20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub - + FOTO

20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub + FOTO

Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirdi.
Tədbirdə azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndi.
Kino Xidməti İdarəsinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirdiyi tədbir Azərbaycan xalqının azadlıq, müstəqillik və müharibə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuşdu.
Silahlı Qüvvələrin zabit və əsgər heyətinin iştirak etdiyi tədbirdə millət vəkili Vahid Əhmədov bildirdi ki, bir gün ərzində Bakıda 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800-dən artıq insan qanunsuz həbs edildi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan bu tarix azərbaycanda misli görünməyən faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutanlar şəhidlik zirvəsinə ucaldı.
Millət vəkili Asim Mollazadə çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq arzusunun oyanış günü olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qeyd olundu ki, bu gün uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz müstəqilliyi uğrunda qəhrəmanlıq, cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalqımızın həmin faciədə çəkdiyi iztirablara, verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, bu gün həm hüzn, həm də tariximizin şərəfli səhifəsi olmaqla, xalqımızın mübarizlik, qəhrəmanlıq tarixidir.
Sonda Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin hər il umumxalq hüzn günü kimi qeyd olunduğunu dedi. O, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik olduğunu vurğuladı. Bildirdi ki, on minlərlə insan sovet rejiminin ədalətsiz və riyakar münasibətinə etiraz əlaməti olaraq küçələrə çıxdı, haqq səsini ucaltdı.
Tədbirdə incəsənət ustaları Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, müğənni Eldəniz Məmmədov çıxış etdi. Bəstəkar- müğənni Elza Seyidcahanın “Şəhidlər balladası”na hazırlanmış kompozisiyası Azərbaycan Dövlət Pontomim Teatrının aktyorları tərəfindən ifa olundu.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş ssenari müəllifi və rejissor Gültəkin Nərimanın “Tarixin acısı-Qan yaddaşımız” adlı sənədli film nümayiş olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !