Bəxtiyar SADIQOV: - Hamımızın bir vətəni var: Onun adı Azərbaycandır!

Bəxtiyar SADIQOV: Hamımızın bir vətəni var: Onun adı Azərbaycandır!

 

“Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik! Ulu yurdumuzun adını daşıyan “Azərbaycan” qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırırıq!”
“Azərbaycan” qəzetinin hər nömrəsinin elektron versiyası öz oxucularına bu çağırışla ünvanlanır!
Dünyanın hər yerində yaşayan azərbaycanlıları doğma vətəni unutmamağa səsləyir!
Bəli, artıq dünyada yaşayan azərbaycanlıların özlərinin müstəqil, suveren dövlətləri var!
Onlar bu dövlətə arxalana, onunla fəxr edə bilərlər!
Çünki müstəqillik yaşı vur-tut 25 il olan bu dövlət o qədər inkişaf edib, o qədər uğurlara imza atıb və dünyada elə bir imic qazanıb ki, onunla fəxr edib, qürur duymağa hər bir azərbaycanlının haqqı var!
Amma ilk növbədə hər bir azərbaycanlı onu sevməlidir, ana Vətənə övlad məhəbbəti bəsləməlidir!
Həm də bu sevgidə təmənnasız olmalı, əvəzində heç nə güdməməlidir!
Belədə əsl valideyn-övlad məhəbbəti sayılır!
***
Hər bir millətin, xalqın nümayəndəsinin başqa ölkədə, özgə dövlətlərin ərazisində yaşaması, hətta vətəndaşı olması və ya vətəndaşlığını qəbul etməsi adi, normal haldır!
Taleyin işidir, hərəyə bir qismət yazır!
Azərbaycanda sovet hakimiyyəti qurulanda bəziləri repressiya, sürgün, həbsxana və güllələnmə təhlükəsindən qorxaraq ailəsini də götürüb mühacirət etdi. İndi isə onların övlad, nəvə və nəticələri bir sıra Avropa dövlətlərində yaşayır.
SSRİ dövründə 14 “müttəfiq qardaş”ın qapıları açıq idi. Kim harada istəsəydi təhsil ala, harada istəsəydi işləyə və məskunlaşa bilərdi. “Zərbəçi tikintiləri”nə işləməyə gedənlər və sonra orada həmişəlik qalanlar da vardı.
Bəzən isə insanlar təhsil almaq üçün xaricə üz tutur, oxuduğu universiteti bitirdikdən sonra getdikləri yerdə daim yaşamaqla işləyirlər.
Digər səbəblər də mümkündür.
Səbəblər müxtəlif olsa da, nəticə fərqlənməməlidir: Vətənə bağlılıq, milli-mənəvi dəyərlərə sədaqət və övlad borcu unudulmamalıdır!
***
Azərbaycanın diaspor hərəkatı cavandır. SSRİ ətrafında “dəmir pərdə” çəkildiyindən heç kim müstəqil surətdə xaricdə oxumağa, işləməyə, yaxud yaşamağa gedə bilməzdi. Dərhal belələrinə “siyasi damğa”lar vurular, özləri getsələr, yerdə qalan doğmaları və qohumları təqib edilərdi. İttifaq daxilində isə diaspor quruculuğundan söhbət belə gedə bilməzdi!
Azərbaycan müstəqillik yoluna qədəm qoyanda bir sıra problemlərlə üzləşdi. Bunun ən mürəkkəbi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması, ərazi bütövlüyümüzün pozulması idi. Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev problemlərin böyük əksəriyyətini həll etdi. Dağlıq Qarabağ münaqişəsi isə bu vaxtadək çözülməmiş qalır. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli istiqamətində xeyli iş görülmüşdür. Ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində ölkəmiz ətrafında məqsədyönlü şəkildə yaradılan informasiya blokadası ləğv edilmiş, Dağlıq Qarabağ problemi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən başlanan ordu quruculuğu prosesi cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılmışdır. Bu ilin aprel ayında baş verən dörd günlük müharibədə Azərbaycan Ordusu öz gücünü, yeni silahlarını və qüdrətini nümayiş etdirdi, iki min hektardan çox ərazi işğaldan azad edildi.
Diaspor quruculuğu da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” - deyən ümummilli lider canından artıq sevdiyi vətəninə sədaqətlə xidmət etməyi də bacarırdı. SSRİ dövründə hər il onun təşəbbüsü ilə ittifaqın müxtəlif şəhərlərinə ən nadir ixtisaslar üzrə təhsil almaq üçün dövlət hesabına 800-dən çox tələbə-gənc göndərilirdi. Onların bir qismi oxuduqdan sonra geriyə dönərək müstəqil dövlətimizə bu gün də xidmət etməkdədir. Qürbətdə qalanların bəziləri isə diaspor hərəkatında iştirak edir.
Dünya Azərbaycanlılarının I Qurultayının təşəbbüsçüsü və təşkilatçısı olan ulu öndər Heydər Əliyev diaspor hərəkatına yeni impuls verdi. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması üçün xeyli iş görüldü, bu məsələ ilə məşğul olacaq xüsusi dövlət komitəsi - Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Sonrakı qurultaylarda bu fəaliyyətin daha da təkmilləşdirilməsi üçün vacib qərarlar qəbul edildi.
Ulu öndər Heydər Əliyevin diaspor üzvlərinin qarşısına qoyduğu vəzifələr bu gün də öz aktuallığını saxlayır: yaşadığın dövlətin qanunlarına hörmətlə yanaşmaq; ictimai-siyasi fəaliyyətlə məşğul olmaq; dövlət qurumlarında və parlamentdə yer tutmaq; öz nüfuzundan və imkanlarından istifadə edərək Azərbaycanın maraqlarını qorumaq!
Azərbaycan Prezidenti İlham Əliyev də diaspor hərəkatının inkişafına daim xüsusi diqqət yetirir. Prezidentimizin qəbul etdiyi bir sıra qərarlar bu sahədə göstərilən fəaliyyətin səmərəsini xeyli artırmışdır. Tətbiq edilən “Hücum diplomatiyası” taktikası səfirlik və konsulluqlarla yerli diaspor üzvlərinin əlaqələrinin güclənməsinə, keçirilən tədbirlərin səmərəsinin yüksəlməsinə güclü təkan vermişdir. Türkiyənin diaspor təşkilatları ilə Azərbaycanın diaspor təşkilatlarının birgə və əlaqəli fəaliyyətinin qurulması isə hər iki dövlətin dünya erməniliyinə qarşı mübarizədə imkanlarının xeyli artması ilə nəticələndi.
***
Dünya Azərbaycanlılarının Bakıda keçirilən növbəti IV Qurultayı Prezident İlham Əliyevin möhtəşəm nitqi ilə yadda qaldı.
Qurultay iştirakçılarını səmimi-qəlbdən salamlayan dövlət başçısı bu mötəbər məclisi Azərbaycan xalqının və dünya azərbaycanlılarının həyatında mühüm hadisə kimi səciyyələndirdi.
Əvvəlki qurultaylarda Azərbaycan diaspor təşkilatları qarşısında qoyulan vəzifələrin yenə də qüvvədə qaldığını söyləyən cənab İlham Əliyev həllini gözləyən daha vacib məsələlərin olduğunu da xüsusi vurğuladı. Onlar hansılardır? Qısaca nəzər salaq:
İnternetin inkişafı, insanların sosial şəbəkələrdə geniş fikir mübadiləsi aparmaları bu sahəni həm də siyasi fikir mübarizəsi meydanına çevirmişdir. Dünya erməniliyi ölkəmizə qarşı böhtan kampaniyasında bu amildən geniş istifadə edir. Cənab İlham Əliyev diqqəti bu sahəyə, eyni zamanda, ideoloji mübarizədə olan boşluqlara və qarşıda duran vəzifələrə yönəltdi. Azərbaycan dövlətinin geniş imkanları olduğu məqamda belə vəziyyətin yolverilməzliyini diqqətə çatdırdı, lazımi kömək göstəriləcəyini bildirdi: “Diaspor təşkilatları yaşadıqları ölkələrdə internet saytları açmalıdırlar. Biz bunu hələ ki görmürük. O internet saytları yaşadıqları ölkənin ictimaiyyəti üçün maraqlı olmalıdır. Azərbaycan həqiqətləri orada göstərilməlidir”.
Xarici mediada çox zaman düşmənlərimiz Azərbaycanla bağlı məkrli, böhtan xarakterli yazılarla çıxış edirlər. Nədənsə belə yazılar cavabsız qalır, həmin orqanın səhifələrində ölkəmiz haqqında həqiqətlərin səsləndirilməsinə lazımi təşəbbüslər göstərilmir. Halbuki bütün bunlar mümkündür: “Xarici media ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. Burada da əsas rolu, əlbəttə, diaspor təşkilatları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz”.
XXI əsr həm də informasiya müharibəsi əsridir. Cəbhə bölgəsində qazanılan uğurlar, müharibə haqqında həqiqətlər dünya ictimaiyyətinə vaxtında və olduğu kimi çatdırılmalıdır. Cənab İlham Əliyev bu vəzifəni birinci dərəcəli vəzifə kimi xarakterizə etdi: “Azərbaycan həqiqətləri haqqında, əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük”.
Prezident İlham Əliyev bir sıra ölkələrdəki ayrı-ayrı diaspor təşkilatları arasında yaranan xoşagəlməz münasibətlərə də toxundu, belə vəziyyətin həmin qurumları və onların üzvlərini nüfuzdan saldığını və yolverilməzliyini xatırlatdı: “Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir”.
İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların vətənlə daha sıx əlaqə saxlamalarını da tövsiyə etdi. Hər il Azərbaycanın havasını udub suyundan içməyin, bura səyahət etməyin məqsədəmüvafiq olduğunu göstərdi: “Biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa, ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, vətənlə əlaqələr qırılmasın. İkincisi, ona görə ki, Azərbaycanın müxtəlif yerlərində çox gözəl şərait yaradılıb. Bakı şəhərində, bölgələrimizdə istirahət üçün gözəl, müasir hotellər, istirahət zonaları var. Hesab edirəm ki, Azərbaycan indi dünya miqyasında öz imkanlarını ortaya qoyur”.
Prezidentin diqqət çəkdiyi məqamlardan biri Azərbaycan Ordusunun aprel müharibəsində öz gücünü və qüdrətini göstərdikdən sonra dünya erməniliyi tərəfindən ölkəmizə qarşı yeni şər-böhtan kampaniyasının başlaması barədə oldu. Maraqlıdır ki, bu yalan kampaniyasının önündə aprel müharibəsindən biabırçı məğlubiyyətə uğrayan, öz generallarını bir-bir işdən qovaraq həbsxanaya saldıran Serj Sarkisyan durur. Onun bir cümlədə dörd dəfə yalan söylədiyini misallarla göstərərək faktlarla təkzib edən möhtərəm İlham Əliyev Ermənistan prezidentini biabır etdi: “Mən bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram. Bu, mütləq “Ginnesin rekordlar kitabı”na salınmalıdır, amma antirekord kimi. Heç olmasa, Ermənistan dünyada hansısa bir sahədə birinciliyi əldə edər”.
Qurultay hər bir diaspor təşkilatının həyatında yeni mərhələnin başlanması anlamına da gəlir. Dünya Azərbaycanlılarının IV Qurultayı bu baxımdan xüsusilə əlamətdardır. Çünki bu qurultay Azərbaycanın dünya miqyasında nüfuzunun artdığı dönəmə təsadüf edir.
Qurultay həm də Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi və əsaslı dönüş yaradıldığı bir vaxta təsadüf edir. Şübhəsiz, IV qurultayda da qəbul edilən qərarlar, onların və cənab İlham Əliyevin nitqində irəli sürülən vəzifələrin uğurla yerinə yetirilməsi Azərbaycan diaspor hərəkatının fəallığını, gördüyü işlərin səmərəsini daha da artıracaqdır.
İnanırıq ki, getdikcə güclənən Azərbaycan diasporu güclü Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsində, ona qarşı ədalətsiz hərəkətlərin qarşısının alınmasında bundan sonra da öz təsirli sözünü söyləyib, qəti mövqeyini ortaya qoyacaqdır.

 



Bəxtiyar SADIQOV 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !