Akif Ağayev : - ÖLÜMLƏ AZADLIQ HAQQINI ALDIQ

Akif Ağayev : ÖLÜMLƏ AZADLIQ HAQQINI ALDIQ

Min illik bir yolu qət edən gecə,
Qolumuz arxadan çatılan gecə,
Qəzəbdən qəlbimiz didilən gecə,
Ölümlə azadlıq haqqını aldıq.


Sayrışan güllələr şimşək tək çaxdı,
İgidlər köksünü yandırıb, yaxdı,
Qan deyil, torpağa eşq, sevgi axdı,
Ölümlə azadlıq haqqını aldıq.


Həqiqət büdrəyər, amma yıxılmaz,
Haqq üçün tökülən qan yerdə qalmaz.
Ölmədən yaşamaq, dirilmək olmaz,
Ölümlə azadlıq haqqını aldıq.


Ana, ağı deyib, saçını yolma!
Ata, dizlərini tutub qovrulma!
İblisi şad edib qüssədə qalma!
Ölümlə azadlıq haqqını aldıq.


Vətən acısını, bu ağır dərdi
Sözlə demək çətin – ölüm qədərdi.
Ölüm var əbədi ömür qədərdi,
Ölümlə azadlıq haqqını aldıq.


A.VAQİFOĞLU. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !