«Gənclər arasında narkomaniya halları və QİÇS-in profilaktikası» mövzusunda seminar müşavirə keçirilmişdir. -

«Gənclər arasında narkomaniya halları və QİÇS-in profilaktikası» mövzusunda seminar müşavirə keçirilmişdir.

Yasamal rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə 22 iyun 2016-cı il tarixdə Yasamal rayonu Heydər Əliyev Mərkəzində 26 iyun-Narkomanlıq Əleyhinə Ümumdünya Mübarizə gününə həsr olunmuş «Gənclər arasında narkomaniya halları və QİÇS-in profilaktikası» mövzusunda seminar müşavirə keçirilmişdir. Tədbirdən öncə Mərkəzin foyesində rayon gənclərinin «Narkotiklərə Yox!» mövzusunda çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş etdirilmişdir. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin bir qrup tələbələri, idarənin yerli Gənclər Nümayəndəliklərinin aktiv gəncləri, Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Dairələri üzrə nümayəndəliklərinin, ictimai təşkilatların, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, orta ümumtəhsil məktəblərinin psixoloqları iştirak etmişlər.

Tədbiri Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açaraq seminar müşavirənin keçirilməsində qarşıya qoyulmuş başlıca məqsədlər barədə iştirakçılara geniş məlumat vermiş «Gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması və onların asudə vaxtının səmərəli təşkili sahəsində görülən işlər» mövzusunda çıxış etmişdir.

Seminar müşavirədə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev «Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizəyə həsr olunmuş dövlət proqramlarının əsas prinsipləri», Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Elçin Haqverdiyev «Narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər», Yasamal rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Anar Süleymanov «Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qanunla nəzərdə tutulmuş cəza tədbirləri haqqında», Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin həkimi Cavid Cahangirli «Azərbaycanda İİV-QİÇS-lə bağlı vəziyyət, profilaktika tədbirləri və qorunma yolları», Hacı Soltanəli məsçidinin axundu Hacı İbrahim Yarıyev «İslam dini zərərli vərdişlərə qarşı» mövzusunda çıxışlar etmişlər.

Daha sonra mövzular ətrafında diskussiyalara start verilmişdir. Gənclər onları maraqlandıran sualları çıxışçılara ünvanlamış və dolğun cavablar almışlar 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !