Barmaqlardan süzülən xallar – Azərbaycan xalçaları - FOTO

“Barmaqlardan süzülən xallar” – Azərbaycan xalçaları FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Osmanova Sevinc Rafael qızının “C” kateqoriyası üzrə icra etdiyi “Barmaqlardan süzülən xallar” – Azərbaycan xalçaları!”adlı layihəsi çərçivəsində Şəmkir rayonunda növbəti tədbirlər keçirilmişdir.
Layihənin əsas məqsədi gənc və yeniyetmə qızlarımızın maddi mədəniyyətimizin bir qolu olan xalçaçılıq sənətinə, adət-ənənələrimizə, dövlətə, millətə sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək üçün ənənəvi sənət sahəsi olan Azərbaycan xalçaçılıq sənətinin tarixi köklərini, sirlərini öyrətməkdir. Azərbaycan xalçası ümumdünya irsinin ayrılmaz bir hissəsidir. Zəngin tarixə malik Azərbaycan xalçaçılıq sənəti unikal gözəlliyi, zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını özündə əks etdirir. Azərbaycan xalçaları Şərq xalçaçılıq sənətinin bir qoludur. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür. Layihə az rənglərlə ahəngdar kolorit yaradan, öz naxışları ilə hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb edən Gəncə - Qazax xalçalarından, Qazax xalçaçılıq məktəbindən bəhs edir. .
Layihədə iştirak edən gənc xanımlarımız xalça sənətinin spesifikliyi, özünəməxsusluğu haqqında təlimlərdə biliklər qazandılar, həmçinin müxtəlif xalça muzeylərinə ekskursiyalar etdilər, xalça toxuma sənətinin sirləri ilə tanış oldular. Tədbirlərdə Şəmkir rayon İN Humanitar şöbəsinin baş məsləhətçisi Nizami Əhmədov, Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Şəmkir Tarix-Diyarşünaslıq muzeyinin direktoru Cavanşir Pirverdiyev, “Zəka” Gənclər İnkişaf Mərkəzinin direktoru Araz Paşayev iştirak etmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !