoriyasının növbəti məşğələsi 20 Yanvar faciəsinin 27-cı ildönümünə həsr olunub

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Heydər Əliyev lektoriyasının növbəti məşğələsi 20 Yanvar faciəsinin 27-cı ildönümünə həsr olunub.

Xalqımızın qanla yazılan şərəf tarixində baş verənlərin canlı şahidlərindən biri, ATMU-nun dosenti,tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı anma mərasimdə qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonunda Ermənistandakı tarixi ata-baba yurdlarından 250 min soydaşımızın deportasiyasına və Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyinə, hadisələrin təhlükəli istiqamətdə inkişafına etiraz olaraq Azərbaycan xalqı ayağa qalxdı. Milli azadlıq hərəkatını boğmaq, xalqın inam və iradəsini qırmaq məqsədilə imperiya rəhbərliyi yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritdi, əliyalın əhaliyə divan tutdu.28 il əvvəl-1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi ilə əlaqədar və bunun qarşısını alıb regionda vəziyyəti sabitləşdirmək məqsədilə Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Xüsusi İdarə Komitəsi “millətlərarası münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq və bu regionda vəziyyəti sabitləşdirmək” adı altında yaradılsa da, fərmanda göstərilənlərin əksinə olaraq bu komitənin fəaliyyətdə olduğu müddətdə DQMV-də vəziyyət daha da kəskinləşdi. Komitənin sədri A.İ.Volski vəziyyəti sabitləşdirmək deyil, əksinə gərginləşdirmək siyasəti yürütdü. Onun fəal “səyləri” nəticəsində az müddətdə vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycanın tabeliyindən çıxarılaraq mərkəzin tabeliyinə keçirildi. SSRİ hökuməti, xüsusilə onun başında duranların qətiyyətsizliyi və Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı.Nəticədə sovet rəhbərliyinin ermənipərəst siyasəti nəticəsində 1989-cu ilin sonu - 1990-cı ilin əvvəllərində vəziyyət daha da gərginləşdi. DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları səbəbindən yüzlərlə azərbaycanlı həyatını itirdi. SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. Bu dövrdə Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət Dağlıq Qarabağda azərbaycanlıları soyqırımına və təcavüzə məruz qoyub didərgin saldı. Azadliği,vətən sevgisini şərəf bilən soydaşlarımız 27 il əvvəl- yanvarın 19-dan 20-nə keçən gecə şər qüvvələrə yox deyib, Azərbaycanın müstəqilliyinə canları-qanları bahasına vəsilə oldular.Tarix qəhrəmanlıq səhifələrini təmannasız yazanlara borcludur.Bu baxımdan 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecəni unutmağa,unutdurmağa haqqımız yoxdur. Heydər Əliyev lektoriyasında “Qara və qırmızı”mövzusunda təşkil olunan anma mərasimi, bu günlər ATMU mediada yayınlanan videoçarx bizlərin yanvar şəhidlərinin ruhuna sonsuz ehtiram və sədaqətin ifadəsidir-desək səhv etmərik.

Azərbaycan Turizm və Menecment Universitetinin İnkişaf üzrə prorektoru professor İranə Əliyeva çıxışında diqqətə çatdırıb ki, vətən tarixinini şərəfləndirən şəhid övladlarımızın müqəddəs arzu və əməllərinə sadiqliyimizi təhsil uğurları ilə, yüksək ixtisaslı mütəxəssis kimi həyat məktəbinə hazırlamaqla sübut etməliyik.Bu bir faktdır ki,faciəyə hüquqi-siyasi qiymətin verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində məhz ümummilli lider Heydər Əliyevin xidmətli əvəzsizdir.

ATMU-nun Dillər kafedrasının müəllimi Xavər Almuradlı isə 20 yanvarın Adsız qəhrəmanlarına “ xalqımıza azadlığı qanları bahasına bəxş etdikləri üçün borcumuz sonsuzdur” - dedi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !