Bəxtiyar SADIQOV: - Bir günlük müharibənin dərsləri

Bəxtiyar SADIQOV: Bir günlük müharibənin dərsləri

Bu dərslərdən bütün dünya nümunə götürə və nəticə çıxara bilər




İlham ƏLİYEV: “Azərbaycan Ordusu işğalçıya sarsıdıcı zərbə vurdu”




Nəhayət, hamının uzun müddətdir gözlədiyi gün gəlib çatdı!
İtirilmiş ümidlər dirçəlib çiçək açdı, xoşbəxtliyə doğru dönüş yarandı!
Azərbaycan işğal altındakı torpaqların azad edilməsinə, mənfur
düşmənin ölkədən qovulması prosesinə başladı!

Hər şey qəfildən baş verdi!
Hər şey bir günün içində oldu!
Düşmən ordusu bir həmləyə biabırçı məğlubiyyətə uğradıldı və illər boyu bərkidib-betonladığı, dinc əhalinin başına güllə, mərmi yağdırdığı mövqelərdən bir gecədə qovulub çıxarıldı!
Təkcə məğlub edilmədi, sındırıldı!
Azərbaycan Ordusundan qat-qat gücsüz və zəif olduğu sübut edildi!

Qarşımızda duruş gətirə bilməyəcəklərinə əmin oldular!
Təxribatlarından əl çəkərək sülh danışıqlarına başlamağın məhz onlar üçün zəruri olduğunu başa düşdülər!
Bu dönüşü, bu dəyişikliyi Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev yaratdı!
Bütün bunlara öz xarizması, qətiyyəti, prinsipiallığı, müdrikliyi, qabiliyyət və bacarığı sayəsində nail oldu!
İllər boyu beynəlxalq aləmdə apardığı yorulmaz işlərlə, diplomatik məharəti ilə, müstəqil Azərbaycanı bütün parametrlər üzrə qüdrətli dövlətə çevirmək üçün göstərdiyi nəhəng və çoxcəhətli fəaliyyəti ilə məqsədinə çatdı!
Əslində, bir gecənin uğuruna illərin zəhməti təməl yaratmışdı.
Odur ki, bir gecəlik müharibənin dərsləri ibrətamiz və möhtəşəmdir. Bu dərslərdən bütün dünya öyrənə, nümunə götürə bilər və götürməlidir!
Nədir o dərslər?
Ən böyük dərsi Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev verdi!
* Bu, diplomatiya sahəsində necə iş aparmaq, öz həqiqətlərinə başqalarını necə inandırmaq, tərəfdarlarının sayını artıraraq loyalları necə zərərsizləşdirmək, ən nəhayət, düşməni necə diz çökdürmək dərsidir!
* Ali Baş Komandan kimi ordunu necə modernləşdirmək, ən müasir silahları əldə edərək (tapıb, alıb ölkəyə gətirərək) Silahlı Qüvvələri müasirləşdirib gücləndirmək, hücum əməliyyatlarını necə hazırlayaraq ən qısa müddətdə son dərəcə məxfi şəraitdə həyata keçirmək, ən mobil, mütəşəkkil, cəsur və vətənpərvər orduya malik olmaq dərsidir!
* Hərbi əməliyyatlara necə başlamaq, əvvəlcədən hansı hazırlıq işləri görmək, beynəlxalq aləmdə baş verənlərlə müharibədəki vəziyyəti uzlaşdırmaq, “informasiya arsenalı” ilə necə işləmək, hücum zamanı harada, necə və nəyə görə dayanmaq dərsidir.
* Bu, quduzlaşan, havadarlarının hesabına torpaq tutaraq soyqırımları törədən, qəddarlığı və vandallığı özünə peşə edən, tutduğu əraziləri xarabalığa çevirən, dinc əhalinin, qadın və uşaqların qanını axıdaraq qətlə yetirən, cəzasızlığına əmin olan mənəviyyatsız ordunun təkcə qulağını burmaq yox, həm də sındırmaq, fərarilər yığnağına çevirmək dərsidir!
* Ordunu, hərbi əməliyyatları necə idarə etmək, mütəhərrik manevrlər keçirmək, hücumla atəşkəs rejimini üzvi surətdə əlaqələndirmək dərsidir!
* Hər bir vətəndaşın, hər bir hərbçinin qədrini bilmək, şəhid getmiş Vətən övladını hörmət-izzətlə dəfn etmək, şəhid valideynlərinə qayğı və ehtiram göstərmək, torpağın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla çarpışan, hər an bu yolda canından keçməyə hazır olan vətənpərvər gənclər nəsli tərbiyə etmək dərsidir!
* Döyüşlərdə yaralananlara dayaq durmaq, onlara qayğı göstərmək, mənən həvəsləndirmək, müalicələrini təşkil etmək dərsidir!
* Ən nəhayət, sülh danışıqlarından qaçan, razılaşmaların pozulması üçün daim təxribat əməlləri törədən, riyakarlıq edən düşmənin sülh üçün yalvarmasına vadaretmə dərsidir!
Bir günlük müharibədə təkcə Ali Baş Komandan cənab İlham Əliyev ustad dərsi keçmədi. Müzəffər Azərbaycan Ordusu da yağıya nəyə qadir olduğunu göstərdi.
Milli Ordumuzun verdiyi dərslərin bir qismi bunlardır:
* Döyüş tapşırıqlarını ən qısa müddətdə və dəqiq şəkildə, qarşıya qoyulan vəzifəyə uyğun formada həyata keçirmək;
* Ən müasir silahlardan məharətlə, peşəkarlıqla istifadə etmək, yerli şəraitə və relyefə uyğun silah növü seçmək;
* Düşməni qəflətən yaxalayaraq çaxnaşmaya salmaq, silah-sursatını ataraq müqavimətsiz qaçmağa məcbur etmək;
* İllər boyu bərkidilmiş, havadan və qurudan müdafiə sədləri yaradılmış əlçatmaz mövqeləri qısa müddətdə, itkisiz almaq;
* Alınmış mövqelərdə qısa zaman kəsiyində möhkəmlənmək, geriyə qayıtmağa cəhd edən düşmənin bütün həmlələrini dəf edərək yerində oturtmaq;
* Hərbi əməliyyatların gedişində dinc əhaliyə xətər toxundurmamaq.
Bir günlük müharibədə verilən dərslər və qazanılan uğurlar nəticəsində çox ciddi dəyişikliklər də baş verdi. Dəyişikliklərin miqyası ağlagəlməz dərəcədə əhatəli və elə dərindir ki, insanı sözün həqiqi mənasında heyrətə salır.
Beynəlxalq aləmdə:
* Uzun illər boyu erməniləri müdafiə edənlər, onların hər şıltaqlıqlarına dözənlər, çaldığı havaya oynayanlar dərk etdilər ki, Ermənistan sülhə gəlməsə, özü üçün pis olacaqdır;
* ATƏT-in Minsk qrupu sanki yuxudan ayıldı, ermənipərəst mövqeyinin səmərəsiz olduğunu, münaqişəni Azərbaycan tərəfinin təkbaşına həll edə biləcəyini başa düşdü;
* Sanki bir çoxu Ermənistan qoşunlarının uzun müddətdir Azərbaycan torpaqlarını işğalda saxladığını, Azərbaycanın öz torpaqlarını azad etmək hüququnun olduğunu və bu yolda mübarizə apardığını, Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu anladı;
* Bir çox qurumlar və beynəlxalq təşkilatların başçıları, dövlət rəhbərləri, dünyanın və Avropanın tanınmış siyasətçiləri obyektiv mövqedən açıqlamalar və bəyanatlar verdilər;
* İndiyədək ikili standartların əsiri olanların bir çoxu “sülh uğrunda” hərəkətə keçdi.
Çap və elektron media, sosial şəbəkə necə “işlədi”:
Hər bir Azərbaycan vətəndaşı, - hansı KİV-də çalışmasından və sosial şəbəkədə paylaşmasından asılı olmayaraq, - özünü son dərəcə vətənpərvərcəsinə, təmkinli və soyuqqanlı apardı.
Heyrət doğuracaq bir dəyişiklik, heyran qoyacaq bir mövqe!
Sanki hamı bir nəfər kimi dərk etmişdi ki, işğal altındakı torpaqların müqəddəratının həll edildiyi dövrdür.
Vətən naminə hamı yumruq kimi birləşməyi, öz Prezidentinin, Ali Baş Komandanın yanında olmağı mənəvi borc kimi qəbul etmişdi.
Söz deyən hər bir insan məsuliyyətini dərk edir, müharibə dövrünün tələblərini nəzərə alırdı.
Sosial şəbəkə də əsl mətbuatın bir hissəsinə çevrilmişdi.
Vətənpərvərlik, təmkinlilik, dövləti maraqların daim uca tutulması adi normaya çevrilmişdi.
Orduya can atanların, bu istəklə Səfərbərlik və hərbi qulluq üzrə Dövlət Xidmətinə müraciət edənlərin sayı-hesabı yox idi. Əhali orduya yardım çağırışı etdi, bu istəyi xeyli insan gerçəkləşdirdi, müharibə veteranları döyüşlərə qoşulmaq üçün bəyanatlar verdi. Şəhid valideynləri Vətən uğrunda həlak olmuş övladlarının itkisini dözümlə, vətənpərvər insanlar kimi qarşıladılar, böyük ürək sahibi olduqlarını hiss etdirdilər!
İnanmaq olmazdı ki, Azərbaycan bir günün dərslərindən sonra bu qədər dəyişəcək, insanlarda böyük coşqu, ruh yüksəkliyi, milli maraqlara münasibətdə bu qədər təəssübkeşlik yaranacaqdır!
Sanki hamı döyüşən əsgərə çevrilib!
Sanki hamı özünü səngərdə hiss edir!
Belə bir dönüşün və anın həsrətini gör nə qədər çəkmişik!
Çoxdandır Azərbaycanı belə hayqıran və sevinən görməmişik!
Çoxdandır xalqımızda belə ruh yüksəkliyinin şahidi olmamışıq!
Çoxdandır heç birimiz bu qədər dərindən və birlikdə sevinməmişik!
Möhtəşəm Qələbən davamlı olsun, Azərbaycan!
Bu Qələbəni, sevinc və fərəhi bizə yaşadan Ali Baş Komandana, igid Vətən oğullarına eşq olsun!

 


Bəxtiyar SADIQOV
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !