"Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası çərçivəsində növbəti tədbir keçirilib - FOTO

"Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası çərçivəsində növbəti tədbir keçirilib FOTO

Müdafiə Nazirliyinin yeni layihəsi - "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası davam edir. Aksiya çərçivəsində növbəti tədbir Şəmkir rayonundakı "N" saylı hərbi hissədə keçirilib.
Əsgər klubuna toplaşan hərbi qulluqçular, müharibə veteranları, el ağsaqqalları, şəhid ailələrinin üzvləri və məktəblilər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanları hörmət və ehtiramla yad etdikdən sonra aksiyanın layihə müəllifi polkovnik Abdulla Qurbani növbəti tədbirin "Topçu İsgəndər" kimi tanınan Azərbaycanın Milli Qəhrəmanı, şəhid baş leytenant İsgəndər Aznaurovun xatirəsinə həsr olunduğunu və anım mərasimində qəhrəmanın ailə üzvlərinin də iştirak etdiklərini bildirib.
Qeyd olunub ki, İsgəndər Söhrab oğlu 60 il öncə Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra bir çox ahısqa türk ailəsi kimi onların ailələri də Azərbaycana pənah gətirib və Şəmkir rayonunda məskunlaşıblar.
1992-ci ildən Azərbaycan ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşub, Mutudərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə şəxsi şücaət nümunələri göstərib.
1993-cü ilin baharında şəhid olan türk oğluna layiq olduğu fəxri ad yalnız iki il sonra ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə verilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunub.
Dövlətimiz şəhid İsgəndər Aznaurovun xidmətlərini yüksək qiymətləndirib. İndi onun adına yaşayış məntəqəsi, küçə və məktəb var. Vaxtilə döyüşdüyü səngər bu gün "İsgəndər qalası" adlanır və igid oğullarımız bu qalanın keşiyində ayıq-sayıq dayanaraq düşmən hücumlarının qarşısını mərdliklə alırlar.
General-mayor Gəray Bağırov qonaqları hərbi hissənin komandanlığı adından salamlayaraq onlara səmimi arzularını bildirib. O, tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən avqust ayında Milli Qəhrəmanımızın 60 illik yubileyi yüksək səviyyədə qeyd olunub. Xidmət etdiyi hərbi hissədə görkəmli elm xadimlərinin, millət vəkillərinin, döyüşçü dostlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə büstünün təntənəli açılışı olub. İsgəndər qalasında yubiley tədbiri keçirilib. Döyüş və mənəvi-psixoloji hazırlıq əlaçılarından bir qrupu yeni təsis olunmuş İsgəndər Aznaurov adına mükafatlarla təltif edilib. Bu gün Silahlı Qüvvələrimizdə yüzlərlə, minlərlə İsgəndər kimi qəhrəman oğullar vardır və onlar aprel döyüşləri zamanı düşmənin layiqli dərsini verərək xalqımıza qələbə sevinci bəxş ediblər. İsgəndər Aznaurovun qanı çilənmiş zirvələr bu gün etibarla qorunur.
Gəncə Qarnizonu Zabitlər Evi yaradıcılıq studiyasının istehsalı olan "Qəhrəmanın yubileyi" sənədli filmi tamaşaçılarda böyük maraq oyadıb.
Şəmkir rayonunda ahısqa türklərinin məskunlaşdıqları İsgəndərli (qəhrəman türk oğlunun şərəfinə adlandırılıb) qəsəbəsinin ağsaqqalı 86 yaşlı Binəli dədə Azərbaycan əsgərinə məsləhətlər verib, öyüd-nəsihətlərini çatdırıb. Tədbir iştirakçıları Binəli babanın Dədə Qorqudsayağı çıxışını ayaqüstə alqışlarla qarşılayıblar.
Şair Mikayıl Əliyev (o da ahısqa türküdür) qəhrəman İsgəndərə həsr etdiyi elegiyanı göz yaşları ilə oxuyaraq tədbir iştirakçılarına da duyğulu anlar yaşadıb.
Milli Qəhrəmanın döyüşçü dostlarından Adil Məmmədov, Sənan Quliyev və başqaları İsgəndər Söhrab oğlu haqqında unudulmaz xatirələrini danışıblar.
İsgəndərli qəsəbəsinin və Kür qəsəbə İsgəndər Aznaurov adına orta məktəbinin şagirdləri türk oğlu, Azərbaycan qəhrəmanı haqqında şeirlər söyləyib, mahnılar ifa ediblər.
"Türk oğlu - Azərbaycan qəhrəmanı" adlı video-çarx nümayiş etdirilib.
Gülxanım Aznaurova həyat yoldaşının xatirəsinin əziz tutulduğuna, adının əbədiləşdirildiyinə, ailəsinə həmişə diqqət və qayğı göstərildiyinə görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və bütün Azərbaycan xalqına dərin minnətdarlığını bildirib.
Tədbirdə iştirak etmək üçün Türkiyədən Şəmkirə gəlmiş qəhrəmanın qızı Zuina Aznaurova "Belə bir xalq, belə bir millət, belə bir Vətən uğrunda biz üç bacı da canımızdan keçməyə hazırıq. Kim çətin zamanlarda ona qucaq açmış bir məmləkətin düşmənlərinə qarşı vuruşmaz? Kim bu Vətənin, bu torpağın uğrunda canından keçməz? Babamız haqq yolunda, ədalət yolunda şəhid oldu. Biz fəxr edirik ki, babamız Bakıda Şəhidlər Xiyabanında uyuyur. Bu torpaqlara babamızın qanı hopub. Bu torpaq bizim də Vətənimizdir!", - deyərək kövrəlib və uzaqlarda olsa da Azərbaycan əsgərinin hər qələbə sorağından qürurlandığını bildirib.
"İsgəndər qalası"nın müdafiəçiləri adından çıxış edən əsgər Pərviz Lətifov qonaqları və bütün tədbir iştirakçılarını əmin edib ki, qəhrəman İsgəndərlərin davamçıları öz mövqelərində sərvaxtdırlar və qarşılarına qoyulmuş hər hansı bir döyüş tapşırığını, hücum əmrini yerinə yetirməyə həmişə hazır və qadirdirlər.
Qəhrəmanın ailə üzvlərinə xatirə hədiyyələri təqdim edilib.
Tədbir başa çatdıqdan sonra qəhrəmanın ailə üzvləri və bir qrup iştirakçı "İsgəndər qalası"nın igid müdafiəçiləri ilə görüşmək üçün bir zamanlar onun xidmət etdiyi hərbi hissəyə yollanıblar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !