Ölkənin gələcək inkişafı biz gənclərdən asılıdır -

Ölkənin gələcək inkişafı biz gənclərdən asılıdır

Müsahibim Gəncə Dövlət Universiteti YAP Gənclər Birliyinin sədri Elmir Bağırovdur. O, Gəncə şəhərində anadan olub, 39 saylı tam orta məktəbi bitirib. Hərbi xidməti başa vurduqdan sonra Gəncə Dövlət Universitetinin pedoqoji fakültəsinə daxil olub. I kursda fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, sonra isə Universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilib. “İrəli” və “İDEA” İctimai Birliklərində fəaliyyət göstərib. 2014-çü ilin noyabr ayında Universitet YAP Gənclər Birliyinin sədri seçilib.

 

-Elmir, Universitet YAP Gənclər Birliyinin fəaliyyəti haqqında məlumat verərdiniz?

 

- Bu gün biz inkişaf etmiş, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətdə yaşayırıq. Ölkədə Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Hər sahədə görülən tədbirlər Azərbaycanın gələcəyinin inkişafına təkan verir. Qürur hissi ilə deyə bilərik ki, dinamik inkişaf edən Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının əhəmiyyətli rolu var. Partiya ölkəmizdə gənclərin inkişafı üçün bütün imkanları yaradıb. Bizim də vəzifəmiz Prezident cənab İlham Əliyevin apardığı dövlət siyasətini gənclərimizə düzgün şəkildə təbliğ etmək, partiyanın tövsiyə və tapşırıqlarını həyata keçirməkdən ibarətdir. Gənclərin ideoloji, eyni zamanda vətənpərvəlik tərbiyəsinin aşılanması məsələlərinə xüsusi önəm verir, çalışırıq ki, gənclərimiz hərtərəfli inkişaf etsin. Bu baxımdan gəncləri tədbirlərə cəlb edir, ictimai fəallıqlarına köməklik göstəririk.

 

-Fəal gənc necə olmalıdır?

 

- Fəal gənc məsuliyyətli, Vətənin təmsilçisi, təəssübkeşi, bu günün informasiya savaşçısı, sabahın döyüşən əsgəri və millətinin, xalqının aynası olmalıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir. Azərbaycan gəncliyi yüksək biliklərə, müasir dünyagörüşünə, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar. Universitetimizdə təhsil alan gənclərin demək olar ki, böyük qismi fəaldır. Birliyimizin hər bir üzvü dinamikliyi, fəallığı ilə fərqlənir, öhdəsinə düşən tapşırıqları layiqincə yerinə yetirməyə çalışırlar.

 

- Artıq 2016-ci il tarixə çevrildi və ölkəmiz üçün bir çox uğurlarla yaddaqalan oldu. GDU YAP Gənclər Birliyi 2016-cı ili necə başa vurdu?

 

- Ötən ildə YAP Gəncə şəhər Təşkilatının təşəbbüsü və iştirakı ilə Universitetdə silsilə tədbirlər, görüşlər keçirilib. Universitetin rektoru Yusif Yusibovun GDU YAP GB-nin idarə heyyəti ilə görüşləri, Ulu öndərə həsr edilən “Heydər Əliyev gənclərin gözü ilə” adlı inşa yazı müsabiqəsi,”Heydər Əliyev irsini öyrənirik” şahmat yarışı, mini futbol turniri, Heydər Əliyevin anım gününə həsr olunmuş “Qəlblərdə yaşayan insan” mövzusunda konfrans, 9 Noyabr- Bayraq Günü münasibəti ilə bayraq aksiyası, ağacəkmə kampaniyaları, təlimlər, elmi konfranslar, maraqlı viktorinalar xoş xatirələrə çevrilib. Gəncənin ali təhsil ocaqları arasında ilk dəfə olaraq Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilən “İlin tələbəsi” müsabiqəsindən danışmaq istərdim. İlk dəfə Gəncə Dövlət Universitetinin pedaqoji fakultəsinin tələbələri arasında keçirilən “İlin tələbəsi” müsabiqəsi zamanla bütün fakultələri əhatə edib və özünəgüvənən tələbələr bu müsabiqədə iştirak ediblər. Artıq 3 ildir keçirilən müsabiqənin məqsədi tələbələr arasında sağlam rəqabət yaratmaq, onların elmə, təhsilə marağını artırmaq, fərqlənən tələbələrin fəaliyyətini qiymətləndirmək və gənclərimizin istedadlarını üzə çıxarmaq olub. Qalib tələbələr hədiyyələr və fəxri fərmanla təltif olublar. Tələbələrin Universitetində son illərdə görülən işlərlə bağlı hazırladığı On/Off videoçarxı maraqla qarşılanıb. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi,YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyi, şəhər Gənclər və İdman Baş İdarəsi, “Gəncə Avropa Gənclər Paytaxtı” İctimai Birliyi, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Park Bulvar Kompleksinin və Məhsəti Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan “I Tələbə Festivalı” da uğurlu işlərimizdəndir. Layihənin əsas məqsədi gənclərdə incəsənətə marağın artması, mənəvi istirahətin formalaşması, şəhər səviyyəsində gənclərin təşəbbüskarlığı ilə festival ənənəsinin genişləndirilməsi olub. Festivalda tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunub. Eyni zamanda pedoqoji fakültənin tələbələri zəngin repertuarlı konsert proqramı ilə çıxış ediblər. Tələbələrimiz valideyn himayəsindən məhrum uşaqları da unutmur, tez-tez onların yanında olur, uşaqlar üçün müxtəlif oyunlar, yarişlar keçirir, əyləncəli proqramlar təşkil edirlər. Slavyan Universiteti ilə birgə keçirilən “Müasir mərhələdə Azərbaycanda multikultural dəyərlər” mövzusunda elmi-praktik konfrans da bizim uğurlu layihələrimizdəndir.

 

-Bir qədər də 2017-ci ildə GDU YAP Gənclər Birliyinizin planlarından danışardız?

 

-Yeni ili yeni, daha geniş tərkibli, kreativ, gənclərin tələblərinə cavab verən layihələrlə başlamaq istəyirik. “Tələbələrin I Forumunu” keçirmək niyyətindəyik.

 

- Ötən il ərzində Gəncə Avropa Gənclər Paytaxtı kimi fəaliyyət göstərdi, yerli və beynalxalq layihələrə ev sahibliyi etdi. Birliyinizin gəncləri bu mötəbər layihənin təşkil olunması və təbliği yönündə hansı addımlar atdı?

 

- Gənclərimiz bu mötəbər layihədə böyük həvəslə iştirak edib, xüsusi fəallıqları ilə fərqləniblər. Layihənin təbliği ilə bağlı sosial şəbəkədə media qrupu yaratdıq, 2016- cı il Avropa Gənclər Paytaxtının təbliği ilə bağlı paylaşımlar etdik, yeni dostlar qazandıq.

 

- Fəaliyyətiniz müddətində hansısa çətinliklərlə üzləşirsinizmi? Birlik sədri olaraq bu çətinliklərin, problemləri necə həll edirsiz?

 

- İstənilən sahədə çətinliklər olur. Gənclərlə iş olduqca maraqlıdır. Sadəcə bacaracağımıza inanıb, addımımızı atırıq. Cətinliklərlə üzləşəndə Universitetin rektoru Yusif Yusibovdan istədiyimiz dəstəyi ala bilmişik. Yusif müəllimin tez-tez biz gənclərlə görüşməsi, diqqət və qayğısı xeyir-duasını tələbələrin ictimai, siyasi, fəallıqlarının artırılmasına müsbət təsir edir.

 

-Fəal gənc kimi həmyaşıdlarınıza nəyi tövsiyə edərdiniz?

 

-Ölkənin gələcək inkişafı biz gənclərdən asılıdır. Savadlı və ictimai fəal gənclik gələcəkdə Azərbaycanı daha böyük uğurlara aparacaq. Buna görə hər birimiz üzərimizə düşən məsuliyyəti anlamalı, Azərbaycanın inkişafına çalışmalıyıq, bunun üçün də daima oxumalı, yorulmadan işləməli və öhdəliklərimizi layiqincə yerinə yetirməliyik. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !