Balakəndə Dini radikalizmlə mübarizədə ictimai qınaq faktoru mövzusunda tədbir keçirilib - + FOTO

Balakəndə “Dini radikalizmlə mübarizədə ictimai qınaq faktoru” mövzusunda tədbir keçirilib + FOTO

Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Balakən rayonu İtitala kənd dini icması tərəfindən həyata keçirilən “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti” layihəsi çərçivəsində “Dini radikalizmlə mübarizədə ictimai qınaq faktoru” mövzusunda tədbir keçirilib. Tədbirdə QMİ-nin Balakən rayonu üzrə qazısı Hacı İbrahim İbrahimov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov və şöbənin əməkdaşları, kənd sakinləri, dindarlar və ziyalılar iştirak ediblər.
Layihənin rəhbəri Hacıməhəmməd Əliyev çıxış edərək layihənin keçirilməsi üçün göstərdiyi köməkliyə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib. Çıxış zamanı layihə haqqında məlumat verərək qeyd edib ki, tarixən xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında İslam dininin böyük rolu olub.
Tədbirdə çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov qeyd edib ki, ölkəmiz İslam dininin ilk yayıldığı ölkələrdəndir. Ölkəmizdəki Şamaxı şəhər “Cümə” məscidi Qafqazdakı ən qədim məscid hesab olunur. Azərbaycan xalqının mədəniyyətində, maddi və mənəvi sərvətlərinin formalaşmasında İslam dininin böyük rolu olub. Xalqımızı formalaşdıran müxtəlif etnik qrupların, müxtəlif dinlərin və müxtəlif məzhəblərin nümayəndələrinin qarşılıqlı hörmətə əsaslanan birgəyaşayış mədəniyyətinin formalaşmasında sülh dini olan İslam həlledici rol oynayıb. Bu gün cəmiyyətimizdə mövcud olan bəzi dini qruplar xalqımızın birgəyaşayış və qarşılıqlı hörmətə əsaslanan həyat tərzini pozmağa çalışırlar.
Tədbirdə çıxış edən QMİ-nin Balakən rayonu üzrə qazısı Hacı İbrahim İbrahimov çıxışı zamanı bildirib ki, milli-mənəvi dəyərlərimiz bizi bir xalq kimi formalaşdıran və digər dünya xalqlarından fərqləndirən əsas cəhətlərimizdir. Biz əsrlər boyu həmin dəyərlərin daşıyıcısı olmuşuq. Cəmiyyətimizdə mövcud olan və başqa xalqların dəyərlərini əxz edən bəzi vətəndaşlarımız tarixən sahib olduğumuz dəyərlərimizə, mənəviyyatımıza, əxlaqımıza, milli və dini hisslərimizə qarşı əks-təbliğat aparmaqdadırlar. Biz də müqəddəs sayılan həmin dəyərlərimizi qoruyub gələcək nəsillərə ötürmək üçün bu cür təbliğatların qarşısını almalı, həmin təbliğata əks-təbliğatla cavab verməli, bu cür mənfi fikirlərin qarşısını almaq üçün cəmiyyətin qınağını həmin şəxslərə yönəltməliyik.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !