Prezidentin Sərəncamı uğurla icra olunmaqdadır - + FOTO

Prezidentin Sərəncamı uğurla icra olunmaqdadır + FOTO

Noyabrın 16-da Qobustan rayonu Hilmilli kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Multikultural cəmiyyətdə birgəyaşayışı şərtləndirən əsas amillər” adlı dini maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Vüsal Məhərrəmov, dini icmanın sədri Çingiz Babaşov, Rayon İcra Hakimiyyəti başçısının Hilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Bayramov, Hilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının sədri Tsapleva Yekaterina Nikolayevna, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov ölkədə hökm sürən tolerant və multikultural mühitdən danışaraq Qobustan rayonunda azsaylı xalqların dostluq və mehriban qonşuluq şəraitində birgə yaşamasından geniş söhbət açıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etməsini qeyd edərək son dövrlər bu sahədə görülən işlərdən danışıb. O, Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim olunmasından danışaraq, dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə üç səmavi dinin, eyni zamanda müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olmasını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, Rayon İcra Hakimiyyəti Başçısının Hilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Bayramov, Hilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının sədri Tsapleva Yekaterina Nikolayevna milli-mənəvi dəyərlərin gənclər arasında təbliğinin vacibliyindən danışaraq, rayondakı multikultural mühitin mövcudluğuna dair konkret nümunələr göstəriblər. Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !