Rio-2016-ya ictimai dəstək Qubadan başladı - FOTO

Rio-2016-ya ictimai dəstək Qubadan başladı FOTO

Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsinə start verilib.
3 mərhələdən ibarət olan layihənin “Kim sevirsə idmanı, poladdan olar canı” şüarı ilə Quba rayonunun Püstəqasım kəndində baş tutan ilk mərhələsində yeniyetmə oğlan və qızlar stolüstü tennis turnirində mübarizə aparıblar.
Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi idman nailiyyətlərindən danışıb, cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizin dünyanın idman ölkəsinə çevrildiyini qeyd edib. Bunun da nəticəsində yetişməkdə olan gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinin, onların idmana olan marağının artırılmasının günün prioritet istiqamətlərindən biri olduğunu bildirib. Layihənin də əsas məqsədinin region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və qarşıdakı Rio Olimpiya oyunlarında idmançılarımıza ictimai dəstəyin verilməsi olduğunu, xüsusilə də ötən il I Avropa Oyunlarının möhtəşəm təşkilatçılığının əhəmiyyətini vurğulayan natiq bildirib ki, ölkəmizdə bir-birinin ardınca təşkil edilən müxtəlif idman turnirləri Azərbaycanımızın haqq səsinin dünyaya çatdırılması, həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir.
Tədbirdə çıxış edənlər – Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Püstəqasım kənd tam orta məktəbinin direktoru Nail Seyidəhmədov, məktəbin fiziki tərbiyə müəllimi Etibar Əlixanov bu kimi tədbirlərin gənclərin sağlam ruhda tərbiyə edilməsi istiqamətində böyük əhəmiyyətini qeyd edib, eyni zamanda Azərbaycanımızın dünyada artan nüfuzunun, idman nailiyyətlərinin gənc nəsil arasında təbliğinin vətənpərvərlik, dövlətçilik və vətənə sədaqət ruhunda tərbiyə edilməsində vacib amil olduğunu bildiriblər.
Rəsmi açılış mərasimindən sonra turnirə start verilib.
Yarışın əsasnaməsinə uyğun olaraq oğlanlar və qızlar fərdi birincilikdə qalib adı uğrunda mübarizə aparıb. Nəticədə oğlanlar arasında Qüdrət Abdullayev, qızların yarışında isə Əfsanə İsayeva bütün rəqiblərinə qalib gələrək birinci yeri tutublar.
Yekunda qalib və mükafatçılara layihə çərçivəsində təşkilatçılar tərəfindən hazırlanmış diplomlar, xüsusi bukletlər, “Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.
Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Dağlı kəndində qızların iştirtakı ilə voleybol idman növü üzrə keçiriləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !