"Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda tədbir keçirilib + FOTO
Bu xəbəri paylaş
Noyabrın 18-də Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon Təhsil Şöbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Laçın Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda tədbir keçirilib.
Tədbirdə Laçın RİH başçısının birinci müavini Tofiq Mirzəyev, Laçın RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov və şöbənin əməkdaşları, Laçın rayonunun axundu Əsgər Məmmədov, təhsil işçiləri və şagirdlər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Laçın RİH başçısının birinci müavini Tofiq Mirzəyev rayonda dövlət və din münasibətləri istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzə ilə çıxış edərək ölkəmizdə dini radikalizm və dini ekstermizm hallarına qarşı mübarizənin tam təmin edildiyini diqqətə çatdırıb. Şöbə müdiri mövcud qanunvericilik bazasına uyğun olaraq ölkəmizdə istənilən vətəndaşın istədiyi dinə sitayiş etməsinə şərait yaradıldığını qeyd edib.
Tədbirdə, həmçinin DQİDK-nın əməkdaşı Tərxan Paşazadə, Laçın RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə və başqaları çıxış ediblər.