Balakəndə Xalqımızın milli-mənəvi dəyəri kimi tolerantlıq mövzusunda tədbir keçirilib - + FOTO

Balakəndə “Xalqımızın milli-mənəvi dəyəri kimi tolerantlıq” mövzusunda tədbir keçirilib + FOTO

Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Balakən şəhər “Mərkəzi Cümə” məscidində “16 noyabr Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Xalqımızın milli-mənəvi dəyəri kimi tolerantlıq” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov bildirib ki, İslam dini tarixən dilindən, irqindən və sosial mənsubiyyətindən asılı olmayaraq bütün müsəlmanları bir bayraq altında birləşdirib. İslam dini digər səmavi dinlərin nümayəndələrinə də insanpərvərlik prinsiplərinə zidd davranmağı qadağan edib.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov çıxış edərək, Azərbaycanda tolerantlıq və multikulturalizm dəyərlərinin xalqımızın böyük mənəvi sərvəti olduğunu və dünyanın bir çox qabaqcıl ölkəsinin universitetlərində bu dəyərlərimizin bir fənn kimi tədris olunduğunu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsnin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev çıxışında ölkəmizdə səmavi dinlərin, müxtəlif millətlərin və məzhəblərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşamağından bəhs edib. Qeyd edib ki, ölkə qanunvericiliyində, eləcə də əhali arasında bir dinin, məzhəbin və millətin digəri üzərində hər hansı bir üstünlüyü yoxdur. Bu cəhətlər Azərbaycan xalqını digər dünya xalqlarından fərqləndirən dərin milli-mənəvi dəyəridir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !