Dövlət Komitəsinin sədri Qazaxıstan Respublikasının nümayəndə heyəti ilə görüşüb - + FOTO

Dövlət Komitəsinin sədri Qazaxıstan Respublikasının nümayəndə heyəti ilə görüşüb + FOTO

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qazaxıstanın Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Abzal Nukenovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Dövlət Komitəsinin sədri Azərbaycan-Qazaxıstan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edərək, dini məsələlərlə bağlı ölkələrimizin müvafiq qurumlarının əməkdaşlığının zəruri olduğunu vurğulayıb.
Dövlət Komitəsi barədə qonaqlara geniş məlumat verən Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşıldığını, dövlət tərəfindən İslam və qeyri-islam dini icmalarına mütəmadi maliyyə yardımı göstərildiyini bildirib. Ölkəmizin dünyəvi dövlət olmasına baxmayaraq, Prezident İlham Əliyev tərəfindən ayrı-ayrı dini icmalara münasibətdə heç bir fərqin qoyulmadığını önə çəkən Komitə sədri məhz bu münasibətin sayəsində Azərbaycanın zəngin tolerantlıq və multikultural dəyərlərinin qorunduğunu deyib.
Dövlət Komitəsinin səlahiyyətlərindən danışan Mübariz Qurbanlı Komitənin dövlətin din siyasətini həyata keçirdiyini, din sahəsində qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət etdiyini bildirib. O, həmçinin Dövlət Komitəsinin dini radikalizmə qarşı həyata keçirdiyi mübarizə tədbirlərindən danışıb.
Azərbaycanla qardaşlıq əlaqələrindən məmnunluqlarını bildirən Qazaxıstanın Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Abzal Nukenov Azərbaycanın din siyasətinin və dini radikalizmlə mübarizə sahəsində təcrübəsinin dərindən öyrənilməsində maraqlı olduqlarını bildirib. Qazaxıstanda adıçəkilən nazirliyin bir neçə aydır yarandığını deyən qonaq fəaliyyətlərinin qurulmasında Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iki ölkənin din siyasətini həyata keçirən qurumlar arasında əlaqələrin möhkəmlənməsinin vacibliyindən və birgə tədbirlərin keçirilməsindən bəhs edilib.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !