İqtisadiyyat Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib -

İqtisadiyyat Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Yanvarın 13-də İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırladıb. Qeyd edilib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə xalqı daha da birləşdirib, mübarizliyini artırıb. S.Vəliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etdiyini, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyini bildirib. Məhz Ümummilli Liderimizin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Ulu Öndərimizin siyasi kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində geniş Tədbirlər Planı hazırlanaraq həyata keçirilir.
Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri barədə geniş məlumat verib, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıblar. Bildirilib ki, xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi Azərbaycansevərlərin qəlbində daim yaşayacaqdır.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş "Müqəddəs məkan" filmi nümayiş olunub.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !