Bəxtiyar SADIQOV: Qüdrətli ordunun məğrur Sərkərdəsi

Bəxtiyar SADIQOV: Qüdrətli ordunun məğrur Sərkərdəsi

Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri xalqımızda böyük ruh yüksəkliyi yaratdı



Cari ilin aprel ayı dördgünlük qalibiyyətli müharibə ilə başlayaraq BMT Təhlükəsizlik Şurasının Bakıda keçirilən VII Qlobal Forumu ilə başa çatdı.
Hər iki hadisə bütün dünyanın diqqətini Azərbaycana yönəltdi, dünya KİV bu məsələlərlə bağlı dönə-dönə yazdı, süjetlər çəkib göstərdi, tanınmış siyasətçilər və dövlət başçıları münasibət sərgilədilər. Çünki baş verənlər sıradan olaylardan deyildi, əslində, qeyri-adi sayılırdı. Nədə idi bu qeyri-adilik?!
BMT-nin ali tribunası Azərbaycanda qurulmuşdu. Toqquşma, ziddiyyət və qaçqınlıqdan əziyyət çəkən dünyadakı vəziyyət ölkəmizdə müzakirə olunur, narahatlıqlardan, gözlənilən təhlükələrdən danışılırdı. Eyni zamanda fəlakət, ölüm və dağıntıların qarşısının alınması üçün yollar göstərilir, təkliflər verilirdi. Həmin təkliflərin mərkəzində isə Azərbaycan nümunəsi dayanırdı!
Qısa müddətdə böyük inkişaf yolu keçən, multikulturalizmi və tolerantlığı ilə ölkə daxilində birlik və mehribanlığı bərqərar edən, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində qosqoca dövlətlər üçün nümunəyə çevrilən Azərbaycan!
Ayın sonunda keçirilən bu möhtəşəm tədbir həm də ayın başlanğıcında cəbhədə əldə edilən qələbə sayəsində daha uca və əzəmətli görünürdü!
Dünya gəldi, gördü, eşitdi, bildi!
Nə öyrənib, necə tətbiq edəcəksə, bu onun özündən asılıdır və özünün xeyrinədir. Çünki bu məclisdə deyilənlər dövlətlərin sabitliyinə xidmət edir və terror təhlükəsindən necə qorunacağına kömək göstərə bilər!
Bizim üçün maraqlısı odur ki, biz bu tədbirə gələnləri öz nümunəmizlə əyani şəkildə tanış etdik, dediklərimizi olduğu kimi göstərdik. Qonaqlar müstəqil Azərbaycanı daxildən gördülər, müasir, gözəl Bakıya baxdılar, bölgələrə getdilər, gülərüzlü, mehriban azərbaycanlılarla tanış oldular. Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri eşidib bildilər. Üstəlik, dövlət başçısı cənab İlham Əliyev öz çıxışında postsovet dövrünün ən qocaman münaqişəsi, beynəlxalq qurum və təşkilatların məsələyə ikili standartlarla yanaşması, BMT Təhlükəsizlik Şurasının indiyədək icra olunmayan dörd qətnaməsi barədə açıq, kəskin danışdı, tənqidi fikirlər səsləndirdi!
Prezident İlham Əliyev forumdan dərhal sonra bölgələrə getdi.
Bu həm də dördgünlük müharibədən sonra hərbi əməliyyatlar gedən bölgəyə Ali Baş Komandanın birinci səfəri idi.
Bir məsələni də vurğulamaq istəyirik ki, əgər dünya üzrə statistika aparılsa, yəqin ki, başçılıq etdiyi ölkədə bölgələrə ən çox səfər edən prezident cənab İlham Əliyev olar! Bu səfərlər zamanı hər dəfə yeni obyektlərin qırmızı lenti kəsilir, təməlqoyma mərasimi keçirilir, yerli sakinlərlə görüşərək arzu və istəkləri dinlənilir.
Amma bu səfər fərqli idi!
Ordumuz tərəfindən ağır məğlubiyyətə düçar edilən Ermənistan silahlı qüvvələri təmas xəttindəki və döyüş bölgəsinə yaxınlıqdakı kəndləri top, tank və “Qrad” atəşinə tutaraq böyük dağıntılar törətmişdi. Nəticədə 500-dən çox evə ziyan dəymiş, 100-dən artıq ev isə tamamilə dağıdılmışdır. Mülki əhali arasında ölənlər və çoxsaylı yaralı vardır. Ali Baş Komandan vəziyyətlə yerində tanış olmaq istəyirdi.
Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan möhtərəm İlham Əliyevlə Ermənistanın kriminal və korrupsioner prezidenti Serj Sarkisyanı müqayisə etmək səviyyəsizlik və həm də günah olardı. Amma eyni hadisə ilə bağlı münaqişədə olan dövlətlərin ali baş komandanlarının səfərlərini müəyyən məqamlara işıq salmaqdan ötrü tutuşdurmaq məcburiyyətindəyik.
Erməni təxribatına cavab verən Azərbaycan Ordusu bir gecənin içində düşmənə bu münaqişənin tarixində ən ağır zərbəsini vurdu!
ƏVVƏLA:
* Ermənistan ordusu təkcə məğlub edilmədi, həm də sındırıldı;
* Ermənistan ordusunun “məğlubedilməzliyi”, erməni səngərlərinin “keçilməzliyi” mifi bir gecənin içində dağıdıldı;
* Ermənilər Azərbaycan əsgər və zabitlərinin döyüş məharətini, cəsarət və qəhrəmanlığını şəxsən “yoxlayıb” gördülər;
* Düşmən ordumuzun hansı yeni silahlara (həm də hamısına olmasa da) malik olduğunun şahidinə çevrildi;
* Artıq təkcə Ermənistan başçıları, ordu generalları yox, bütün dünya anladı ki, müharibə başlasa, Azərbaycan qısa müddətdə Ermənistanı darmadağın edəcəkdir!
DİGƏR TƏRƏFDƏN:
* Azərbaycan əsgərinin özünəinamı geriyə qayıtmış, peşəkarlığı qat-qat yüksəlmişdir;
* Cəbhə bölgəsində yaşayan əhalidə qorxu və təşviş hissi yoxa çıxmış, orduya inam və etibar möhkəmlənmişdir;
* Xalqın dövlət başçısı ətrafında birliyi daha da möhkəmlənmiş, ona sevgi və məhəbbəti görünməmiş səviyyəyə çatmışdır;
* Dördgünlük müharibə Ali Baş Komandanın reytinqini daha da yüksəldərək 97 faizə çatdırmışdır!
Serj Sarkisyanın Dağlıq Qarabağa səfəri eks-prezident Ter-Petrosyanın evinə “qonaq” getməsindən fərqlənmirdi:
MƏQSƏD:
* Vəzifəsini qoruyub saxlamaq;
* Köçüb qaçan yerli əhalini birtəhər dayandırmaq;
* Ordudakı fərariliyin qarşısını almaq;
* Əsgər və zabitlərin canından Azərbaycan Ordusunun və yeni silahların doğurduğu vahiməni çıxarmaq;
* Ruhdan düşərək bədbinliyə qapılan orduda ümidsizliyi aradan qaldırmaq idi.
Erməni ali baş komandan başını o qədər itirmişdi ki, çöl-biyabandakı əsgərlərin qarşısında tribuna arxasında durub danışırdı. Özü ilə gətirdiyi tribunadan. Amma nə qədər çalışsa da, gözlərindəki təlaş və ümidsizliyi gizlədə bilmirdi. Artıq Sarkisyan başa düşüb ki, torpaqları qaytarmalıdırlar!
Cənab İlham Əliyev qalib ordunun məğrur sərkərdəsi kimi əsgər və zabitlər, mülki əhali ilə görüşə getmişdi.
Hərəkətlərində və danışığında bir qürur, cəsarət və inam duyulurdu!
Təmas xəttinin 200 metrliyində yerləşən kənddə heç nədən çəkinmədən, heç bir təhlükəni nəzərə almadan əminliklə addımlayırdı.

Yerli əhaliyə ürək-dirək verir, düşmənə isə meydan oxuyurdu!
Çünki öz torpağında idi, qalib ordunun Ali Baş Komandanı idi!
Bu qorxmazlığı, saymazlığı ilə düşmənə axırının çatdığını, tezliklə buradan rədd olub gedəcəklərini xatırladırdı!
Yerli əhali ilə görüşlər isə o qədər səmimi, mehriban, hərarətli idi ki... İnsanlar bütün rəsmiyyətin bir kənara qoyulduğu zamanda xilaskar rəhbərlə təmasdan böyük qürur və fəxarət duyduqlarını bildirir, bu görüşdən hədsiz ruhlandıqlarını söyləyirdilər!
Bəli, Ali Baş Komandan öz cəsarəti və qayğıkeşliyi ilə çətinliyə düşən vətəndaşlarına nümunə göstərir, daim onların yanında olduğunu xatırladırdı.
Xalqımız isə bir daha əmin oldu ki, onların sevdikləri və güvəndikləri dövlət başçısı cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır, onlar dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Qaçqın rayonunun təmsilçisi olaraq səmimi və mübaliğəsiz söyləyirəm:
Azərbaycanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən tez zamanda həllini cənab İlham Əliyev qədər istəyən ikinci adam tanımıram!
Dağlıq Qarabağ probleminin həlli yolunda ölkə Prezidenti qədər də çalışan, səy göstərən, iş görən ikinci insan yoxdur
!
Buyurun, onun bütün fəaliyyətinə, bütün ranqdan olan görüşlərinə, nitq və çıxışlarına baxın! Görün Qarabağ məsələsini bir dəfə olsun belə unudurmu?
Heç zaman!
Görün bu məsələnin son variantda həlli üçün necə bir qüdrətli ordu yaratmışdır!
Belədə hamımız onun bu yoldakı fəaliyyətinə dəstək olmalıyıq!
Biz hamımız!
Çünki Qarabağ münaqişəsi təkcə ərazi bütövlüyü deyil, həm də şərəf məsələsidir!
Dövlət başçısı cəbhə bölgəsindəki çıxışlarında Ermənistana mesajlarını da göndərdi:
“Əgər bir daha bizə qarşı təxribat, o cümlədən silahlı təxribat törədilərsə, yenə də Azərbaycan Ordusu öz sözünü deyəcək”.
“Azərbaycan Ordusu Azərbaycanı, Azərbaycan vətəndaşlarını qoruyur”.
“Bizim ərazi bütövlüyümüz toxunulmazdır, bərpa olunmalıdır, bərpa ediləcəkdir. Yaxşı olardı ki, bu, danışıqlar yolu ilə olsun”.
Qorxmaz və məğrur Ali Baş Komandanı, onun ətrafında sıx birləşmiş xalqı, güclü iqtisadiyyatı, qüdrətli ordusu və beynəlxalq dəstəyi olan müstəqil Azərbaycanla hesablaşmaq vaxtıdır!
Ermənistandakılar bunu nə qədər tez anlayaraq sülhə gəlsələr, özlərinə yaxşıdır!
Artıq reallıq dəyişib və tamam başqadır!

Azərbaycan Ordusu hər an irəliyə getməyə, işğal altındakı torpaqları azad etməyə hazırdır və qadirdir!
Dinc əhali başına mərmi tökülüb, ev-eşiyi dağılsa da, heç yana tərpənmir, ordusuna və Ali Baş Komandanına güvənərək təsərrüfat işlərinə davam edir.
Cənab İlham Əliyevin Qarabağa bu səfəri yeni reallıqları və əsl həqiqətləri bir daha dünyaya nümayiş etdirdi, orduda və xalq arasında böyük rəğbət və ruh yüksəkliyi yaratdı!
Elə bir ruh yüksəkliyi ki, onun bir əmri ilə xalqa və ordumuza qısa müddətdə mənfur düşməni torpaqlarımızdan qovmağa kifayətdir!

 



Bəxtiyar SADIQOV 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]