Heydər Əliyev sarayı Ələkbər Tağıyevin mahnılarından ibarət Mənim dünyam adlı konsert proqramı təqdim edib - FOTO

Heydər Əliyev sarayı Ələkbər Tağıyevin mahnılarından ibarət “Mənim dünyam” adlı konsert proqramı təqdim edib FOTO

Sentyabrın 29-da Heydər Əliyev Sarayında tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi mahnılardan ibarət konsert proqramı təqdim edildi. “Mənim dünyam” adlı konsert proqramında, respublikamızın sevilən və populyar sənətkarları Xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Zakir Əliyev, Yadigar Muradov, tanınmış müğənnilər Nazim , Tacir Şahmalıoğlu, Mirkamil Mirkamilov, Könül Məmmədli və Yaşar Muradov iştirak ediblər.

 

Müğənniləri səhnədə Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşayiət edib. Əməkdar artist Azad Şükürovun aparıcılığı ilə keçən konsert proqramında müğənnilər unudulmaz bəstəkarla bağlı xatirələrini bölüşüb, dillər əzbəri olan bəstələrini ifa ediblər. Gecəyə ifaçıların birgə ifasında sözləri Xalq şairi Səməd Vurğuna məxsus olan “Azərbaycan” mahnısı ilə yekun vurulub.

 

Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Ələkbər Tağıyev mahnı yaradıcılığı dövründə görkəmli sənətkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarova, Xalq artistləri Məmmədbağır Bağırzadə, Nisə Qasımova və digərləri ilə əməkdaşlıq edib. Ələkbər Tağıyevin mahnıları bu sənətkarların yaradıcılığında xüsusi yer tutub. Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları xarici müğənnilərin repertuarına daxil olub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !