Şəkidə Multikultural cəmiyyətdə birgəyaşayışı şərtləndirən əsas amillər adlı tədbir keçirilib - + FOTO

Şəkidə “Multikultural cəmiyyətdə birgəyaşayışı şərtləndirən əsas amillər” adlı tədbir keçirilib + FOTO

Noyabrın 23-də Şəki şəhər Mərkəzi “Cümə” məscidi dini icmasının “Dini radikalizmlə mübarizə hər birimizin borcudur” layihəsi çərçivəsində “Multikultural cəmiyyətdə birgəyaşayışı şərtləndirən əsas amillər” adlı dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və əməkdaşı Elvin Qarayev, DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar Məcidzadə, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki şəhər Mərkəzi “Cümə” məscidinin imamları Əlyəsə Əslanov, Müşfiq Xəlilov, eləcə də Şəki İslam Mədrəsəsinin müəllim və tələbələri iştirak ediblər.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev tədbiri giriş sözü ilə açaraq mövzunun əhəmiyyəti barədə məlumat verib. G. Paşayev qeyd edib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir. Şöbə müdiri, həmçinin ölkəmizdəki tolerant və multikultural mühit barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Daha sonra çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar Məcidzadə qeyd edib ki, əsrlər boyu öz tolerantlığı ilə dünyaya örnək olmuş Azərbaycan bu gün də insani dəyərlərə, hüquqlara ən yüksək səviyyədə hörmət bəslənilən ölkə kimi tanınmaqdadır. A. Məcidzadənin sözlərinə görə, bütün bunların əsasında azərbaycanlıların hər zaman digər xalqların və dinlərin nümayəndələri ilə qardaşlıq, dostluq münasibətləri çərçivəsində birgə yaşaması dayanır. Xalq olaraq digər azsaylı xalqlara, onların adət-ənənələrinə, tarixinə hörmətlə yanaşmışıq. Natiq qeyd edib ki, respublikamızda heç zaman dini, milli və məzhəblərarası münaqişə baş verməyib. A.Məcidzadə Azərbaycanda həyata keçirilən dini radikalizmlə mübarizə tədbirlərindən də danışıb. O qeyd edib ki, dini radikalizm və ekstremizmlə mübarizədə hər bir vətəndaş, o cümlədən din xadimləri fəal iştirak etməlidirlər.
Tədbirdə, həmçinin çıxış edən Şəki şəhər Mərkəzi “Cümə” məscidinin imamları Müşfiq Xəlilov, Əlyəsə Əslanov və Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı dövlət başçısı cənab İlham Əliyevin Sərəncamını dövlətin dinə növbəti qayğısı kimi dəyərləndiriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !