Azərbaycanın siyasi, iqtisadi və hərbi inkişafında Heydər Əliyevin rolu - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Azərbaycanın siyasi, iqtisadi və hərbi inkişafında Heydər Əliyevin rolu” FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

12 iyul 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 47-ci illiyi ilə əlaqədar “Azərbaycanın siyasi, iqtisadi və hərbi inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, 14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu. Dahi lider Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi. Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250 yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu faktiki olaraq 2 dəfə artdı. Bu dövrdə Azərbaycan nəinki SSRİ, hətta dünya miqyasında tanınmağa başladı: "Artıq Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri dünya səviyyəsində ölkəmizin milli dəyərlərinin təbliğatçısına çevrilirdilər.
Seyfəddin Əliyev çıxışında qeyd etmişdir ki, O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsil mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu. Azərbaycan 1969-cu ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi. Çox qısa zamanda ölkənin mənəvi-psixoloji iqlimini, insanların ölkəyə və rəhbərliyə münasbətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə respublikanın bütün həyatında olduğu kimi, hərbi-təşkilati və kütləvi-müdafiə işləri sahəsində də milliləşmənin başlanğıcı qoyuldu. Bu sahəyə diqqət artırıldı, hərbi-təşkilati və kütləvi-müdafiə işinə xalqın həyatında malik ola biləcəyi dəyər verildi, onun miqyası genişləndirildi. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə 1-ci dəfə hakimiyyətə gəlişindən sora müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadırların hazırlanması prosesi geniş vüsət almışdır.Ümummilli liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi məktəb yaradılmışdır.Təsadüfü deyildir ki, C.Naxçıvanski adına Hərbi məktəb Azərbaycan Müstəqilliyini bərpa edəndən sonra ordu quruculuqunda əsas bazalardan birinə çevrilmişdir.
Seyfəddin Əliyev çıxışına davam edərək diqqətə çatdırmışdır ki, bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna malikdir. Aprel döyüşlərində Azərbaycanın işğal altında olan ərazilərindəki Ermənistan hərbi birləşmələri silahlı qüvvələrimizin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutmuşlar. Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdır. Azərbaycan Silahlı Qüvvələri düşmən həmlələrinin qarşısını alaraq əks-zərbələrlə onu geri çəkilməyə məcbur etmiş, bir neçə strateji yüksəkliyə nəzarəti ələ keçirmişdir. Ermənistan silahlı qüvvələri çoxsaylı insan və texnika itkisinə məruz qalmışdır. Beləliklə, həm erməni təxribatının qarşısı alınmış, həm də təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmlənmiş, düşmən və havadarları ordumuzun gücünü və döyüş əzmini reallıqda hiss etmişlər.
YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov çıxış edərək ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini bildirmişdir. O, qeyd etmişdir ki, bu gün ümummilli liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında mütəmadi olaraq tərəqqi edən nüfuzlu dövlət kimi tanınır: “Prezident İlham Əliyevin inkişaf siyasəti Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında avanqard yer tutmasını şərtləndirib. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır”.
Masallı Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları şurasının sədri Məmmədağa Şiriyev çıxış edərək bildirmişdir: dövlətimizin müstəqilliyi, iqtisadi potensiyalının gücləndirilməsi, gənc nəslin yetişdirilməsi, tarixin, ədəbiyyatın, mədəniyyətin, incəsənətin inkişafı sahəsində dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevin qayğısı, tələbkarlığı, xeyirxahlığı, müdrikliyi çox böyük və şərəflidir. O, uşaqların və gənclərin ali təhsil almasına, elm öyrənməsinə, Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə məhəbbət ruhunda tərbiyə olunmasına atalıq qayğısı göstərmiş, həmişə səmərəli köməyini əsirgəməmişdir.
Sonra ərazi ilk partiya təşkilat sədrlərindən Vidadi Nəzərov, Cəmaləddin Ağayev, YAP üzvü Əfrail Fərziyev, YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Əntiqə Tağıyevavə başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmış, ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs etmişlər.

 

 

MASALLI.
AZpress.AZ -ın müxbiri
Əlihüseyn Ş Ü K Ü R O V.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !