Qubada gənclərin ideya yarmarkası keçirildi
Bu xəbəri paylaş
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində Quba rayonunda gənclərin ideya yarmarkasını keçirdi.
Quba və ətraf rayonlarda böyük marağa səbəb olan ideya yarmarkasının məqsədi region gənclərinin təşəbbüskarlığının artırılması və onların kiçik layihələrinin dəstəklənməsinə kömək etməkdir.
İdeya yarmarkasının giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional Ofisinin rəhbəri İnqilab Fərzəliyev tədbir barədə məlumat vermiş, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin bütün region gənclərinə, o cümlədən Quba və ətraf rayonlarda yaşayan və təhsil alan bütün gənclərə öz müsbət təsirini göstərdiyini vurğulamışdır. O, bu cür tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini və Mərkəz tərəfindən gənclərin səmərəli təşəbbüslərinə dəstək verəcəklərini qeyd etmişdir.
Digər çıxış edən qonaqlar da təşkil edilən ideya yarmarkasının əhəmiyyətini qeyd edərək, gənclərin təşəbbüskarlığının artırılması üçün həyata keçirilən bu cür tədbirlərin vacibliyini bildirmişdirlər.
Daha sonra ideya yarmarkası öz işinə başlamış, iştirakçı gənclər təqdimatlar şəkilində öz ideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrinin qarşısında təqdim etmişlər.
Gənclərin sahibkarlıq fəaliyyəti, onların asudə vaxtının səmərəli təşkili, ictimai kitabxanaların inkişafına kömək, kənd təsərrüfatının inkişafı, gənc fermərlərə dəstək, peşə təhsili, turizm bələdçilərinin hazırlanması və s. istiqamətlər üzrə maraqlı ideyalar təqdim olunmuş, müstəqil qaydada formalaşdırılmış jüri tərəfindən 3 ən çox səs toplayan ideyalar yüksək qiymətləndirilmişdir.
Sonda bildirilmişdir ki, Mərkəz qalib gələn 3 ideyanın reallaşmasında yaxından iştirak edəcəkdir.