Gəncədə Gənclər-İnnovasiyalar-Kitabxanalar Azərbaycan-Rusiya elmi-praktiki konfransı keçiriləcək -

Gəncədə “Gənclər-İnnovasiyalar-Kitabxanalar” Azərbaycan-Rusiya elmi-praktiki konfransı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” 24 fevral 2016-cı il tarixli 1805 nömrəli Sərəncam imzalamışdır.

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sərəncamın icrasını təmin etmək üçün Gəncə şəhərində müxtəlif mədəni tədbirlərin keçirilməsi məqsədilə tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən Nazirliyin, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə cari ilin 02-03 noyabr tarixində Gəncə şəhərində “Gənclər-İnnovasiyalar-Kitabxanalar” Azərbaycan-Rusiya elmi-praktiki konfransı keçiriləcəkdir.

 

Elmi-praktiki konfransda Rusiya Federasiyasının kitabxana-informasiya sahəsində tanınmış mütəxəssisləri Vadim Stepanov, Aleksandra Vaxruşeva, Vladimir Lyutetski, Yekaterina Popova, Olqa Andon və Pavel Pelevin iştirak edəcəklər.

 

Konfransın proqramına Azərbaycan və Rusiyanın bu sahədə yüksək təcrübəyə malik peşəkar mütəxəssislərinin birgə iştirakı ilə iki gün ərzində diskussiyaların, interaktiv elmi debatların aparılması, “dəyirmi masa”ların keçirilməsi, qabaqcıl təcrübəyə və kitabxana-informasiya sahəsində tətbiq olunmuş yeniliklərə əsaslanan mülahizələrin edilməsi və aktual məsələlər üzrə müzakirələrin aparılması daxil edilmişdir.

 

Konfrans respublikanın müxtəlif kitabxanalarında çalışan gənc kitabxanaçılar üçün mütərəqqi bilik və vərdişlərin mənimsənilməsi, innovativ metodların öyrənilməsi və təcrübə mübadiləsinin aparılması baxımından əməli-praktiki əhəmiyyətə malik olacaqdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !