Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub - + FOTO

Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub + FOTO

Yanvarın 18-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

 

Mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın tarixində böyük əhəmiyyət daşıdığını söyləyib.

 

Vurğulanıb ki, faciə zamanı ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub. 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır.

 

Qeyd olunub ki, 20 Yanvar faciəsinə ilk hüquqi qiymət məhz ulu öndər Heydər Əliyev tərəfindən verilib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev həmin faciə zamanı həlak olanların ailələrinə və əlillərə qayğısını əsirgəmir.

 

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqili kompozisiya ilə davam edib.

 

Musiqili kompozisiyada bəstəkarlar Sərdar Fərəcovun nəfəsli orkestr üçün yazdığı “Vətən dara düşəndə” marşı, Elza Seyidcahanın “Şəhidlər” balladası, Azad Zahidin “Vətən sənin şəhidlərin”, “Bayraqtəpə qartalları” əsərləri, Rauf Əliyevin “Azadlığa gedən yollar” odası və Azər Dadaşovun “20 Yanvar” simfoniyası səsləndirilib.

 

Azərbaycan Dövlət Pantomima Teatrının bir qrup aktyoru Elza Seyidcahanın “Şəhidlər” balladası əsasında səhnədə çıxış ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !