Yerli Proqramı çərçivəsində növbəti silsilə təlimlər Gəncə-Qazax iqtisadi rayonunu əhatə edib - FOTO

“Yerli” Proqramı çərçivəsində növbəti silsilə təlimlər Gəncə-Qazax iqtisadi rayonunu əhatə edib FOTO

“Yerli” Proqramının növbəti maarifləndirmə tədbirləri Gəncə-Qazax iqtisadi rayonunda baş tutub. 21-23 oktyabr 2016-cı il tarixlərində keçirilən tədbirlər Qazax, Ağstafa, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarında Hakimiyyətləri və Gənclər və İdman İdarələrinin dəstəyi ilə 200-ə yaxın gənci əhatə edib.

 

“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

 

Qazax və Şəmkir rayonlarında təşkil olunan "Tariximizin izi ilə" mövzusunda intellektual yarış ARGTMŞ-ın üzvü olan "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib. Tədbir kənd gənclərini intellektual oyunlara cəlb etmək, Azərbaycan tarixinin gənclər arasında təbliği və asudə vaxtının səmərəli keçirməsi məqsədilə təşkil olunub. Tədbirdə Qazax rayonunun Daşsalahlı, Çaylı, Hüseynbəyli, Ağköynək, Fərəhli və Şəmkir rayonunun Düyərli, Zəyəm Cırdaxan, Şiştəpə, İrmaşlı, Dəlilər qəsəbə və kəndlərin gəncləri iştirak edib.

 

Ağstafa rayonunun Dağkəsəmənli, Gədəbəy rayonunun Miskinli, Samux rayonunun Çobanabdallı, Göygöl rayonunun Mollacəlilli kəndlərində keçirilən təlimlər "Layihələrinin yazılması və idarə olunması" mövzusunu əhatə edib. Təlimlər zamanı kənd gənclərinə layihələrin yazılması ilə bağlı ilkin biliklər verilib, daha sonra mövzu ətrafında iştirakçıları maraqlandırılan suallar cavablandırılıb və müzakirələr aparılıb.

 

Qeyd edək ki, “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində onlayn platforma əsasında ARGTMŞ-ın üzv təşkilatlarının əməkdaşlıq üçün müraciətləri qəbul olunur, müraciətlər proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən üzv təşkilat nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanır. Bu müqavilə əsasında ARGTMŞ-la əməkdaşlıq çərçivəsində üzv təşkilatların cari fəaliyyətlərinin Azərbaycanın kəndlərində keçirilməsinə şərait yaradılır. Gənclər təşkilatları müraciət etmək üçün yerli.nayora.az portalına daxil ola bilərlər.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı start verib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !