II AZƏRBAYCAN ELM FESTİVALI ÖZ İŞİNƏ YEKUN VURUB - + FOTO

II AZƏRBAYCAN ELM FESTİVALI ÖZ İŞİNƏ YEKUN VURUB + FOTO

Noyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən İkinci Azərbaycan Elm Festivalı Gəncə şəhərində öz işinə yekun vurub.
Əvvəlcə festival iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra onlar Miniatür Kitab Muzeyinin Gəncə filialı, eləcə də “Qədim və müasir elm, mədəniyyət mərkəzi Gəncə” adlı sərgi ilə tanış olublar. Sərgidə elmin müxtəlif sahələri üzrə qazanılan uğurlardan bəhs edən tarixi-sənədli film də göstərilib.
Festival Gəncə Şəhər İcra Hakimiyyətinin böyük iclas zalında davam etdirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Elm Festivalının ölkəmizdə elm sahəsində qazanılan uğurların təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, bu gün fəaliyyət göstərən AMEA-nın Gəncə Bölməsi şəhərin və ətraf rayonların iqtisadi potensialının elmi əsaslarla araşdırılmasında böyük rol oynayır.
Gəncənin həm də 2016-cı ildə Avropanın Gənclər Paytaxtı olduğunu vurğulayan Elmar Vəliyev, hər il olduğu kimi, bu il də şəhərdə keçirilən müxtəlif festivalların xalqımıza xas zəngin tarixi-mədəni irsin təbliğində önəmini diqqətə çatdırıb.
Sonra festivalda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, elm festivalının keçirilməsində məqsəd ölkədə elmin təbliğ edilməsi, elm və təhsilin inteqrasiyasının təmin edilməsi, eləcə də aparılan elmi araşdırmaların nəticələrinin təcrübədə tətbiqinə nail olmaqdır. Akademik tibb sahəsində qazanılan nailiyyətlərdən bəhs edərək qeyd edib ki, hazırda tibb elminin sürətli inkişafı ilə bir sıra xəstəliklərin müalicəsində böyük uğurlar qazanılıb. Yaxın gələcəkdə tibb elminin qarşısında duran əsas vəzifələr haqqında məlumat verən akademik Əhliman Əmiraslanov son dövrlərin tibbi nailiyyətləri olan müxtəlif orqanların transplantasiyasından, onkologiya sahəsində qazanılan uğurlardan danışıb. Festival iştirakçılarına molekulyar biologiya və biotexnologiyalar sahəsində əldə olunan nəticələr barədə də məlumat verilib.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxışında festivalın elm və cəmiyyət arasındakı dialoqun qurulmasına xidmət etdiyini söyləyib. O, İkinci Elm Festivalının Gəncə şəhərində keçirilməsinin əlamətdar hadisə olduğunu və Gəncə elminin inkişafına böyük töhfə verəcəyini bildirib.
Sonra Festivalın fəxri qonaqlarından olan Ümumrusiya Elm Festivalının direktoru Leonid Qusev müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanmasının, onların düzgün istiqamətləndirilməsi və dəstəklənməsinin vacib olduğunu qeyd edib. O, alim və mütəxəssisləri bu prosesdə fəal iştirak etməyə çağırıb.
Daha sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və digərləri çıxış edərək festivalın əhəmiyyətindən danışıb, elmin ayrı-ayrı sahələrində əldə olunmuş yenilikləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Festival çərçivəsində AMEA-nın Gəncə Bölməsində, Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Universitetində elmi-populyar mühazirələr dinlənilib, muzeylərə, elmi laboratoriyalara və emalatxanalara ekskursiyalar təşkil olunub.
Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs ansamblının üzvləri və ABŞ-ın “Acidic Band” musiqi qrupu festival iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !