Akif Ağayev: - Ombudsman Elmira Süleymanova Masallıda ictimai dinləmələr keçirib

Akif Ağayev: Ombudsman Elmira Süleymanova Masallıda ictimai dinləmələr keçirib

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyəti ilə bağlı ictimai dinləmələr insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə cənub bölgəsində davam edir.
13 iyul 2016-cı il tarixdə Masallı rayonunda keçirilən ictimai dinləmələrdə rayon icra hakimiyyətinin, məhkəmə, polis, prokurorluq orqanlarının, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən əvvəl insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova və rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov son illər rayonda sosial-iqtisadi inkişaf və insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışmışdır.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova çıxışında bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ilinin tamam olduğunu qeyd edərək 1990-cı illərin əvvəllərində ölkəmizdə yaşanan gərgin siyasi vəziyyətdən söhbət açmış, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkənin dirçəliş yoluna qədəm qoyduğunu, ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmışdır.
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində aparılan dövlət siyasəti nəticəsində ölkəmizin 230-dan çox beynəlxalq konvensiyaya qoşulduğunu vurğulayan E.Süleymanova ölkəmizdə insan hüquqlarının təmin olunmasının prioritet məsələlərdən olduğunu diqqətə çatdırmışdır.
Müzakirələrdə Əməkdar Müəllim, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Mirqabil Hüseynov, QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Həsənli kənd sakini Nazilə Hüseynova, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülşən Xəlilova, mahmudavarlı Vəkil Babayev, sığdaşlı Hümmət Cəfərov, RİHB-nin Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Leyla Əzizova, Xıl kənd icmasının sədri Əhmədağa Zamanov, Ərkivan qəsəbə Ağsaqqallar şurasının sədri Şərafət Əzimov, Ərkivan qəsəbə sakini Əfrail Fərzəliyev, Eminli kənd icmasının sədri Hacı Rəbbin Kərimov, Ərəb kənd icmasının sədri Əhliman Hüseynov çıxış edərək insan hüquq və azadlıqları ilə bağlı təkliflərini bildirmişlər.
Görüşü Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov yekunlaşdırmışdır.
Tədbirdən sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Masallı Rayon Polis Şöbəsində müvəqqəti saxlama yerinə baxış keçirib, rayon sakinlərinin müraciətlərini dinləmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !