Bəxtiyar SADIQOV: - Qardaşım Zeynəb xanım

Bəxtiyar SADIQOV: Qardaşım Zeynəb xanım

Aslanın erkəyi, dişisi olmaz - demişlər.
Elə düz də demişlər!
Çünki aslan, aslandır!
Və bir də bu aslanlığı Allah-Təala özü ona verir!
Sənətinin aslanı olan Zeynəb xanım insanlığın da Aslanıdır!
Azərbaycan mahnı ifaçılığı sənətinin ən parlaq ulduzlarından sayılan Zeynəb Xanlarovanın bu il növbəti yubileyidir.
Yubiley gününədək ürəyim dözmədi, istədim ki, onun barəsində düşüncələrimi bir qədər tez qələmə alım.
Qardaşım Zeynəb xanım!
Bu il sənin, qarabağlıların təbirincə desək, “gejələri çıxsax”, qırx yaşın tamam olur.
Gördüyün işlər və Azərbaycan ifaçılıq sənətinə verdiyin töhfələr baxımından az müddət deyil! Amma səni sevənlər və sənətinin vurğunu olanların nöqteyi-nəzərincə hələ nə yaşdır?! Çünki xalqımız nə özündən doyub, nə də mahnılarından! Adi günlər bir yana, xüsusən bayramlarda gözümüz və qulağımız ekran və efirlərdə səni axtarır, səni görüb, dinləmək istəyirik!
Bu da səbəbsiz deyil!
Qardaşım Zeynəb xanım!
Allah səndən heç nəyi əsirgəməyib! Verdiklərini də elə bil böyük səhnə üçün verib! Azərbaycan qadınına xas olan bütün gözəlliklər, qeyri-adi səs, təmiz nəfəs, ilahi təbəssüm, mehribanlıq və səmimiyyətlə yoğrulan xarakter, şux ifa tərzi, yorulmayan və kökdən düşməyən boğaz... daha nələr, nələr!
Bunlar sənət tərəfidir!
Sədaqət, etibar, prinsipiallıq, qorxmazlıq - bütün bunlar daha çox kişilərə xas keyfiyyət sayılsa da, ulu Tanrı səndən əsirgəməyib! Axı, bir qədər əvvəl “aslanın erkəyi, dişisi olmur” - dedik.
Bunlar isə insanlıq tərəfidir!
Sən Allahın verdiklərini insanlardan əsirgəməmisən! Yorulmadan, zəhmət çəkməkdən qorxmadan, dinclik və istirahət bilmədən xalqına, dövlətinə, mədəniyyətinə xidmət göstərmisən.
Qardaşım Zeynəb xanım!
Sənət təkcə Allah vergisi ilə bitmir! İstedadın qədrini bilməyi, daim onu cilalamağı, zəhmət və alın təri hesabına ifanı zənginləşdirməyi də bacarmalısan!
Azərbaycanın zəngin muğamı, bir-birindən gözəl xalq mahnıları, görkəmli bəstəkarları və səs sahibləri olub. Sən sənətin çətin yoluna qədəm qoyanda səhnəmiz boş deyildi! Gözəl səsi, fitri istedadı, özünəməxsus ifası, xalq arasında böyük hörməti olan tanınmış qadın ifaçılar kifayət qədər vardı.
Onların nüfuzu və sənəti səni qorxutmadı, ruhdan salmadı!
Özündən əvvəlki ənənəni rədd və inkar etmədin!
Əksinə, yaxşıları mənimsəyərək yeni səviyyəyə qaldırdın.
Qadın mahnı ifaçılığı sahəsində özünə yer etmiş “ciddilik” və “donuqluq” çərçivəsini cəsarətlə qırıb dağıtdın!
Mahnının ovqatına uyğun olaraq səhnəyə bir şuxluq, ritm və xoş əhvali-ruhiyyə gətirdin!
Tamaşaçı və dinləyicilərin hisslərini “idarə etməyi” də öyrəndin: Sən muğam parçası oxuyanda dinləyicilər sükuta dalaraq düşünür, mahnıya keçəndə isə hamı onun ritminə uyaraq əl çalır, xoş ovqat selinə düşüb gedirdi.
Əslində, bununla sən səhnə ilə tamaşaçı salonu, ifaçı ilə dinləyici arasındakı “sərhəd”i, “tikanlı məftillər”i yox etməyi bacardın!
Bununla da qadın mahnı ifaçılığı sahəsində yeni məktəb yaratdın!
Zeynəb Xanlarova məktəbi!
Bu məktəbin uğurlu tələbələri də olub, uğursuzları da!
Amma hər halda mövcuddur və daim yaşayacaqdır!
Çünki ənənə və novatorluq üzərində qurulub!
Qardaşım Zeynəb xanım!
Sən təkcə Azərbaycan xalq və bəstəkar mahnılarının təkrarsız ifaçısı olmamısan. Həm də səhnəmizin ən gözəl Leylilərindən biri sayılırsan. Üzeyirsevərlər bu gün də sənin yaratdığın Leyli obrazını xatırlayır, disklərini sevə-sevə dinləyir. Elə Azərbaycan radiosunun “Qızıl fondu”nda saxlanılan “Çahargah” muğamını da!
Heç zaman sənətə xəyanət etməmisən!
Böyük səhnədən heç zaman ayrılmayan, pul qazanmaq üçün toylara və şənliklərə getməyən nadir ifaçılardansan. Bütün mükafatların var: ən yüksək əyarlı ordenlərdən tutmuş respublikanın və digər respublikaların fəxri adlarınadək. Hətta ermənilər cızıqlarından çıxmağa başlayanda onların “xalq artisti” adını da qaytarıb başlarına vurmusan!
Ən böyük mükafatın isə Azərbaycan xalqının sənə olan sevgisidir!
Tükənməz sevgisi!
Xalq hər oxuyanı belə məhəbbətlə sevmir!
Bir maraqlı faktı yadına salmaq istəyirəm:
Azərbaycanın üç böyük sənətkarı dəfələrlə stadionlarda anşlaqla konsertlər veriblər: Rəşid Behbudov, Müslüm Maqomayev və Zeynəb Xanlarova!
Hər üçünün xarici ölkələrə saysız-hesabsız qastrol səfərləri olub.
Hər üçünün “vizit kartı” (konsertə başlayarkən ilk ifaları) müxtəlif bəstəkarların bəstələdiyi “Azərbaycan” adlı mahnı olub.
Musiqisi, sözləri və ifa üslubu müxtəlif olsa da, hər üç sənətkarın oxuduğu “Azərbaycan” mahnısı Vətənə məhəbbətin sevgi və tərənnümünə çevrilib!
Bir faktı da deməsəm olmur: Sizə oxşamağa çalışan neçə müğənni stadionda konsert vermək niyyətinə düşsə də, heç oradakı “sektor”ların birini belə doldura bilməyiblər!
Bu da sənət meyarlarından və xalqın sevgisini göstərən əlamətlərdən biridir!
Ulu öndər Heydər Əliyevin sayəsində hər üçünüz sovetlər dövrünün ən yüksək sənət titulu sayılan “SSRİ xalq artisti” fəxri adına layiq görüldünüz!
Sənin Heydər Əliyevə olan hörmət və sevgin, onun sənin sənətinə və özünə verdiyi qiymət isə heç kimin yadından çıxmayıb. Əslində, “siyasət cahangiri” ilə “sənət aslanı”nın dostluğu çoxlarına nümunədir. Bu həm də Azərbaycan xalqının zəngin mənəviyyata malik olmasından xəbər verir.
Təbiidir ki, çoxumuz bu dostluğun və sizin aranızdakı söhbətlərin şahidi olmuşuq. Odur ki, sənin “Azərbaycan” qəzeti tərəfindən 2013-cü ildə nəşr edilən “Heydər Əliyev mənim həyatımda” kitabındakı xatirələrinin müəyyən qismini sitat gətirməklə oxucularda az-çox təsəvvür yaratmağa çalışacağam.
Bu dostluğa hər ikinizin münasibəti:
Heydər Əliyev:
“Zeynəb mənim də, ailəmin də dostudur, mən onun sənətini də, şəxsiyyətini də çox sevirəm, bilirəm ki, o da mənə həmişə sadiq olub, dost olub”.
Zeynəb Xanlarova:
“Mən Əliyevlər ailəsinin dostu idim, dost olaraq da qalıram və bu ailənin üzvləri bu gün də məni özlərinə dost saydıqlarına görə özümü çox bəxtiyar sayıram”.
Dünya xəyanətdən və xəyanətkarlardan xali deyil! Hətta böyük şəxsiyyətlər belə xəyanətlərdən sığortalanmayıb!
SSRİ-nin birinci və sonuncu prezidenti xəyanətkar M.Qorbaçovun paxıllığı və məkri ilə böyük siyasətdən müvəqqəti kənarlaşan Heydər Əliyevə Azərbaycanda da dönük çıxanlar çox oldu. Onların sırasında ulu öndərin çörək və imkan sahibi etdikləri, vəzifə pillələri ilə yuxarı qaldırdıqları da vardı. Belələri Azərbaycan Ali Sovetinin sessiyalarında Heydər Əliyevə yaxınlaşıb salamlaşmağa, hal-əhval tutmağa belə qorxurdular. Ulu öndər Moskvada xəstə yatanda isə yanına heç kəsi buraxmırdılar. Əslində, onunla görüşə can atanlar da yox idi. Qardaşım Zeynəb xanım, bu məqamda da sən istisnalar sırasında oldun.
Öz xatirələrindən:
“Bir əhvalat heç yadımdan çıxmır. 1988-ci il idi. Amerikadan bir aylıq konsertdən qayıdırdım. Bakıya Moskvadan dönməliydik. Əvvəlcədən heyət rəhbərimizə demişdim ki, mənim Moskvada işim var. Bakıya hamıyla bərabər dönməyəcəyəm. Əslində, onlar anlayırdılar bu iş nə işdir. Heyətdən dedilər ki, bilirik, Heydər Əliyevlə görüşəcəksən, amma axı, bizim üstümüzə də qara buludlar çəkəcəksən. Elə düşünəcəklər, biz də gedib Heydər Əliyevlə görüşmüşük. Dedim, bəli, mən Heydər Əliyevlə görüşəcəm, bəs siz niyə qorxursunuz bu kişi ilə görüşməyə? Axı, onun sizin hər birinizə nə qədər yardımı olub, niyə unudursunuz bu yaxşılıqları?! Bu o zaman idi ki, Heydər Əliyevin ətrafında bir ailəsi idi, bir də özü. İttifaq əhəmiyyətli pensiyaçı olsa da, ondan əl çəkmirdilər. Bakıya yoxlama yoxlama dalınca gəlirdi, insanlardan zorla Heydər Əliyevin əleyhinə yalançı “donos”lar alırdılar.
Nə isə, təkbaşına üz tutdum Kremlin sanatoriyasına. Qapıda mənə dedilər ki, bura giriş qadağandır. Heydər Əliyevlə görüşə isə ailəsindən başqa heç kəs buraxılmır. Yəni, bu dahi insanı ev dustağına çevirmək istəyirlər. Dedim, siz nə danışırsınız, Zeynəbi Heydər Əliyevlə görüşə buraxmamaq olar?! Qarşımı tankla kəssəniz də, yuxarı qalxacam. SSRİ xalq artisti olduğumu bildiklərindən mənə qarşı çox da kobudluq edə bilmirdilər, amma dirəniblər ki, yuxarı buraxmayacağıq. Mən də elə bil “Qatar” oxuyuram, zil səsim bütün sanatoriyanı bürüyüb. Bir də gördüm həkim qapıçıya yaxınlaşıb dedi ki, pasiyentin özü yuxarıdan bu qadının gəlişi üçün icazə alıb. Qaldım mat-məəttəl. Axı, pasiyent Heydər Əliyevdirsə, mənim bura gəlişimdən xəbər tutmamalıdır. Nə isə, qalxdım yuxarıya. Elə ikinci mərtəbədə bir də gördüm ki, budur ha, çinar boylu Heydər Əliyev gülə-gülə gəlir: “Zeynab, konsert salonunda deyilsən, sanatoriyadasan, bu nə səs-küydü salmısan?” Görüşdük, dedim, ay Heydər müəllim, axı, məni Sizin yanınıza buraxmırdılar. Dedi: “Ay qız, ailəmdən başqa heç gələn də yoxdur. Amma mənə deyəndə ki səni icazəsiz görməyə gələn var və aşağıdan da səsin bütün aləmi bürüyəndə, dedim, bu, Zeynabdır. Onlar hələ səni tanımırlar, bilmirlər ki, sən bura girmək üçün lap əməlli-başlı müharibə edərsən”.
Yaxud başqa bir məqam:
“1991-ci ilin fevral ayının əvvəlləri idi. Yeni çağırış Ali Sovetin ilk sessiyası keçiriləcəkdi. Heydər Əliyevlə əvvəlcədən zəngləşmişdik, salonda görüşməyə qərarlaşmışdıq. Elə binaya daxil olub asılqanlara yaxınlaşmışdım ki, bir də o əzəmətli səsi eşitdim: “Zeynab!..” Çevrildim ki, böyük foyenin ortasında bir Heydər Əliyevdir, bir mən, bir də Heydər müəllimi qoruyan Mahmud Məmmədquliyev. Qalan deputatlar, vəzifəli şəxslər hamısı pəncərələrin qabağında, küncdə-bucaqdadırlar, gizləniblər, özlərini görməzliyə vururlar. Məni saxlamaq olar?.. Heydər Əliyevi qucaqlayıb səsimin gur yerinə salaraq hamının eşidəcəyi tonda qışqırdım:”Eşq olsun xalqımın qəhrəman oğluna! Bu millətin ən böyük rəhbəri Sənsən, Sən olmusan!” Heydər müəllimin də, Mahmud müəllimin də gözləri yaşardı. Mahmud müəllim dedi ki, “Zeynəb xanım, biz xeyli müddətdir burdayıq, bizi görən on addımlıqdan qaçır. Hamısı da Heydər Əliyevin çörəyini yeyənlər, onun sayəsində adam olanlar, vəzifə görənlərdir”. Heydər Əliyev də qayıtdı ki, “Zeynab, Mahmud, siz bu adamlara fikir verməyin, onlara mənim yazığım gəlir, bədbəxt və cılızdırlar. Onlar bu gün salam verməyə qorxurlar, sabah lap təxribat da edə bilərlər. Amma mən də Heydər Əliyevəm, tək canımla onların hamısından güclüyəm!” bu sözlərdən sonra indi də məni ağlamaq tutdu...”
Heydər Əliyev sənəti və sənətkarı həmişə yüksək qiymətləndirir, onlara daim qayğı və diqqətlə yanaşırdı. Zəhmətlərinin mükafatlandırılmasına xüsusi fikir verməklə keçmiş SSRİ məkanındakı hörmət və nüfuzundan bu məsələdə də istifadə edirdi. Maraqlı bir faktdır ki, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən Azərbaycanın yazıçı, şair və sənət adamlarının sayı əhalisi Azərbaycandan qat-qat çox olan Ukraynadan artıq idi: bu da Heydər Əliyevin xidmətidir.
Sənin söylədiyin xatirələrdən daha bir misal:
“Heydər Əliyevin mənə bağışladığı bağ evində ailəliklə dincəlirdim. Bir də gördüm qapı döyülür, gələnlər də Mərkəzi Komitənin əməkdaşları idi. “Heydər Əliyev sizə telefonla zəng edəcək, təcili şəhərə getməliyik” - dedilər. Təcili şəhərə qayıtdım. Yol boyu da ürəyimdə özümü didib-tökürəm ki, görəsən, yenə sərtliyimə salıb nə etmişəm ki, məndən də Heydər Əliyevə şikayət ediblər, indi də o məni təcili axtarır. Elə mənzilə yeni daxil olmuşdum ki, bir də gördüm telefon zəng çalır. Dəstəyi qaldırdım, doğma əziz bir səs - Zərifə xanım idi. Hal-əhvaldan sonra: “Zeynəb, qardaşın səninlə danışmaq istəyir” - dedi. “Salam, Zeynab, şad xəbər eşitmək istəyirsənmi?” Heydər Əliyevin bu sözünə dərhal cavab verdim: “Sizin, Zərifə xanımın səsini eşitməkdən böyük xoş xəbər ola bilməz. Nə deməyinizdən asılı olmayaraq, mən elə sizlərin səsini eşitdimsə, demək, ən böyük şad xəbəri aldım”. Heydər Əliyev gülə-gülə dedi: “Zeynab, mən indi Macarıstandayam, hərbi telefon xətti ilə sənə zəng edirəm, istəyirəm bu xoş xəbəri elə birinci Zərifə xanımla məndən eşidəsən. Sənə SSRİ-nin xalq artisti, Rəşid Behbudova da Sosialist Əməyi Qəhrəmanı adı verildi. Təbrik edirik!” Əməlli-başlı çaşıb qaldım. Nə deyəcəyimi də bilmədim. Birtəhər özümü ələ alıb “Heydər müəllim, bu mükafatın sənədində kimin imzasının olmasının mənim üçün əhəmiyyəti yoxdur, əsas odur ki, bu mükafatı mənə Siz vermisiniz, bu, Sizin sayənizdə mümkün olub. Təşəkkür edirəm!” - dedim və kövrəldim.”
Əslində, sənin ulu öndər Heydər Əliyevə verdiyin qiyməti xalqımızın öz rəhbərinə bəslədiyi sonsuz məhəbbətin ifadəsi kimi də qiymətləndirmək olar. Odur ki, xatirələrindən sonuncu parçanı da diqqətə çəkirik:
“...Mən bəzəkli, ütülü sözləri sevmirəm və belə danışmıram da. Çox eşitmişik, hansısa rəhbər haqqında deyirlər ki, o ölməyib, qəlblərdə yaşayır. Bu sözlərin çoxu yalan olub. Amma Heydər Əliyev barədə bu söz deyiləndə öz təsdiqini tam olaraq tapır.
Heydər Əliyev İlham Əliyevin xoş əməllərində, uğurlu fəaliyyətində yaşayır!
Heydər Əliyev Mehriban xanım Əliyevanın xeyirxah işlərində, mərhəmətli missiyasında yaşayır!
Heydər Əliyev Azərbaycanın qazandığı hər bir nailiyyətdə, yüksəlişdə yaşayır!”
Qardaşım Zeynəb xanım!
İndi ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanda, demokratik, müasir dövlətdə yaşayırıq və bununla fəxr edirik! Ölkədə mətbuat və söz azadlığı, fikir plüralizmi mövcuddur. Çoxsaylı televiziya və radio kanalları, qəzetlər, informasiya agentlikləri, internet qəzet və saytları fəaliyyət göstərir. Kim nədən necə istəyir, ağlı necə kəsir, eləcə də yazır!
Amma...
Öz aramızdır, mətbuatın bolluğu, kanalların çoxluğu sənətə yaxşı heç nə verməyib! Bu gün qəzet və saytlar ifaçının istedad və mədəniyyətindən yox, neçə dəfə ərə gedib boşanmasından, kimin kiminlə oturub-durmasından yazır. Bütün teleradio kanalları əkiz uşaqlar kimi bir-birinin eyninə çevrilib. Sənət yarışmasını qalmaqal yarışması, adını “sənətkar” qoyanların bir-birinin dalınca danışması, qeybətlə məşğul olması tutub. Fəxri adı olanlar bu adın məsuliyyətini daim doğrultmaq əvəzinə lovğalanmaqla, başqalarını bəyənməməklə məşğuldurlar. Bəzi “xalq artistləri” bir-birilərinə “titullar”, yeni adlar verir, özlərini kriminal aləmin avtoritetləri kimi aparırlar. Yeganə məqsəd “toy tutmaq”, toylara “daha baha qiymətə” getməkdir! Səsi olmayanların titulları lap çoxdur. Hərə bir fonoqram hazırladaraq kompüterdə səsini gücləndirir, sonra da qoltuğuna vuraraq toyları, televiziya kanallarını gəzir. Studiyada özləri və çalğıçılar olanda da fonoqram oxudurlar.
Sənətin və sənətkarlığın meyarı itib!
SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Zeynəb Xanlarova isə unudulub!
Hər ifası bir “ustad dərsi” sayılan lent yazıları arxivlərin küncündə qalıb...
Daim tamaşaçı qarşısında canlı ifa edən, hər tədbirə və bayrama təzə mahnılarla gələn, birnəfəsə 10-15 mahnı oxuyan və oxuduqca səsi daha da açılaraq saflaşan, 3-4 saat dayanmadan, tamaşaçı alqışı və məhəbbəti selində tər töküb insanlara zövq, sevinc, xoş istirahət bəxş edən Zeynəb Xanlarova isə telekanal rəhbərlərinin, musiqi redaksiyalarına başçılıq edənlərin yadına düşmür! Çünki özləri yerlərində olmayan, sənətə və sənətkara qiymət verməyi bacarmayanlardır!
Özü yaşaya-yaşaya, hər il ölkə xaricində möhtəşəm konsertlər verə-verə hələ də səhnədə olan Zeynəb Xanlarova ekran və efirdə yoxdur!
Bəyənmədiyimiz sovet dövründə hər dəfə səfərdən qayıdanda telejurnalistlər kameraları ilə evinə gələrək müsahibə alar, 1-2 saatlıq veriliş hazırlayaraq dönə-dönə nümayiş etdirərdilər!
O zaman hələ bircə kanal vardı...
İndi isə...
Çünki Zeynəb Xanlarova yaltaqlıq nə olduğunu bilməyib, daim öz ucalığını qoruyub!
Şəxsiyyətini qoruyub saxlayır, sənətini isə hər şeydən yüksəkdə tutur!
Həm də qalmaqal yaradanlara qoşulmur...
Heç kimin dalınca danışmır...
Heç kimə titul verib, yerini şirin salmaq üçün özünü ucuzlaşdırmır...
Heç kimdən minnət götürmür, xahiş etmir!
Əslində, teleradio kanallarının yaddan çıxardığı Zeynəb Xanlarova deyil!
Unudulan, ən gözəl xalq mahnılarıdır!
Unudulan, ən gözəl bəstəkar mahnılarıdır!
Unudulan, dinləyicidə yüksək zövq formalaşdıran ifa mədəniyyətidir!
Unudulan, canlı ifa zamanı hər dəfə müğənninin improvizə etmək bacarığıdır!
Bu unutqanlıq artıq ifaçılar nəsli arasındakı əlaqələri qırır...
Nəhəng bəstəkarların yerini notu bilməyən, mahnını “ağızda yazan” bəstəçilər tutur...
Zeynəb Xanlarovanın isə yeri həmişə boş qalacaqdır!
Çünki “onu zəmanə yetirməz, dübarə bir dənədir”.
Zeynəb Xanlarova adi ifaçı deyil! Onun səsi, mahnıları həm də səfərbəredici gücə malikdir!
Dünya azərbaycanlılarını birliyə və Vətənə məhəbbətə səsləyən, sövq edən birləşdirici qüvvədir!
Qardaşım Zeynəb xanım!
Yubileyinlə bağlı sənə nə arzulayardım?!
Ən əvvəl möhkəm cansağlığı və könül xoşluğu.
Sonra isə Allah Sənə nə veribsə, axıracan olsun, başacan olsun!
Bütün bunları söyləyəndən sonra yazının əvvəlinə qayıdıram:
- İndi bildin niyə sənə “qardaşım” deyə müraciət etdim?!.

 


Bəxtiyar SADIQOV
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !