Naxçıvanlı boksçu turnirdə bürünc medal qazanıb -

Naxçıvanlı boksçu turnirdə bürünc medal qazanıb

Məşhur boksçular – Kliçko qardaşlarının mükafatı uğrunda Ukraynanın Berdiçev şəhərində keçirilən gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub. Ənənəvi olaraq hər il təşkil olunan turnirdə Azərbaycanın gənc boksçulardan ibarət yığma komandası da iştirak edib. Yığmamızın heyətində Ukraynaya Naxçıvan boks məktəbinin yetirməsi Sərxan Əliyev də yollanıb. 12 idmançı ilə beynəlxalq turnirdə iştirak edən Azərbaycan yığması Vətənə 4 medalla qayıdıb. Həmyerlimiz Sərxan Əliyev turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparıb. İlk görüşündə Ukraynanı təmsil edən erməni boksçusu Aleksandr Abramyanı məğlub edən idmançımız 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi erməni idmançısı Harek Oqanesyan olub. Sərxan Əliyev daha üstün döyüşərək rinqi qalib kimi tərk edib və yarımfinala yüksəlib. Finala gedən yolda idmançımız Finlandiya təmsilçisi Nonali Assemeyə məğlub olaraq turniri üçüncü pillədə başa vurub. Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub. Qeyd edək ki, turnirdə, ümumilikdə, 17 ölkənin 127 boksçusu mübarizə aparıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !