Gəncə şəhərində Vətənin müdafiəsinə hazıram! mövzusunda tədbir keçirilmişdir - + FOTO

Gəncə şəhərində “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir + FOTO

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, 11 noyabr 2016-cı il tarixdə Gəncə Şəhər İcra hakimiyyəti, Kəpəz, Nizami, Samux və Kəlbəcər Rayon İcra hakimiyyətləri ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Samux Rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev, Kəlbəcər Rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov, Kəpəz və Nizami Rayon İcra hakimiyyətlərinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan gəncliyinin daim vətənpərvərliyi ilə fərqləndiyini qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov bildirdi ki, aprel döyüşləri Silahı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı azad etmək gücünə qadir olduğunu bird aha sübut etdi.
Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev müasir dövrdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin böyük əhəmiyyət daşıdığını və bu sahədə həyata keçirilən işlərin müsbət nəticələr verdiyini vurğuladı.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi xidmətə hazırlanması istiqamətində uğurlu fəaliyyət göstərdiyini qeyd etdi.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Nizami, Kəpəz, Samux və Kəlbəcər rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !