Bəxtiyar SADIQOV: - Kömək et əhdimizə çataq, Allahım!

Bəxtiyar SADIQOV: Kömək et əhdimizə çataq, Allahım!

İnsan arzusuz, ümidsiz yaşaya bilməz, Allahım!
Amma Sənin köməyin olmadan o arzuya, ümidə qovuşmaq da mümkün deyil, Allahım!
Odur ki, mətləbə yetmək üçün ancaq Sənə yalvarır, Sənin ətəyindən yapışırıq!
Həm də bizi istəyimizə tez çatdırmaq üçün əhd edib, hüzurunda and içirik, söz veririk!
Ey yerin-göyün sahibi, müşküllərin açarı, kimsəsizlərin sahibi, ulu Tanrı!
Bizi müşkülə çevrilən, illərlə əlimiz çatmayan o arzuya qovuşdur!
***
“Arxalı köpək qurd basar” deyirlər. Ermənilərin min bir hiylə ilə havadarlarına arxalanaraq ölkəmizə qarşı elan olunmamış müharibəyə başlaması çox niyyətləri ürəkdə, muradları gözdə qoydu. Minlərlə insan ömrü boyu qəlbində bəslədiyi arzusuna, ən pünhan, ən ülvi istəyinə qovuşa bilmədi, nakam qaldı.
Nakamlar cərgəsində qocalar, cavanlar, qadınlar, kişilər, hətta yeniyetmələr də vardı!
O ağır günlərdə harayımıza çatacaq, dadımıza yetəcək nə ordu vardı, nə də sərkərdə!
Doğma torpaqları canımız, qanımız bahasına qorumağa hazır idik, elə qoruyurduq da!
Di gəl ki, nə yalvarışlarımızı, tələblərimizi eşidən, nə harayımıza çataraq bizə arxa duran oldu, nə də silah-sursat verən!
Paytaxtdan, ozamankı dövlət başçılarından dönə-dönə, yalvara-yalvara kömək istədik, təhlükə və faciənin qapının astanasında olduğunu təkrar-təkrar, qışqıra-qışqıra dedik!
Amma nə fayda!
O dövrdə hamının başı hakimiyyət uğrunda mübarizəyə qarışmışdı - iqtidarın da, müxalifətin də...
Qanı tökülən, yurdu dağılan, evi xaraba qalan da xalq idi, “torpağınızı qoyub qaçdınız” tənəsilə “qaçqın”, “məcburi köçkün” “titulu” alaraq urvatsız zümrəyə çevrilən də!
Bəndələr siyasi oyunlarda uduzduqlarından xalqın, torpaqların müdafiəsini təşkil etmədiklərini, axır ki, başa düşdük! Onlar, yəqin ki, haçansa günahlarının cəzasını çəkəcəklər!
Allahım, bəs biz? Sənin qarşında təqsirimiz nə idi ki, bizə arxa durmayaraq bu günə qoydun, hər məsləhətinə şükür eyləyib asi olmağı ağlımıza belə gətirməsək də, hər şeyi əlimizdən alaraq bizi düzlərə saldın?!
Bu cəzanın, bu müsibətin nə vaxt bitəcəyini bilmək mümkünmü, ulu Tanrı?!
Niyə bizə rəhm etmirsən?!
Niyə azğın düşmənə əməlinin cəzasını verməkdə hələ də səbir edirsən?
Daha nəyi gözləyirsən?
Bu olanlar azdırmı?!
Kimə neyləmişdik ki?

***
Başımızı aşağı salıb gündəlik ruzumuzu qazanmaqla məşğul olur, xəyallarda gələn günləri düşünür, gələcəyimizi qururduq.
O gələcək günlərdə nə ölüm var idi, nə itim!
O gələcək günlərdə nə müharibə var idi, nə tökülən nahaq qan!
Orada doğma yurddan didərgin düşmək, məşəqqətli qaçqın ömrü yaşamaq da yox idi!
O gələn gün arzusu ilə insanlar özünə təzə evlər tikmək, bağlar-bağçalar salmaq istəyirdilər. Bu ümidlə ağac əkən, gül becərən də vardı, bünövrə salan, divar qaldıranlar da!
Heyhat! Alt altda, üst üstdə qaldı!
İndi nankor ermənilər ağacları kəsib, ev daşlarımızı belə yığıb aparıblar!
Köhnə evə sığmayanlar, təzə ev həvəsinə düşənlər isə hər şeyi itirib bir müddət çadırlarda, yük vaqonlarında yaşamalı oldular...
***
Hamı başılovlu, özünü lap tez zamanda geri qayıdacağına “inandıraraq” kəndini, ev-eşiyini tərk etdi.
Tövlədə mal-qarası, hində toyuq-cücəsi, zəncirdə iti qalan da oldu!
Bir də adamlar canlarını götürüb qaçırdılar, yada mal-mülk düşmürdü ki!
Çünki Xocalıdan sonra hamı ölümdən betər sayılan erməni əsirliyindən, erməni girovluğundan daha çox qorxurdu!
Min bir ümidlə geri çəkilib yollara, çöllərə səpələndik. Elə oradaca dayanıb düşmənin taladığı, od vurub yandırdığı yurdlara göz yaşları ilə baxa-baxa geriyə dönəcəkləri günü gözləməyə başladıq...
Amma yağı düşmən indiki kimi, onda da geri çəkilmək niyyətində deyildi! Çünki indiki kimi, onda da arxası möhkəm idi...
Bax beləcə gözlədik, səbir edib dözdük!
BMT-dən, ATƏT-dən, dünyadan haqq-ədalət umduq...
Aldıqlarımız isə təkcə bu oldu: ikili standartlar, boş-boş vədlər və bir də demokratiya barədə çoxsaylı tövsiyələr...
Günləri aylar, ayları illər, illəri isə onillər əvəz etdi...
***
Gözləyə-gözləyə Sənə hey yalvardıq! - Eşitdin, amma kömək etmək istəmədin!
Nəzir-niyaz verdik! - Gördün, götürdün, amma qəbul etmədin! Niyə?
Axır ki qaçqın taleyi ilə barışıb vətən həsrətini əhdlərə çevirdik!
Əhdimiz də yerinə yetmədi, Allahım!
Axı bu istəyi gerçəkləşdirmək Sənin əlində heç nə, bizim üçün isə hər şeydir!
Yurdsuz insan, ən əvvəl, itirdiyi isti yuvasına qayıtmağı arzular! Bu, təbii istəkdir.
Biz də xarabaya çevrilən, daş üstə daşı qalmayan ata-baba ocağına necə qayıdacağımızı əhd etmişik...
***
Ağdamın Bakı səmtindən girəcəyində rayon mərkəzinin əsas giriş qapısı sayılan Uzundərə deyilən bir yer var.
Bir vaxtlar orada sovet ordusuna məxsus silah-sursat anbarı da yerləşirdi.
İnsanlar doğma yurda geri dönəndə həmin Uzundərəni üzü yuxarıya dizin-dizin sürünərək qalxmağı əhd etmişdilər!
Amma həsrət o qədər uzandı ki, dizin-dizin sürünmək istəyənlərin çoxu arxası üstə əbədi yuxuya getməli oldu.
İndi torpaq qayıtsa belə, nə ayağa qalxasıdır, nə də sürünəsi!
Amma onların da son vəsiyyəti yenə torpaq oldu!
Öləni torpağa gömürlər - bu, qaydadır!
Bəs nədən hamı öz torpağında, öz qəbiristanlığında basdırılmaq istəyir? Bunu biz bilmədik..
Sən daha yaxşı bilərsən, ulu Tanrı!
Buna imkan olmadıqda isə Vətən torpağından bir ovuc məzarına səpilməsini istəyən, bu torpaq həsrətini son nəfəsdə ən yaxınlarına son istək kimi çatdıranlar da oldu!
Neyləməli... İnsanlar onlardan əvvəl haqq dünyasına qovuşmuş əzizləri ilə bir qəbiristanlıqda, yanaşı qəbirlərdə uyumaq istəyirlər!
Bu niyyətlə də tabutda dəfn edilmələrini, qəbirə müvəqqəti qoyulmalarını vəsiyyət edirdilər!
İndi də həmin “qərib məzarlar” nigarandır, oradakılar o dünyada da doğma torpağa qayıdacaqları günü gözləyirlər.
Onlar özlərini könüllü gorbagorluğa məhkum ediblər!
Uşaqlarının boynuna şulüzüm yükünü qoyublar!
İndi övladların da “köç dövrü” başlayıb! Amma valideynlərinin yanına hansı üzlə gedəcəklərini bilmirlər.
Çünki onların vəsiyyətlərini yerinə yetirməyiblər!
Nəşlərini doğma torpaqlara qaytarmayıblar!
Əhdinə vəfa etməyən övlad isə valideyn qarşısında üzüqara sayılır.
Bu dünyası əzab-əziyyətli, o dünyası üzüqara - bu nə taledir, Allahım?!
***
O qədər evlənmək, ailə sahibi olmaq, toy etmək istəyən vardı ki...
Amma tərs toyları çalındı, nəsibləri başdaşına qırmızı lent bağlanan şəhid məzarları oldu...
O qədər hərbi paltarda toy çaldıran, bəy oturan vardı ki...
Amma özündən sonraya doğmalarına “şəhid ailəsi”, “şəhid övladı” adını yadigar qoyub getdi...
O qədər “üzümü Xankəndidə qırxdıracam” deyən özünümüdafiə batalyonunun döyüşçüsü vardı ki...
Amma bir qismi saqqallı qocaya, bir qismi əmanət qəbirdə yatana çevrildi, bir hissəsi isə səssizcə kənara çəkilib üzünü qırxdı...
***
Əhdlərinə çatmasalar da, əhdə vəfa edənlər çox oldu, Allahım!
Nişanlısı, deyiklisi müharibədə şəhid olan onlarla qız ömrünü tək-tənha başa vurmaqdadır...
Saçının birini ağ, birini qara hörən yüzlərlə gəlin qocalmayan şəhid ruhları ilə yaşaya-yaşaya artıq nənə olub...
Yetimliklə böyüyən yüzlərlə şəhid övladı isə artıq Azərbaycan ordusunun hünərli zabitidir. Onlar da, hamı kimi, Ali Baş Komandanın əmrini gözləyirlər!
***
Hamımız Sən yaratdığın bu işıqlı dünyanı tərk etməkdəyik. Gündən-günə sıralarımız seyrəlir, Allahım!
Heç olmazsa bir əhdimizin yerinə yetməyinə kömək et:
Vətənə qayıdıb, orada ölmək istəyirik!
Əmanət qəbirləri vəsiyyət edilən qəbiristanlıqlara çatdırmaq istəyirik!
Düşməndən qısasımızı almaq, bizə etdiklərinin əvəzini çıxmaq istəyirik!
Bir də Ağdamda, Füzulidə, Cəbrayılda, Laçında, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, eləcə də Dağlıq Qarabağda, Şuşada şəhid övladlarına toy çaldırmaq, onlar üçün evlər tikmək istəyirik!
***
Bir də biz gördük - kifayətdir, heç bir bəndən görməsin.
Noolar, qoyma daha bundan sonra heç yerdə müsəlmanların başına bu müsibətlər gəlsin, bu sitəmlər olsun, Allahım!
Axı sən hamının Allahısan, Allahım!
Deyilmi?

 


Bəxtiyar SADIQOV 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !