AZƏRBAYCAN-XORVATİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR -

AZƏRBAYCAN-XORVATİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Oktyabrın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Sədr Ali qonağı səmimi salamlayaraq, ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyətli olacağına inamını ifadə etdi. Qeyd edildi ki, Xorvatiya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən biridir. Sevindirici haldır ki, əlaqələrimizin inkişaf etdirilməsi üçün qarşılıqlı siyasi iradə vardır. Ölkələrimizin zəngin və keşməkeşli tarixində oxşarlıqlar çoxdur. Biz ərazilər baxımından da çox fərqlənmirik. Təxminən eyni vaxtda müstəqilliyimizi bərpa etmişik, siyasi və iqtisadi islahatların aparılması nəticəsində böyük uğurlara imza atmışıq. Hər iki ölkə zorla qanlı müharibələrə cəlb olunmuşdur. Bunun acı nəticəsini bu gün də his edirik.
Söhbətdə Sədr dedi ki, Azərbaycan Prezidenti Xorvatiya ilə əlaqələrin inkişafına böyük önəm verir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı 20 sənəd imzalanmış, 13-ü üzərində isə iş davam etdirilir. Bu sənədlər arasında 2013-ci ildə imzalanmış strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi xüsusi vurğulandı. Bu sənəd ölkələrimiz arasında ələqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənməklə yanaşı Dağlıq Qarabağ münaqişəsinin BMT-nin qətnamələri əsasında sülh yolu ilə həllinə əhəmiyyətli yer ayrılmışdır.
Spiker yüksək səviyyəli siyasi dialoqun iqtisadi münasibətlərimizin inkişafına da müsbət təsir göstərəcəyinə inamını ifadə etdi. Bu sahədə fəallığın artırılması üçün biznes forumların keçirilməsi önəmlidir. Təqdirə layiq haldır ki, sabah Bakıda növbəti belə bir forum keçiriləcəkdir.
Sədr əlaqələrimizin dərinləşməsində parlamentlərin əhəmiyyətli rol oynadıqlarına diqqət çəkdi. Bildirildi ki, hər iki ölkənin qanunveriçilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Zənnimizcə, deputatların qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq qurumlarda onların görüşləri ümumi işin xeyrinə olardı. Spiker Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini və Cənub Qaz Kəmərinin reallaşmasının Avropanın enerji xəritəsinin dəyişəcəyini söylədi. Qeyd edildi ki, Xorvatiyanın da bu lahiyədə iştirakı TANAP və TAP kimi qaz kəmərlərinin Şərqi Avropa ölkələri üçün necə əhəmiyyət daşıdığının göstəricisidir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, Prezident kimi ölkəmizə ilk dəfə səfər etdiyini və Xorvatiyanın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğuladı. Qeyd edildi ki, strateji tərəfdaş kimi Xorvatiya Dağlıq Qarabağ problemi ilə əlaqədar Zaqreb Bəyannaməsində öz əksini tapmış prinsiplərə sadiqdir və problemin beynəlxalq hüquq normaları cərcivəsində, dialoq yolu ilə həllinə tərəfdardır. Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən Ali qonaq iqtisadi əlaqələləri də inkişaf etdirməyin zamanın tələbi olduğunu söylədi. Bildirildi ki, təkcə enerji sahəsində deyil, mədəniyyət, elm-təhsil, tikinti, gəmiqayırma, telekommunikasiya, kənd təsərrüfatı və turizm sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar vardır. Qonaq münasibətlərimizin dərinləşməsində parlamentlərin rolunu xüsusi vurğulayaraq, deputatların qarşılıqlı səfərlərini və mütəmadi görüşlərini önəmli hesab etdi.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Xorvatiyadakı səfiri Kamil Xasiyev, Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviç və digər rəsmi şəxslər iştirak edirdilər.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !