Xalça Dünyası Assosiasiyası Qubada icra etdiyi layihəni yekunlaşdırıb -

“Xalça Dünyası Assosiasiyası” Qubada icra etdiyi layihəni yekunlaşdırıb

“Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi Quba rayonunda icra etdiyi “Milli - mənəvi irsimiz olan xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlərin təşkili” layihəsini yekunlaşdırıb.

Layihə çərçivəsində Quba rayonunda xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımlar üçün qədim və unudulmaqda olan xalça naxışları, sapların, rənglərin seçilməsi və düzgün istifadə olunması, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması istiqamətində və rəngkarlıq, xalçaların yuyulması, xalçaların daranması, xalçalara ilmə vurma və xalçaların qayçılanması mövzusunda təlimlər keçirilib.

Təlim günləri nəzəriyyə və praktiki iş təcrübəsinə ayrılıb. Təlimlərdə İctimai Birliyi sədri, Azərbaycanın ilk sahibkar qadını Fatimət Ağamirzəyeva və layihənin təlimçisi Sara Fərzəliyeva tərəfindən iştirakçılara xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması ilə bağlı məlumatlar, bu istiqamətdə məsləhətlər və tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi xalçaçılıq sənətinə maraq göstərən və yiyələnmək istəyən xanımların milli-mənəvi irsimiz olan qədim xalçaçılıq sənətinin qorunması barədə maarifləndirilməsi, onlara qədim və unudulmaqda olan xalça naxışlarının təqdim edilməsi, naxışların yenidən və yerində istifadə olunması qaydalarının izah olunması, xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımların xalça saplarının və rənglərinin seçilməsi və düzgün istifadə olunması ilə bağlı məlumatlandırılması olub.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !