Akif Ağayev : - GÜLLƏ İŞIĞIYLA SAYRIŞAN SƏMA + FOTO

Akif Ağayev : GÜLLƏ İŞIĞIYLA “SAYRIŞAN” SƏMA + FOTO

AĞRILI XATİRƏLƏR


GÜLLƏ İŞIĞIYLA “SAYRIŞAN” SƏMA


1988-ci ilin noyabrı... İllərdən bəri ürəyimizdə gəzdirdiyimiz üç rəngli bayrağı qəlbimizdən çıxarıb, başımızın üstünə qaldırdıq. 15-20 min tələbənin etiraz dolu hay-küyü ilə meydana gəlmişdik. Bura toplaşanlar – tələbə və müəllimlər, yazıçı və şairlər, meydan liderləri – bir qismi Vətən üçün ölməyə, bir qismi isə nitq söyləməyə hazır idi. “Mənəm”lik ümumi, müqəddəs işdən yuxarıda dayananda, çoxusu “birinci” olmağa, daha çox alqışlanmağa can atırdı.


Hələ bilmirdik ki, dekabrın 5-də bu meydanda göy çadırlar dağılacaq, silahsız oğullar yad əsgərlərin çəkmələri altında tapdanacaq, dəyənəklər başımızda açılacaq. Hələ ruhu qırılmamış millət dağıdılmış meydandan çıxıb özünə qayıdırdı. Xoşbəxtliyi axtara-axtara böyük bir faciəyə doğru yol gəlirdik – dekabrın 5-dən 1990-cı ilin 20 yanvarına...


Yadımda güllə səsi, tank gurultusu, qara rəng kimi qalıb o tarix. Lenin (indiki Azadlıq ) prospektindəki kirayədə qaldığım mənzilin pəncərəsi yola baxırdı – hərbi qərargahla üzbəüz idi. Rövşən Mikayılovla semestr imtahanlarına hazırlaşırdıq. Gecə yarısı prospektlə üzü yuxarı, hərəkətin əks istiqamətində şütüyən maşınların aramsız siqnalları, qonşuların hay-küyü bizi çölə çıxmağa vadar etdi. “Dostluq” kinoteatrının qabağına xeyli adam toplaşmışdı. Bakının işıqlı güllələrlə “sayrışan” səması, şəhəri başına alan vahiməli, gurultulu səslər hamını çaş-baş salmışdı. Əliyalın cavanların üstünə ölüm çıləyən, xalqimiza matəm gətirən “şanlı sovet ordusu”nun vəhşiliyinə adamın inanmağı gəlmirdi.
Sarı “Volqa”dan (qabaq şüşədə “AXC” yazılmışdı) düşən dolu bədənli bəstəboy adamın dediyi də yadımdadır: “Postları möhkəmlədin, gəlirlər!” – Sual və təəccüb dolu baxışlar bir-birinə zilləndi. Hansı postu, necə və nə ilə möhkəmlədək... Qəribə səslənirdi. Başımız “müzakirə”yə qarışmışdı. “Muğan” mehmanxanasından bizə tərəf sürünən “qara kölgə”dən xəbərsiz idik.


– Nə durmusan, gəl gedək. Hamı dağılışıb. – Yuxudaymış kimi birdən ayıldım. Rövşəndən bu sözləri eşidəndə artıq gec idi, qaçmaq da olmazdı. Bizi vura bilərdilər. Çünki bu arada silahlı piyada dəstəsi yanımızdan keçirdi. Yaşlı rus zabitinin “Qorxmayın, sizə toxunmarıq” deməsi bizə toxtaqlıq gətirdi. Onlardan arxada qalmağa çalışırdıq ki, yaşadığımız binaya yaxınlaşaq. Binaya çatar-çatmaz yuxarı eyvandan silahlılara ünvanlanan sözlər “mujik”lərin ürəyincə olmadı: eyvan güllə-baran edildi. Elə zənn edirdik ki, əsgərlər rezin güllə və boş gilizlərdən istifadə edir. Lakin dəlik-deşik divarları görəndə yanıldığımızı hiss etdik.


Bir az irəlidə – Amerika səfirliyinin yanındakı 9 mərtəbəli bina da bu hala salındı. Biz isə öz binamızın giriş qapısında daldalanıb hadisələri izləyirdik. Hiddətimiz, qəzəbimiz tarıma çəkilsə də əlacsız idik. Prospektin yuxarı hissəsindən üzü aşağı yüksək sürətlə şütüyən, özünü ölümün altına atan “Jiquli”nin sürücüsü isə silahlı dəstəni əzib keçmək niyyətində idi. Lakin 60-70 nəfər 35-40 yaşlı bığlı-saqqallı, gözləri qızarmış əsgərdən ibarət “qutu” geri fırlanaraq həmin maşını güllə yağışına tutdu.
Gecənin zülmətində (işıqlar saat 23-dən sönmüşdü) ətrafa ölüm səpən zirehli texnikanın səsi isə bütün səslərə hakim idi...


Səhəri necə açdığımızı bilmədik. İnstituta getməli idim: imtahan günü idi. Hələ Solntsevo və R.Behbudov küçələrindəki “mənzərə”ləri demirəm. Xəstəxanalarda, ölüxanalarda itkin düşənləri axtarırdılar. Bu itkilər bir evin deyil, elin itkisi idi.


Evdə, küçədə, maşında qəfil gülləyə tuş gəlmiş uşaq, məktəbli, qadın və qocaların nə idi günahı? Politexnik institutunacan – yol boyu 145 nömrəli avtobusdan gördüyüm “ölüm səhnə”ləri ömrümün sonunacan yaddan çıxmaz. Tankların dəmir yığınına çevirdiyi əzik-üzük maşınlar, al qana boyanmış küçələr, yaralı-ölənlərdən qalmış qanlı paltarlar və s. Bakının matəmli hüsnünə, insanların simasına baxmaq olmurdu: solğun üzlər, mərd baxışlar...


İmtahan təxirə salınmışdı. Öyrəndim ki, tələbə yoldaşlarım Dağüstü parkdadır. Mən də şəhid oğul və qızların torpağa tapşırılacağı məkana yollandım. Axşamacan qəbirqazma və hörgü işlərində çalışanlara kömək etdim. Evə dönəndə narahat idim. Sanki qaldığımız mənzil də yükləndiyi qəmdən, kədərdən narahat idi. Çəkdiyimiz iztirabların ağrısı otağın daşına, divarına da keçmişdi. Üzbəüz hərbi qərargahda və pəncərə önündə “asayişi qoruyan” “eses”lərin vahiməsindən otaqda bərkdən danışa bilmir, radionun səsini alırdıq. Komendant saatının 24-dən qüvvədə olmasına baxmayaraq, hava qaralandan sonra ərzaq dalınca və s. yerə getmək təhlükəli idi. Necə ki, yanvarın 20-də axşam binamızın giriş qapısında lənkəranlı (Liman şəhərindən ) polis Telman Bağırovu qətlə yetirdilər.
Yanvarın 22-də Bakı öz şəhidlərini bir qanlı bayraq kimi başı üzərinə qaldırdı.

 


Akif VAQİFOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !