Bəxtiyar SADIQOV: - İLHAM ƏLİYEV ZİRVƏLƏRİ QAYTARDI

Bəxtiyar SADIQOV: İLHAM ƏLİYEV ZİRVƏLƏRİ QAYTARDI

Bir jurnalist kimi ən böyük arzum qələbədən yazmaq olub!
Düşməni pərən-pərən salaraq işğal altındakı torpaqların azad edilməsi ilə bağlı Qələbədən!
Nə gizlədim, belə bir yazının yazılacağının mənə qismət olacağına ümidimi itirmişdim...
Ancaq aprel ayının 2-si gecəsi Ali Baş Komandan cənab İlham Əliyev bu ümidi nəinki diriltdi, həm də inama çevirdi!
Möhkəm və sarsılmaz inama!

Təkcə mən yox, doğma yurd-yuvasından didərgin salınmış yüz minlərlə insan qoyub gəldikləri evlərinə qayıdacaqlarına, həm də lap tezliklə geri dönəcəklərinə əmin oldular!
Dağılmış və xaraba qalmış evlərinə...
Çünki inanırlar ki, Prezident İlham Əliyev müstəqil Azərbaycanın digər guşələri kimi azad olunmuş Qarabağı da yenidən cənnətə çevirəcəkdir!
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki ilk qələbəyə əzablı, uzun və çətin yol keçərək gəlmişik. Maymaq, qətiyyətsiz, səriştəsiz iqtidarların dövründə nə ordu var idi, nə də torpaqların müdafiəsi ilə dövlət səviyyəsində məşğul olan! Vətənin qeyrətli övladları şəhid getsə də, torpaqları kəndbəkənd, bir-birinin ardınca itirirdik.
Nə səsimizi eşidən vardı, nə də dadımıza yetən!
Axırda xalq öz sınanmış oğlunu, ulu öndər Heydər Əliyevi köməyə çağırdı. Xalqın səsinə biganə qala bilməyən ümummilli lider Heydər Əliyev geriyə dönərək çox qısa müddətdə müstəqilliyimizi məhv olmaqdan, Azərbaycanı isə bir dövlət kimi dünya xəritəsindən silinməkdən xilas etdi. Eyni zamanda, bir sıra mürəkkəb vəzifələrin icrasına başladı:
* Ordu quruculuğunda dönüş yaradaraq Horadiz ətrafında düşmənə ilk güclü zərbəni endirdi;
* Bundan sonra müharibə bölgəsində atəşkəs yarandı;
* Qeyri-qanuni silahlı dəstələr ləğv edildi, əhalidəki külli miqdarda silah-sursat yığıldı;
* Ölkədə möhkəm və dönməz sabitlik yaradıldı, bazar iqtisadiyyatı münasibətlərinə keçidi şərtləndirən islahatlara başlandı;
* Böyük bir jurnalistlər ordusunun görə bilməyəcəyi işi təkbaşına həyata keçirərək ölkə ətrafındakı informasiya blokadasını yardı;
* “Əsrin müqaviləsi” neft kontraktını imzalatdıraraq dünyanın aparıcı dövlətlərinin maraqlarını Azərbaycanın maraqları ilə uzlaşdırdı;
* Azərbaycanı Avropa Şurasına üzv etdi, beynəlxalq təşkilatlarla aparılan işin təməlini qoydu.
Dəfələrlə sülh sazişinin imzalanmasına yaxın olsaq da, havadarlarına arxalanan Ermənistan bundan boyun qaçırdı.
Təəssüf ki, torpaqların hərbi yolla qaytarılmasına vaxtı çatmadı.
Ömür ulu öndərimizə vəfa etmədi...

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan cənab İlham Əliyev başlanmış işləri sürətlə və əzmlə davam etdirdi:
* Ölkəni sürətli inkişaf yoluna çıxardı!
* Cənubi Qafqazın ən güclü dövlətinə, dünyada söz sahibinə çevirdi!
* BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə nail oldu!
* Müasir, modern ordu yaradaraq onu ən yeni silahlarla silahlandırdı!
* Hər dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində uğur qazanılanda düşmənin təxribata əl atdığını, sülh danışıqlarını pozduğunu görərək onların əməllərinin dünya ictimaiyyəti qarşısında ifşasına başladı.
Ermənistana başçılıq edənlərin mövcud status-kvonun saxlanılmasında israrlı olduğunu gördü. Belə bir vəziyyət isə Azərbaycana qətiyyən sərf etmirdi!
Yaranmış situasiyanı düzgün qiymətləndirən Ali Baş Komandan öz qətiyyətli, prinsipial və cəsarətli mövqeyini sonadək qorudu və...
Aprelin 1-dən 2-sinə keçən gecə erməni tərəfinin növbəti təxribat əməllərinə - atəşkəsi pozmalarına, təmas xəttindəki kəndləri və orada yaşayan sakinlərin evlərini iri çaplı silahlardan, top, “qrad” və qumbaraatanlardan atəşə tutmasına Milli Ordumuz özünün bütün arsenalı ilə cavab verdi:
* Düşmənə ağır və sarsıdıcı zərbə endirildi! Erməni əsgərləri silah və sursatlarını ataraq qaçmağa başladılar.
* Cəsur əsgər və zabitlərimiz yüksək peşəkarlıq göstərərək düşmənin uzun müddətdən bəri möhkəmləndiyi bir neçə strateji yüksəkliyə yiyələndi! Beləliklə, işğal altındakı xeyli ərazilərə nəzarəti ələ keçirdi.
* Qısamüddətli müharibədə Azərbaycan ordusu özünün bütün gücünü, ən yeni texnologiyaya əsaslanan silahlarını nümayiş etdirdi! Erməni ordusunun “məğlubedilməzliyi” haqqında özlərinin yaratdıqları süni mif bir gecənin içində sabun köpüyü kimi partladı.
* İşğal etdiyi torpaqlardan qovulan erməni ordusu təkcə məğlub edilmədi, həm də sındırıldı! Ermənistanın betonlaşdırıb qurduğu və “alınmaz” hesab etdikləri səngər və sığınacaqlar Azərbaycan əsgərinin ayaqları altında qaldı.
* Bir gecənin içində məzlumlaşaraq zavallı vəziyyətə düşən düşmən öz müttəfiqlərini qınamağa başladı! Rusiyanı, İsraili ölkəmizə silah satmamağa çağırdı və cavabı verilərək ağzından vuruldu!
Ali Baş Komandan cənab İlham Əliyev ələ keçirilən yüksəkliklərə - zirvələrə bərabər olan digər mənəvi amillərə də yenidən həyat verdi:
* Azərbaycan xalqı xilaskar ordusunun qüdrətinə əmin oldu;
* Qəhrəman döyüşçülərimiz nəyə qadir olduqlarını bu dəfə əyani şəkildə nümayiş etdirdilər;
* Əsgər və zabitlərimizin ən yeni silahlardan necə bacarıqla istifadə etdiklərinin şahidinə çevrildik;
* Müharibənin gedişində çoxdan gözlədiyimiz dönüş baş verdi;
* Azərbaycan ordusunda, Azərbaycan xalqında, dünya azərbaycanlılarında böyük ruh yüksəkliyi, sonsuz sevinc yarandı;
* Şəhidliyə yüksəlmiş Azərbaycan övladları hər bir azərbaycanlının əzizinə və müqəddəs ünvanına çevrildi;
* Xalqın ölkə rəhbəri ətrafında mənəvi birliyi, Ali Baş Komandana inam və məhəbbəti qat-qat artdı;
* Cənab İlham Əliyev bir günün içində dünyanın ən yüksək reytinqli dövlət başçısı səviyyəsinə yüksəldi!
Bəli, bir gündə qazanılan qələbə çox böyük dəyişikliklər yaratdı!
Bizə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində torpağın işğaldan azad olunması ilə bağlı ilk sevinci və bayramı yaşatdı!
Böyük qələbənin ilk dadını hiss etdik! Ondan yazmaq imkanı qazandıq!
Artıq əminik ki, tam qələbədən də yazacağıq!
Həm də erməni əsirliyindən qurtulmuş torpaqları gəzə-gəzə yazacağıq!
Dağılmış ərazilərimizin yenidən tikilib-qurulmasından, abadlaşdırılmasından, doğma Qarabağın laləzara çevrilməsindən dönə-dönə yazacağıq!
Əminəm ki, bu xoşbəxtliyi də bizə cənab İlham Əliyev nəsib edəcəkdir!
Zirvələri fəth etməklə özü də zirvəyə ucalan Prezident İlham Əliyev!



Bəxtiyar SADIQOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !