Paşa Qəlbinur haqqında filmin təqdimatı olub - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Paşa Qəlbinur haqqında filmin təqdimatı olub FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

...Filmdə Paşa Qəlbinurun həkim, alim, müəllim, şair və esseist-filosof kimi çoxşaxəli fəaliyyəti işıqlandırılıb.
Şairin bioqrafiyasının ən önəmli məqamları, onun xarakter cizgiləri həm özünün, həm də ölkənin tanınmış elm və sənət adamlarının dilindən verilib. Paşa Qəlbinur ömür yolunun çox vacib məqamı olan peşə-sənət seçimi barədə danışarkən deyir:
“Orta məktəbdə ixtisasımla bağlı tərəddüd yaşayırdım. Təyyarəçi, güləşçi, hətta fut bolçu olmaq fikrinə belə düşmüşdüm. Mənim dayım həkim idi. Sonralar - orta məktəbin yuxarı siniflərində elə dayımın peşəsindən ciddi təsirlənərək həkim, həm də göz həkimi olmağa qərar verdim”.
Şair ədəbiyyata, sözə bağlılığını isə bu cür ifadə edir:
“Şairlik mənim taleyimdir. Mən onu seçməmişəm. Poeziya özü məni arxasınca aparıb, öz möcüzəvi dünyasına qatıb”. Filmdə akademik Rafael Hüseynov, professorlar Eldar Şahbazov, Zəhra Quliyeva, Xalq artisti Flora Kərimova, şair Cabir Novruz, bəstəkarlar Şəfiqə Axundova, Nəriman Məmmədov və başqalarının Paşa Qəlbinurla bağlı fikirləri yer alıb.
Ekran işinin nümayişindən sonra tədbir tamaşaçıların çıxışları ilə davam edib. Professor Nizaməddin Şəmsizadə düşüncələrini bölüşərək deyib:
“Paşa Qəlbinur şair və esseistdir. Həmçinin loğmandır, yəni ki, filosof və həkimdir. Onun poeziyası, esseistikası, miniatür romanları və görkəmli oftalmoloq kimi fəaliyyəti Azərbaycan ictimaiyyəti üçün böyük dəyər kəsb edir”.
Millət vəkili, publisist Fazil Mustafa P.Qəlbinuru vətəndaşlıq borcunu layiqincə yerinə yetirən ziyalı adlandırıb:
“Əslində hər kəsin təsəvvüründə Paşa Qəlbinurun öz obrazı, öz filmi var. İstər miniatür romanlarında, istər poeziyasında, istərsə də yaradıcılığının, fəaliyyətinin digər sahələrində... Azərbaycan ictimaiyyətində faydalı ziyalı defisiti var. Yəni, sakitcə gününü-güzəranını keçirib yaşamaq istəyən insanların sayı çoxdur. Ancaq cəmiyyətin, millətin yükünü çiyinlərinə götürmək, daşımaq, o ağırlığın altında tab gətirmək hər insanın işi deyil. Mən düşünürəm ki, Paşa Qəlbinurda, bax, bu cür ziyalı keyfiyyəti var və o, həmişə özünü bu yükü qaldırmağa borclu bilir. Hər bir məsələdə söz sahibi, fikir adamı kimi vətəndaşlıq borcunu yerinə yetirə biləcək insan olmaq asan deyil. Paşa Qəlbinur məhz belə ziyalılardandır”.
Jurnalist Telli Pənahqızı P. Qəlbinuru daha çox söz adamı kimi səciyyələndirib: “Paşa müəllim mənimçün daha çox söz adamıdır. O, öz qəlbinin nuru ilə bizə şeirlər pıçıldayır. Paşa Qəlbinur işığın ucunda od-alvolu paltar geyib cihad edən bir şairdir”.
Böyük bəstəkar Arif Məlikov, professorlar Tofiq Məlikli, Əlişir Musayev, ictimai xadim Tağı Əhmədov və başqaları da çıxış edərək Paşa Qəlbinur haqqında düşüncələrini paylaşıblar.
Sonda Paşa Qəlbinur söz alaraq filmin yaradıcı heyətinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.


PAÇA QƏLBİNURDAN BİR YARPAQ


SƏSSİZ-SƏMİRSİZ
Yasəmən ətri qədər,
Çörəyin nəfsi qədər.
Darıxdım sənsiz...


Dəryada qarmağa
Balıq tələsən kimi,
Kəhrəba zəmidə
Küləklər əsən kimi,
Darıxdım sənsiz...


Bir ana bağrında,
Südün sancısı kimi,
Cadar-cadar torpaqda
Yağışın səsi kimi
Darıxdım sənsiz...


Ulduzlar axdılar,
Gecəmə neynim
Dənizlər axdılar
Küçəmə neynim...
Kəklik yumurtasında
Yavrumun səsi kimi –
Səssiz-səmirsiz
Darıxdım sənsiz...

-----------------------------------------------------------------------------------------------------------------------------------------
Paşa Qəlbinur
Musayev Paşa İsmayıl oğlu — şair, oftalmoloq (göz həkimi). 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı (1983), tibb elmləri doktoru (1987), professor (1988), Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü (1994), Rusiya Tibb Elmleri Akademiyasinin fexri doktoru(2005), Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Blrliyinin , Dünya Azərbaycanlıları Konqresinin həmsədri (2008).
Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir (1968-1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləmişdir (1975-1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olmuşdur (1977-1978).
İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil almışdır (1978-1981). N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981-1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci ildən). Tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. On mindən çox cərrahiyyə əməliyyatı aparmışdır. Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda "Brüssel Evrika 2002" sərgisində "Oftalmologiyada yeni dərman preparatı Aktirol"un kəşfı Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülmüşdür. Yeni dərman preparatı (şərikli – müəlliflər bacısı Sevinc və tələbəsi Olqa Stroyeva) onun rəhbərliyi altında hazırlanmışdır (2002).
Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin (1989), Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü (1997), Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir (1996). Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilmişdir (2001). ABŞ-ın Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində "İlin adamı" mükafatına layiq görülmüşdür. Yusif Məmmədəliyev adına mükafata (1999), "İman" izzət və iltifat diplomuna (2000) layiq görülmüşdür. "Araz" ali ədəbi mükafatın laureatıdır (1996). Aybəniz Əliyeva "Paşa Qəlbinur" (1996), A.Məmmədov "Qəlbinur poeziyası XXI əsrin astanasında" (1999) kitabını ona həsr etmişdir. "Paşa Qəlbinur – 50" biblioqrafiya məlumat kitabı buraxılmışdır. Xarici ölkələrdə konfrans və elmi simpoziumlarda olmuşdur.
Ədəbi fəaliyyətə 1978-ci ildə "Ulduz" jurnalının 4-cü sayında çap etdirdiyi "Xal", "Ay gecəyə hicran sıxır", "Mən ilhamı gözlərimlə görmüşəm" şeirləri ilə başlamışdır. "Gözlər" adlı ilk şerini 13 yaşında ikən yazmışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. "Gənclik" respublika ədəbi birliyinin üzvüdür. 2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.
Əsərləri
1.Ay bir əlçim buluddur. Bakı: Yazıçı, 1984, 88 səh.
2.Gözün yarımkeçirici baryerləri. Bakı: Azərnəşr, 1986, 172 səh.
3.Payız məktubu. Bakı: Gənclik, 1987, 80 səh.
4.Rəngli göz yaşları. Bakı: Yazıçı, 1990, 145 səh.
5.Biologiya və təbabətdə RMT-nin poliadelləşdirməsi problemi. Bakı: Azərnəşr, 1994, 208 səh.
6.İtmiş həsrət kimi (şeirlər). Bakı: Göytürk, 1996, 134 səh.
7.Təbabət poeziyanın fəlsəfi əyarı kimi və ya maye işıq. Bakı: Ozan, 2002, 248 səh.
8.Ağlıma gələnlər başıma gəldi. Bakı: Ozan, 2003, 656 səh.
9.Qara su(roman) rus dilində, Moskva, "Flinta",2009,144 səh.
10.Qara su, Göz dağı (roman) Bakı:"Shərq-Qərb" 2012, səh.
11.Idrak ətri (Esseler) Bakı: "Shərq-Qərb" 2013,156 səh.
Şeirlərinə yazılmış mahnılar
"Anam elçi gedən gün" (musiqisi Əntiqə Əlizadənindir)
"Bənzərsizim" (musiqisi Ətiqə Ələkbərovanındır)
Haqqında yazılanlar
Tapdıq Əlibəyli,"Tükənməz poetik işıq", "Poetik buta" (kitab),"Elm və təhsil" nəşriyyatı, 2013, səh.49-54.

 

TƏQDİM EDƏNİ:
TƏQDİM OLUNAN FOTOLARI ŞAİR PAŞA QƏLBİNUR TƏQDİM EDİB.
MASALLI-BAKI.
AZpress.AZ -ın müxbiri
Əlihüseyn Ş Ü K Ü R O V. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !