Olimpiya hərəkatı Qubanın dağ kəndinə qədər qalxdı - FOTO

Olimpiya hərəkatı Qubanın dağ kəndinə qədər qalxdı FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi davam edir.
Layihə çərçivəsində “Olimpiya intellekt kuboku” adlı növbəti turnir ilk dəfə olaraq ucqar dağ kəndində baş tutub. Quba şəhər mərkəzindən 40 km uzaqlıqda, dağlar qoynunda yerləşən Afurca kəndində keçirilən tədbirdə çıxış edən təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi idman nailiyyətlərindən danışıb, cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizin dünyanın idman ölkəsinə çevrildiyini qeyd edib. Bunun da nəticəsində yetişməkdə olan gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinin, onların idmana olan marağının artırılmasının günün prioritet istiqamətlərindən biri olduğunu bildirib. Eyni zamanda idmanın multikultural dəyərlərin, tolerantlığın dünyaya təbliğ edilməsi baxımından da əhəmiyyətindən danışan layihə rəhbəri bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsini də diqqətə çatdırıb.
Layihənin əsas məqsədinin region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və avqust ayında start götürəcək Braziliyanın Rio-de-Janeyro şəhərindəki olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsi olduğunu, xüsusilə də ötən il I Avropa Oyunlarının möhtəşəm təşkilatçılığının əhəmiyyətini vurğulayan natiq bildirib ki, ölkəmizdə bir-birinin ardınca təşkil edilən müxtəlif idman turnirləri Azərbaycanımızın haqq səsinin dünyaya çatdırılması, həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir.
Natiq bu kimi tədbirlərin gənclərin sağlam ruhda tərbiyə edilməsi istiqamətində böyük əhəmiyyətini qeyd edib, eyni zamanda Azərbaycanımızın dünyada artan nüfuzunun, idman nailiyyətlərinin gənc nəsil arasında təbliğinin vətənpərvərlik, dövlətçilik və vətənə sədaqət ruhunda tərbiyə edilməsində vacib amil olduğunu bildirib.
Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, eləcə də Afurca kənd tam orta məktəbinin direktoru Hikmət Hüseynov bu kimi tədbirlərin yetişməkdə olan gənc nəslin vətənpərvərlik, vətəndaşlıq, dövlətçilik və dünyəvilik ruhunda tərbiyə edilməsi istiqamətindəki əhəmiyyətini qeyd ediblər. Ölkəmizdə gənclərin inkişafının prioritet olduğunu diqqətə çatdıran natiqlər bu tədbirin dağlar qoynunda yerləşən Afurcada keçirilməsinin də dövlətimizin gəncliyə, təhsilə qayğısının bariz nümunəsi olduğunu bildiriblər.
Rəsmi açılış mərasimindən sonra turnirə start verilib.
6 komanda 30 sualdan ibarət Nə? Harada? Nə zaman? oyunu üzrə mübarizə aparıb. Yekunda “Land of Fire” biliciləri hədəflərinə çataraq turnirin qalibi adını qazanıblar. “Günəş” komandası ikinci, “Məşəl” komandası isə üçüncü yeri tutub.
Yekunda qalib və mükafatçılara layihə çərçivəsində təşkilatçılar tərəfindən hazırlanmış diplomlar, xüsusi bukletlər, kubok və medallar, “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində bu günə qədər Quba rayonunun Püstəqasım kəndində stolüstü tennis, Dağlı kəndində qızlar arasında voleybol, Qaraçay kəndində isə oğlanlar arasında 3*3 basketbol növü üzrə idman yarışları, Qımılqışlaq və Talabıqışlaq kəndlərində isə intellektual turnir keçirilib.
Avqust ayınadək davam edəcək layihənin ikinci mərhələsində Quba rayonunun Rustov kəndində intellektal oyunlar üzrə “Olimpiya intellect kuboku” turnirləri, Quba şəhərində isə istedadlı gənclərin əl işlərindən ibarət “Olimpiya oyunları gənc rəssamların təxəyyülündə” adlı sərgi də təşkil olunacaq.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !