Azər HƏSRƏT: - Humanizminizi özünüzə saxlayın!

Azər HƏSRƏT: Humanizminizi özünüzə saxlayın!

Biz humanizm əleyhdarı deyilik. Bir yerdə hansısa münaqişəni dinc yolla həll etmək imkanı varkən, savaş yolunu da seçmərik. Çünki savaş tərəflərin hər ikisinə qan, göz yaşı gətirir.

Adı üstündə, savaşdır yəni.

Düşmən tərəfdən ölən olursa, təbii ki, bizim də şəhidlər verməyimiz qaçılmazdır. Kimsə istəməz ki, kimsənin övladı, atası, qardaşı, həyat yoldaşı şəhid düşsün, ailələr başsız qalsın. Amma qaçılmazdır bu. Çünki bunun adı savaşdır. Hələ düşmən sənin torpağını işğal edibsə, nə etsən belə itkilərdən qaça bilməzsən.

Aprelin başlanğıcında işğalçı Ermənistanın avantürası sonucu təmas xəttində intensivləşən döyüşlər Azərbaycana yeni şəhidlər qazandırdı. Özü də bu şəhidlər şərəfilə döyüşə atılmış, bir addım belə geri durmadan, göz qırpmadan Vətən uğruna canlarını fəda edən igid oğullarımızdır. Onlar düşmən qarşısında geri çəkilsəydi, 23 il sonra bizə qələbə həzzini kim yaşadardı? Məhz onların canlarını fəda etməsi Azərbaycan xalqının yenidən toparlanmasına, oyanmasına, torpaqlarından vaz keçməyəcəyini dünyaya təkrar göstərməsinə səbəb oldu.

Böyük hesabla millət şəhidlərimizin layiqli qiymətini verdi və verməyə də davam edəcək. Amma…

Amma aramızda elələri də tapıldı ki, insanların duyğularını istismar etməklə məşğuldur. Bunlar bizim üzərimizə top-tüfənglə gələn işğalçı ermənilərdən də pisdir. Çünki erməni cəbhə xəttinin digər tərəfindədir, bu duyğu istismarçıları isə lap burnumuzun ucunda, hər yerdə, aramızdadır.

Bu istismarçılar nə edir deyə soruşsanız, cavab verirəm: bunların humanizm damarı çox güclüymüş. Sual edirlər ki, niyə gənc oğullarımız cəbhədə həlak olmalıdır? Hətta bəziləri şəhidlərimizin məsum görüntülərini paylaşaraq, “mənə heç kimsə Vətəndən danışmasın” deyə sərsəm bəyanatlar da verirlər. Bu Vətən xainləri bu əməllərilə Azərbaycan xalqının 23 il sonra təkrar yüksəlmiş ruhuna balta çalır, düşmən dəyirmanına açıqca su tökməyə xidmət edirlər!

Bu ünsürlərə ha izah edirik ki, savaşı başladan biz deyilik, o xaraba Ermənistanın bir qarış torpağını işğal etməmişik, müdafiəyə məcbur edilmişik, anlamırlar. Daha doğrusu, anlamaq istəmirlər. Guya yəni!

Halbuki onlar da yaxşı bilirlər ki, Azərbaycan 30 ilə yaxındır ki, arzu etmədiyi bir münaqişəyə zorla cəlb edilib. Üstəlik, torpaqlarımızın bir qismi düşmən tərəfindən işğal olunub. Bütün bunlara baxmayaraq 22 il öncə atəşkəsə razılıq vermişik. Ki, bəlkə düşmən bizimlə problemini masa arxasında çözə. Amma alınmır. Çünki bizim bu xoş məramımızı onlar qorxaqlıq, zəiflik kimi qəbul edir.

Yenə də bütün bunlara baxmayaraq biz dözürük, təmkinli davranırıq, “ən pis barış ən yaxşı savaşdan daha yaxşıdır” deyib, işğalçıyla silah deyil, danışıqlar yoluyla dil tapmağa çalışırıq. Bu da bəs eləmir. Düşmən, işğal etdiyi torpaqlarda da dinc durmur, sürəkli bizə tərəf bomba yağdırır.

Durum budur.

Belə olan halda biz nə etməliyik? Durub düşmənə güllə yerinə gül-çiçəkmi atmalıyıq? Təbii ki, düşmənin qarşısına canlı qüvvəmiz və silah-sursatımızla çıxmalıyıq.

Çıxırıq da. Amma savaşın üzü qara olsun, itkisiz də keçinmək olmur. Millətin ən dəyərli övladları canlarından keçməli olur ki, düşmən daha irəli gedə bilməsin.

İndi bütün bunları o duyğu istismarçıları anlamırmı? Anlayır əlbəttə. Bəs nədir onların “humanizm” damarını sıxan? Məncə, bu, sadəcə “humanizm” adı altında erməni təəssübkeşliyindən başqa bir şey deyil! Bu adamların dərdi bizim şəhid düşən əsgərlərimiz də deyil. Sadəcə bir zamanlar genlərinə hopmuş erməni qanının hərəkətlənməsidir onlara “humanizm” diktə edən.

İndi biz savaşırıq. Zorla cəlb edildiyimiz savaşda onlarla deyil, yüzlərlə, minlərlə şəhidimiz ola bilər. Buna hər kəs hazır olmalıdır. Həm də ölümlərin ən şərəflisi olan şəhidliyə yüksəlmək də hər insana nəsib olmur. Axı bu şərəfli ölümlər bizə 23 ildir həsrətində olduğumuz torpaqları qaytaracaq. Bunun üçün şəhid olmağa, ən dəyərli oğullarımızı qurban verməyə dəyməzmi? Dəyər əlbəttə. Ona görə də duyğu istismarıyla məşğul olanlar hesabını götürsün. Əgər siz milləti humanizm nağıllarıyla savaşdan soyutmaq istəyirsinizsə, demək, düşmənə işləyirsiniz! Düşmənə işləyənlərə münasibətsə savaş qanunlarına uyğun olmalıdır! Bunun nə olduğunu hər kəsin yaxşı bildiyinə heç şübhəm yoxdur. Demək istədiyim odur ki, humanizminizi özünüzə saxlayın! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !