Bəxtiyar SADIQOV: - QƏDİRBİLƏNLİK ƏNƏNƏSİ

Bəxtiyar SADIQOV: QƏDİRBİLƏNLİK ƏNƏNƏSİ

Rəhbər xalqının qədrini bilib ona fədakarlıqla xidmət edəndə, xalq da sədaqət və qədirbilənliyini göstərir



Hər bir xalqın özünəməxsus tarixi və əziz günləri olur!
Həmin günlər müxtəlif şəkildə anılır, qeyd edilir.
Belə günlər ayrı-ayrı münasibətlərlə təsis edilir, yaddaşlarda qalır.
Dövlətin və millətin taleyüklü məqamlarının, tarixi şəxsiyyətlərinin dönüş yaradacaq addımlarının, habelə onların doğum günlərinin tarixi hadisələr kimi xüsusi formada keçirilməsi dünya təcrübəsində normaya çevrilib.

Hərdən zaman tarixi və anım günlərinə “əl gəzdirir.” Bir vaxtlar təntənəli şəkildə bayram edilən günlərin dəyişdirilməsi, yaxud şəxsiyyətlərin əməllərinə verilən qiymətin zamanın süzgəclərindən keçə bilməməsi belə sınaqlardandır. Məsələn, yetmiş ildən çox “ömür sürən” SSRİ adlı super dövlətin bir çox “tarixi” və onun rəhbərlərinin “ad günləri” vardı. Həmin “ideoloji rəhbərlər”in bir qismi elə sovet hakimiyyəti dövründə, qalanları isə quruluşun özü ilə birlikdə tarixin arxivinə verildi. Çünki kommunizm özünü doğrultmadı, həmin rəhbərlərin isə sonradan elə əməlləri üzə çıxdı ki, xalq özü onlardan imtina etdi!
Əslində, tarixə düşəcək insanlar bu ehtiramı sağlıqlarında, dövlətə və xalqa göstərdikləri xidmətləri, el məhəbbəti əsasında qazanırlar. Lakin bu hadisələr mahiyyətcə dövlətin və xalqın tərəqqisinə, insanların rifahına və gələcəyinə xidmət etməli, onları ideoloji şüarlarla aldatmamalıdır. SSRİ adlı super dövlət “qardaş xalqların könüllü ittifaqı” adlandırılsa da, “xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi”, “insan insana dost, yoldaş və qardaşdır” şüarları irəli sürülsə də, “böyük” və “kiçik” qardaşlar vardı, maddi nemətlər bir mərkəzdə cəmləşdirilərək sonra qeyri-bərabər bölünürdü. Axırda isə Azərbaycan, Gürcüstan və Moldova münaqişələrə salınaraq dostluq düşmənçiliyə çevrildi, ərazi işğalları baş verdi. İnsanlar gec olsa da, deyilənlərin yalan olduğunu ( sovet dövründə bunu bilsən də, dilə gətirə bilməzdin, dərhal ən sərt cəzaya məruz qalardın) gördülər. Artıq 1948-1953-cü illərdə sovet rəhbərliyi tərəfindən Ermənistanda yaşayan əhalinin deportasiya edilməsi, Azərbaycan torpaqlarının müxtəlif üsullarla alınaraq ermənilərə verilməsi hamıya bəllidir. Odur ki, SSRİ dövründə təsis edilən bir sıra bayramlar və sovet rəhbərlərinin ad günləri ləğv edilmişdir. Hər il mayın 9-da faşizm üzərində qələbəni isə xüsusi qeyd edirik. Çünki ön və arxa cəbhədəki Azərbaycan vətəndaşları öz işləri və əməlləri ilə bu Qələbəyə töhfələrini vermişlər. Müharibədə altı yüz mindən çox azərbaycanlı iştirak etmiş, onlardan 300 mini həlak olmuşdur. Doğrudur, bir vaxtlar 9 May Qələbə Günü kimi bayram edilmirdi. Lakin ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra bu bayram yenidən bərpa edildi. Bu münasibətlə Prezident İlham Əliyev demişdir: “Azərbaycan öz tarixi keçmişinə çox böyük hörmətlə yanaşır. İkinci Dünya müharibəsində qazanılmış qələbə bizim ümumi qələbəmizdir. Biz Azərbaycanda həm tarixi həqiqətləri qoruyuruq, imkan vermirik ki, tarix təhrif olunsun, eyni zamanda, müharibə veteranlarını da daim dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik”.
Azərbaycan xalqı qədirbilən xalqdır. Bu, onun rəhbərlərinə də aiddir.
Rəhbər xalqının qədrini bilib ona fədakarlıqla xidmət edəndə, xalq da ona sədaqət göstərərək etdiklərini heç zaman unutmur!
Ulu öndər Heydər Əliyev 34 il Azərbaycana rəhbərlik edib. Bunun 13 ili sovet dövrünə təsadüf edib. Ancaq sovet hakimiyyətinin bütün qayda, çərçivə və prinsiplərinə baxmayaraq xalqına xidmət etməyə, onun bugünü və gələcəyi yolunda xeyli iş görməyə də imkan tapıb.
Əslində, Azərbaycan özünün ilk intibahını ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə yaşadı:
* Geridə qalmış aqrar ölkədən SSRİ-nin sənayesi inkişaf etmiş qabaqcıl respublikalarından birinə çevrildi;
* Başdan-başa tikilib quruldu, yeni qəsəbələr, mikrorayonlar inşa edildi, körpülər salınaraq yollar çəkildi;
* Fabrik və zavodlar tikildi, yeni istehsal sahələri yaradıldı, neft sənayesi gerilikdən çıxarıldı;
* Azərbaycanda rekord miqdarda pambıq və üzüm istehsal olundu, kəndlinin güzəranı xeyli yüksəldi;
* Kənd əhalisi palçıq komalardan və birmərtəbəli evlərdən çıxaraq mişar daşından tikilən ikimərtəbəli, yaraşıqlı evlərə köçdü, mənzillərinə müasir mebel, elektrik məişət cihazları, özlərinə şəxsi avtomobil aldı;
* Ölkədə yeni ali təhsil ocaqları açıldı, ali məktəblərə qəbulun sayı artırıldı, yoxsul ailədən çıxan gənclərin oxumalarına güzəştli şərait yaradıldı;
* Hər il yüzlərlə gənc dövlət vəsaiti hesabına SSRİ-nin müxtəlif şəhərlərindəki ali təhsil müəssisələrinə göndərilərək ən nadir ixtisaslara yiyələndilər, sonradan onların bir qismi müstəqil Azərbaycana xidmət etdi;
* Azərbaycan gənclərinin ölkənin ali hərbi məktəblərinə qəbulu həvəsləndirildi, onlar müxtəlif hərbçi peşəsinə yiyələnərək orduda xidmətə başladılar, müstəqillik dövründə isə Milli Ordunun tərkibinə qatıldılar;
* Azərbaycan mədəniyyəti güclü inkişaf etdi, bəstəkarlarımızın əsərləri dünyanın məşhur teatr səhnələrində səsləndirildi, xeyli yazıçı, şair, bəstəkar və ifaçı dövrün ən yüksək mükafatı sayılan Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü;
* Heydər Əliyev şəxsi nüfuzundan istifadə edərək İttifaq əhəmiyyətli bir sıra obyektlərin Bakıda tikilməsinə nail oldu ki, bu da sonrakı dövrlərdə xeyli karımıza gəldi;
* Ulu öndər Moskvaya işləməyə dəvət edilərək SSRİ rəhbərlərindən biri kimi fəaliyyət göstərəndə də Azərbaycanı unutmadı, onun faydası naminə əhəmiyyətli addımlar atdı.
Cəllad Qorbaçovun paxıllıq və qısqanclığı nəticəsində Siyasi Bürodan kənarlaşdırılan Heydər Əliyev 20 Yanvar faciəsi törədilərkən həyatı təhlükədə olmasına baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi, xüsusi bəyanat verdi, SSRİ rəhbərlərinin bu addımını ciddi şəkildə qınadı, etirazını bildirdi.
Vətənə qayıdarkən onu daha bir sınaq gözləyirdi. Oxutdurduğu, çörək yiyəsi etdiyi, vəzifə pillələri ilə yüksəltdiyi bir sıra nadanlar ona öz əli ilə tikib qurduğu Bakıda yaşamağa imkan vermədilər. Naxçıvana dönərək həyatının ən çətin günlərini yaşamağa başladı. Nüfuzu və bacarığı sayəsində isə bu qədim diyarı erməni işğalı təhlükəsindən, aclıq və soyuqdan xilas etdi.
Azərbaycanın müstəqilliyi və dövlətçiliyi təhlükə qarşısında qalanda xalqın çağırışına biganə qala bilmədi. Yenidən ölkə rəhbərliyinə qayıdaraq həyatının qalan hissəsini də xalqına həsr etdi:
* Ölkəni xaos, qanunsuzluq və anarxiya bataqlığından çıxardı, möhkəm və dönməz sabitlik bərqərar etdi;
* Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, əhalidəki külli miqdarda silah-sursat yığıldı;
* Müharibədə atəşkəsə nail olundu, ordu quruculuğuna başlanıldı;
* Baş müəllifi özü olan yeni Konstitusiya hazırlanaraq referendum yolu ilə qəbul edildi;
* Bazar iqtisadiyyatı münasibətlərinə keçid təmin edildi, özəlləşdirmə proqramları uğurla həyata keçirildi, torpaq islahatı aparıldı;
* Hakimiyyətin üç qolu: ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti yaradıldı;
* İki dövlət çevrilişi cəhdinin qarşısı alındı, Azərbaycanda zorla hakimiyyətə gəlmək ənənəsinə son qoyuldu;
* “Əsrin müqaviləsi” neft kontraktı imzalanaraq Azərbaycanın maraqları ilə dünyanın aparıcı dövlətlərinin maraqları uzlaşdırıldı;
* Ölkə ətrafındakı informasiya blokadası yarılaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı;
* Azərbaycanın dünyaya inteqrasiyası təmin edildi;
* Azərbaycanın müstəqilliyini və gələcək inkişafını, xalqın rifahını və ölkənin təhlükəsizliyini təmin edən siyasi kurs hazırlandı, özünün ən layiqli siyasi davamçısını yetişdirdi;
* Gördüyü işlər, həyata keçirdiyi tədbirlər sayəsində müasir Azərbaycan dövlətinin memarı və qurucusu adını qazanaraq bizi cismən tərk etdi.
Azərbaycan xalqı böyük ehtiram və minnətdarlıq hissi ilə ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur, daim ona hörmət və məhəbbətini bildirir.
Bu sıradan bir sıra yeni ənənələr də yaranmışdır:
* Xalq ulu öndərinin xatirəsini əbədiləşdirmək üçün ölkənin hər bir guşəsində əzəmətli abidələrini ucaltmışdır;
* Hər dəfə ümummilli liderimizin doğum və anım günündə insanlar həmin abidələrin önünə tər gül dəstələri düzürlər;
* Ulu öndərin Fəxri xiyabanda uyuduğu məzar müqəddəs ziyarətgaha çevrilmişdir, ölkəmizə gələn hörmətli qonaqlar, nümayəndə heyətləri, habelə sadə xalq daim onu ziyarət edir, xatirəsini ehtiramla anır;
* Yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hər il doğum günündə xatirəsinə həsr olunmuş konfrans keçirir, orijinal kitab buraxır;
* Dünyanın hər tərəfində yaşayan azərbaycanlılar anım tədbirləri keçirərək hörmət və ehtiramlarını ifadə edirlər.
* Heydər Əliyevin zəngin həyatına və çoxcəhətli fəaliyyətinə həsr olunan məqalələr, elmi əsərlər və kitablar yazılaraq sistemli şəkildə nəşr olunur;
* Ən əsası, əziz xatirəsi xalqın qəlbində və dövlətçilik ənənələrində yaşayır!
Heydər Əliyev siyasi kursu bizi qələbədən-qələbəyə aparır. Prezident İlham Əliyevin ulu öndərin ad günündə söylədiyi fikirlər deyilənlərin təsdiqidir: “2003-cü ildən sonra Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin alternativi yoxdur. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmiz və xalqımız yalnız bu yolla qabağa gedə bilər. Biz ulu öndərin siyasi irsinə sadiqik, onun siyasətini davam etdiririk, zənginləşdiririk. Təbii ki, vəziyyət dəyişir, dünya dəyişir. Bu gün bölgədə yaşanan hadisələr, problemlər o vaxt mövcud deyildi. Biz bütün çağırışlara hazırıq. Azərbaycan Heydər Əliyev siyasətini zənginləşdirir, müasir dövrün çağırışlarını nəzərə alaraq bu dövrə uyğunlaşdırır, ancaq ümumi siyasi xətdən kənara çıxmır. Bizim siyasi xəttimiz müstəqilliyin möhkəmlənməsidir. Bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Son illərin tarixi bunu bir neçə dəfə sübut etmişdir”.
Ulu öndər Heydər Əliyev öz müdrik və uzaqgörən fəaliyyəti ilə daim Azərbaycanın adını da, özünü də ucaldıb! Azərbaycanlı olması ilə qürur duyub: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” - söyləyib. Bu, dahi rəhbərimizin xalqa xidməti və qədirbilənliyidir. Xalqımız da ulu öndəri daim minnətdarlıq və qədirbilənliklə yad edir!

 Bəxtiyar SADIQOV 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !