Gəncədə Süni Mərmər və Qranit İstehsalı zavodunun təməli qoyulub - + FOTO

Gəncədə “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməli qoyulub + FOTO

Dekabrın 26-da Gəncədə “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməli qoyulub.

 

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Adil Həsənov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev son illər şəhərdə həyata keçirilən abadlıq-yenidənqurma işlərindən danışıb, icrası davam etdirilən bir sıra layihələr haqqında məlumat verib.

 

İcra hakimiyyətinin başçısı qeyd edib ki, 2017-ci ildə Gəncə şəhərində bir neçə istehsal müəssisəsi fəaliyyətə başlayacaq, bəzilərinin isə təməli qoyulacaq.

 

“Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Adil Həsənov 37,5 hektar ərazidə yerləşəcək zavodun qapalı sahəsinin 50 min kvadratmetr olacağını vurğulayıb. Bu sahənin 2016-cı ilin mart ayında “NB Satınalma və Ticarət” MMC-yə verildiyini qeyd edən zavod direktoru bildirib ki, müəssisə Cənubi Qafqazda yeganə süni mərmər və qranit istehsal edəcək zavod olacaq. Müəssisənin məhsulları xaricə də ixrac ediləcək.

 

Qeyd edək ki, 2017-ci ilin noyabr ayında istehsala başlayacaq zavodda 400 nəfərdən çox işçi çalışacaq.

 

Fotolar AZƏRTAC-ındır 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !