Milli Şura Gəncədə Gənclər Təşkilatlarının Beynəlxalq Təmsilçiliyi və Gənclər Mübadiləsi mövzusunda panel sessiyası keçirir -

Milli Şura Gəncədə “Gənclər Təşkilatlarının Beynəlxalq Təmsilçiliyi və Gənclər Mübadiləsi” mövzusunda panel sessiyası keçirir

Bu gün “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi çərçivəsində Avropa Gənclər Paytaxtı Gəncə şəhərində “Gənclər Təşkilatlarının Beynəlxalq Təmsilçiliyi və Gənclər Mübadiləsi” mövzusunda panel sessiyası keçirilir.

 

“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsinin əsas məqsədi gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaq, Avropa Gənclər Fondu, Avropa Gənclər Forumu və digər beynəlxalq platformalar ilə daha yaxından tanış etmək, beynəlxalq layihələrin həyata keçirilməsi üçün Avropa Gənclər Fondunun qrant müsabiqələrinə müraciət qaydalarının öyrədilməsi, BMT Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığa dair ətraflı məlumatın verilməsidir.

 

Panel sessiyasında ilk öncə layihə haqqında iştirakçılara ümumi məlumat veriləcək. Daha sonra ekspertlərin iştirakı ilə Avropa Şurasının gənclərlə iş sahəsində təcrübəsi, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və gənclərin DİM-lərin təbliği ilə bağlı müzakirələr keçiriləcək. Eləcə də, sonda ekspertlər gəncləri maraqlandıran sualları cavablandıracaq lar və mövzu ətrafında öz təcrübələrini bölüşəcəklər. Qeyd edək ki, “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi Gənclər Təşkilatları Milli Şurası və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramı çərçivəsində ilk dəfə olaraq beynəlxalq təlim kursu formatında xarici ekspertlərin iştirakı keçirilir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Avropa Gənclər Forumu, BMT-nin Əhali Fondu və “AİESEC Qlobal”-ın tərəfdaşlığı ilə həyata keçirilir.

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov qeyd edib ki, Milli Şura fəaliyyəti ərzində əsas istiqamətlərindən biri olan gənclər təşkilatlarının institutunun gücləndirilməsi çərçivəsində müxtəlif proqramlar və tədbirlər keçirməkdə davam etməkdədir. “Bunlardan biri Gənclər və İdman Nazirliyi ilə birlikdə həyata keçirilən “QHT İdarəetmə Akademiyası” (QİDA) proqramıdır. 2013-cü ildən start verilən QİDA proqramının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olunması, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsidir. Biz bu proqram çərçivəsində bu günədək 73 gənclər təşkilatından 550 gəncin iştirakı ilə 55 müxtəlif təlim təşkil etmişik. Qeyd edim ki, proqram çərçivəsində ilk dəfə olaraq xarici ekspertlərin iştirakı ilə beynəlxalq təlim kursu formatında layihə keçiririk. Mən inanıramki üzv təşkilatlarımız beynəlxalq ekspertlərin təcrübələrindən faydalanacaqlar və gələcəkdə öz təcrübələrini digər gənclərlə bölüşəcəklər”.
Məlumat üçün qeyd edək ki, “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi çərçivəsində Bakı şəhərində 3 gün ərzində təlimlər keçiriləcək. Təlimlər “İctimai vəkillik və lobbiçilik”, “Avropa Fondları vasitəsi ilə Fandreyzinq” və “Davamlı İnkişaf Məqsədləri və Gənclər Təşkilatlarının BMT-də rolu” adlı mövzuları əhatə edəcək. Təlimlər zamanı beynəxalq ekspertlər tərəfindən mövzu ətrafında ilkin biliklər veriləcək. Daha sonra gənclər mövzu ilə bağlı qrup işlərində iştirak edəcəklər. Təlimlərin sonunda bağlanış mərasimində gəclərin təltifetmə mərasimi baş tutacaq.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası öz məqsəd və vəzifələrinə çatmaq, gənclərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının inkişafı və missiyasına çatmaq üçün 2013-cü ildə “3G” (“G” - Gənclər) strategiyasını qəbul edib. “3G” strategiyası özündə 3 əsas prioritet istiqaməti birləşdirir. Bunlar, gənclər siyasətinə dəstək, gənclərin əməkdaşlıq imkanlarının artırılması və gənclər təşkilatları institutunun gücləndirilməsi.3G strategiyasının gənclər təşkilatları institutunun gücləndirilməsi istiqaməti çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə 2013-cü ildən start götürən “QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramını həyata keçirir. QİDA proqramı çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !