BMT Sivilizasiyalar Alyansının Bakı Forumu çərçivəsində Gənclər Forumu işə başlayıb - FOTO

BMT Sivilizasiyalar Alyansının Bakı Forumu çərçivəsində Gənclər Forumu işə başlayıb FOTO

 Aprelin 25-də “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakı Konqres Mərkəzində Gənclər Forumu işə başlayıb.

Forumun açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva iştirak edib.

Bakı dünyanın ən nüfuzlu qurumlarından sayılan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) VII Qlobal Forumuna ev sahibliyi edir. Tədbir çərçivəsində Gənclər Forumunun keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu Forum mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, yeni mənbələrin müəyyənləşdirilməsi və digər məsələlərin müzakirəsi baxımından mühüm imkandır.

Gənclər Forumunda beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak edirlər.

Tədbirdə əvvəlcə “Gənc olmayan tədbir” (Not a youth event) mövzusunda təqdimat olub. Təqdimatda qeyd edilib ki, bu Forumda qarşıda duran məqsədlərə nail olunması, gənclərin beynəlxalq əməkdaşlığının güclənməsi, yaşadığımız planeti daha yaxşı məkana çevirmək imkanları və s. məsələlər müzakirə ediləcək. Bildirilib ki, Forumda BMT-yə müraciət edən gənclər arasından iki aylıq seçim prosesindən sonra müəyyənləşdirilən 100 nəfər iştirak edir. Məqsəd dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir və düşüncələrini öyrənməkdir. Həmçinin bu Forumun mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi və s. məsələlərin müzakirəsi üçün mühüm imkan olduğu vurğulanıb.

Sonra Gənclər Forumunun açılışı olub.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov açılış nitqləri söyləyiblər.

Leyla Əliyeva Forumda çıxış edib.

Leyla Əliyeva dünyanın müxtəlif ölkələrindən olan gəncləri ölkəmizdə salamlayaraq, Bakı Forumunun qarşılıqlı anlaşmanın və əməkdaşlığın beynəlxalq miqyasda təşviqində mühüm rol oynayacağına əminliyini bildirib:

- Əminəm ki, Bakı Forumu bizim bütün dünyada anlaşma və əməkdaşlığın təbliği ilə bağlı birgə səylərimizə öz töhfəsini verəcək. Azərbaycan Şərq ilə Qərbin kəsişməsində, Şərq müdrikliyi ilə Qərb tərəqqisinin qarşılaşdığı məkanda yerləşən qədim ənənələr və zəngin tarixə malik diyardır. Qədim zamanlarda Azərbaycan tarixi İpək Yolunun üzərində əsas mərkəz olub. Bu, Azərbaycanı tolerantlıq, yeni ideyalar və dialoqa inanan ölkəyə çevirərək mədəniyyətimizə inanılmaz dərəcədə təsir edib.

Azərbaycanın bu unikal coğrafi mövqeyi onun landşaftına da öz təsirini göstərib. Ölkəmiz ecazkar başı qarlı dağlar, sıldırım qayalar, sıx meşələr, çəmənliklər, düzənliklər diyarıdır. On bir iqlim qurşağından doqquzu Azərbaycanda var. Bu, bizə çox zəngin təbii mühit və biomüxtəliflik verir. Bəxtimiz gətirib ki, biz inanılmaz tarixə, müxtəlif mədəniyyət və zəngin biomüxtəlifliyə malikik. Mən əminəm ki, bizim ölkəmizdə olmaqdan zövq alacaqsınız.

İcazə verin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri qismində bəzi fikirlərimi bildirim. Mən bilirəm ki, statistik məlumatlar dəhşətlidir. Bu gün aclıq və aclıqla əlaqədar səbəblərdən hər dörd saniyədə bir nəfər dünyasını dəyişir. Daha kədərlisi odur ki, çox tez-tez uşaqlar dünyasını dəyişir. Bütün dünyada yoxsulluğa son qoyulması 2030-cu il gündəliyinin prioritetlərinə daxildir. Aclığı sıfra endirmək təşəbbüsü ilə çıxış edən FAO bu işdə vacib rol oynayır. Buna baxmayaraq, heç bir uşağın aclıq və ya yetərincə qidalanmamadan ölmədiyi bir dünyanı təmin etmək üçün biz hamımız birlikdə işləməliyik və çox çalışmalıyıq. Ərzaq bizim mədəni kimliyimizin və köklərimizin ayrılmaz hissəsidir. O, sivilizasiyalar arasında anlaşma və hörmətin təbliğinə yol açır. Ərzaq mədəniyyətlərarası anlaşma və tolerantlığın yaradılmasında güclü alət kimi çıxış edə bilər.

2011-ci ildə IDEA - ətraf mühitin qorunması naminə beynəlxalq kampaniyaya başlandığını vurğulayan Leyla Əliyeva bildirib ki, bizim əsas məqsədimiz enerji və biliklərimizi güclü alətə çevirərək ətraf mühit məsələsini həll etməyə çalışmaqdır. Biz gələcək nəsillər üçün yaşıl, təhlükəsiz və təminatlı cəmiyyət yaratmağa çalışırıq. Bizim şüarımız “bir söz, bir gələcək”dir. Planetin mühafizəsində gənclər artıq daha mütəşəkkil qaydada, könüllü olaraq kütləvi şəkildə təbiətə sevgi və məhəbbətlərini göstərmək üçün səylə çalışırlar.

Təsisçisi olduğu IDEA kampaniyası çərçivəsində son beş ildə Azərbaycanda görülən işlərdən danışan Leyla Əliyeva bu müddətdə beş milyondan çox ağac əkildiyini bildirib. Bu yaxınlarda yerli icmalarla birgə fəaliyyətə başlandığı, ağacların kəsilməsinin qarşısının alınması üçün məlumatlandırma fəaliyyətinin, digər tədbirlərin görüldüyü, müxtəlif sənət sahələrindən tanınmış şəxslərin bu prosesə cəlb edildiyi, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulduğu diqqətə çatdırılıb.

Son illər IDEA-nın nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanların qorunması istiqamətində də mühüm tədbirlər həyata keçirdiyi qeyd edilib. Leyla Əliyeva bu sahədə Xəzər tayqası layihəsinin də həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb:

- Əziz dostlar.

Bu gün bəşəriyyət sağ qalmaq sınağı ilə üzləşib. Hazırda bizim itkilər illərlə deyil, dəqiqələrlə ölçülür. Biz burada danışarkən hər 15 dəqiqədə bir fil brakonyerlərin ucbatından ölür və hər saatda 11 minə yaxın köpək balığı insanlar tərəfindən öldürülür. Yavaş-yavaş biz elə vaxta yaxınlaşırıq ki, bütün növlərin nəsli kəsiləcək. İndi bizim hərəkətə keçmək vaxtımızdır. Vaxt gözləmir. Mən bir daha sizə burada olduğunuza, iştirak etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Mən bilirəm ki, bizim hər birimiz ətraf mühitin qorunmasına, təkcə gələcəyimiz deyil, bu günümüz üçün müsbət təsir göstərə bilərik.

Mən bilirəm ki, bu tədbirlər çox mühümdür, bizim bir-birimizlə görüşüb, ideyaları paylaşmağımız, söhbət etməyimiz vacibdir. Lakin ən mühümü bu an nəyin baş verdiyidir. Beləliklə, düşünürəm ki, hərəkətə keçmək vaxtıdır. Sizin hamınıza ölkəmizdə yaxşı vaxt keçirməyi, sevgi, cansağlığı və xoşbəxtlik, hər şeyin mümkün olduğuna, gələcəyin yalnız daha yaşıl, daha parlaq və daha yaxşı olacağına inam arzulayıram. Təşəkkür edirəm.

Açılış nitqlərindən sonra tədbirdə iştirak edən gənclər xatirə şəkilləri çəkdiriblər.

Gənclər Forumu işini əməkdaşlıq toplantıları və biznes simpoziumla davam etdirib.

 


***

 


Aprelin 25-də Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumu işə başladı. Foruma beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri qatılıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edirdi.

Açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir belə mötəbər bir tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından tədbirin rolunu xüsusi qeyd edən Əl-Nasir gənclərin bu işdə yaxından iştirakının əhəmiyyətini vurğuladı.

Bildirildi ki, biz bu forum vasitəsilə daha da konkret hədəflərə, inklüziv cəmiyyətlərdə birgəyaşama, çağırış və məqsədlərə daha səmərəli nail olmaq arzusundayıq. Forumun keçirilməsində əsas məqsəd gənclərin bacarığını və biliklərini əhatəli şəkildə inkişaf etdirməklə yanaşı, birgəyaşayışda onların tam iştirakını təmin etməkdir. Gənclər bu gün katalizator rolunu oynayırlar və Asiya, Afrika, Avropa, Amerikadan olan gənclər bir arada mədəniyyət mübadiləsi zamanı ənənələri öyrənərək sülhün bərqərar olmasına yardım edirlər. Gənclərin müxtəlif mədəniyyətlərlə tanışlığı zorakılığa, ekstremizmə yox deyir. Sivilizasiyalar Alyansı bu sahədə mühüm işlər görür, gənclərin bu prosesdə iştirakına dəstək üçün maliyyə fondu fəaliyyət göstərir. Tədbirin gənclərə aktiv fəaliyyətlərini daha da inkişaf etdirmək baxımından önəmini qeyd edən Nasir Əbdüləziz Əl-Nasir Gənclər Forumunun işinə uğurlar arzuladı.

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva iştirakçıları salamlayaraq BMT-nin Sivilizasiyalar Alyansının Bakı Forumunun qarşılılıqlı anlaşmanın və əməkdaşlığın beynəlxalq miqyasda təşviqində mühüm rol oynayacağına əminliyini bildirdi.

Zəngin tarixə malik Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynadığını qeyd edən Leyla Əliyeva vurğuladı ki, Azərbaycan tarixi İpək Yolu üzərində yerləşən vacib məkanlardan biridir: “Ölkəmizin İpək Yolu üzərində yerləşməsi onun tarixinə, mədəniyyətinə güclü təsir göstərib. Coğrafi mövqeyi də onu dünyada məşhur edib. Ölkəmizin zəngin tarixi ilə bərabər həm də zəngin biomüxtəlifliyi və mədəni müxtəlifliyi var. Mən əminəm ki, siz, dünyanın müxtəlif ölkələrindən olan gənclər də bizim ölkəmizi sevəcəksiniz”.

Sonra L.Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri olaraq dünyada aclıq və digər mühüm problemlərə dair statistik məlumatları diqqətə çatdırdı. Bildirdi ki, FAO dünyada aclığın aradan qaldırılmasına çalışır və bu istiqamətdə fasiləsiz fəaliyyət göstərir. Qida bizim mədəni identikliyimizin bir hissəsidir və mədəniyyətlərarası əlaqələrin, tolerantlığın və qarşılıqlı anlaşmanın vacib şərtlərindən biridir. Buna görə də uzunmüddətli sabitliyə və sülhə nail olmaq üçün ərzaq təhlükəsizliyinin həlli çox mühüm əhəmiyyət daşıyır.

2011-ci ildə IDEA - ətraf mühitin qorunması naminə beynəlxalq kampaniyaya başlandığını vurğulayan Leyla Əliyeva vurğuladı ki, bizim əsas məqsədimiz enerji və biliklərimizi güclü alətə çevirərək ətraf mühit məsələsini həll etməyə çalışmaqdır. Biz gələcək nəsillər üçün yaşıl, təhlükəsiz və təminatlı cəmiyyət yaratmağa çalışırıq. Bizim şüarımız “bir söz, bir gələcək”dir. Planetin mühafizəsində gənclər artıq daha mütəşəkkil qaydada, könüllü olaraq kütləvi şəkildə təbiətə sevgi və məhəbbətlərini göstərmək üçün səylə çalışırlar.

Son beş ildə ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq - IDEA kampaniyası çərçivəsində Azərbaycanda görülən işlərdən daşınan Heydər Əliyev Fondunun vitse-prezidenti bu müddətdə beş milyondan çox ağac əkildiyini diqqətə çatdırdı. Bu sahədə maarifləndirmə kampaniyasına müxtəlif sənət sahələrindən tanınmış şəxslərin bu prosesə cəlb edildiyi, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulduğu qeyd olundu: “Bütün layihələrə yaradıcı, maraqlı, kreativ fikirləri cəlb etmişik. 2015-ci ildə Londonda sərgi keçirmişik. Venesiyada təşkil olunan “Vita Vitale” sərgisinin ideyası təbiətin mühafizəsi ilə sıx bağlı idi. Qarşılaşdığımız ekoloji problemlərin incəsənətin dili ilə çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Bu sərgidə milyonlarla insanlar iştirak edərək planetdə ətraf mühitin korlanmasının qarşısının alınmasına çalışırlar. Son illər bizdə Azərbaycanda nəsli kəsilməkdə olan heyvanları qorumağa çalışırıq. Bura bəbir, ceyran, qartal və digərləri aiddir. Biz bu heyvanları qorumağa çalışırıq”.

Leyla Əliyeva daha sonra dedi: “Hörmətli gənc dostlar! Çağdaş cəmiyyət bu gün böyük sınaqlar ərəfəsindədir. Bizim taleyimiz saatlarla dəqiqələrlə ölçülür. Hər 15 dəqiqədə bir fil həlak olur və insanlar tərəfindən hər saat minlərlə köpək balıqları öldürülür. Biz elə biz zamana gəlib çata bilərik ki, bəzi heyvanların nəsli tamamilə kəsilə bilər. Mən hamınıza minnətdaram ki, sizlər bu fəaliyyətdə aktiv iştirak edirsiniz. Bu Forum həddən artıq böyük bir əhəmiyyətə malikdir. Çünki, biz öz ürək sözlərimizi və fikirlərimizi çatdıra bilirik. Bu gün artıq fəaliyyət göstərməyin vaxtı çatıb! Arzu edirəm ki, hər biriniz öz təbiətinizi sevib qoruyasınız”.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dünyanın müxtəlif ölkələrindən parlaq zəkalı gənclərin Bakıda toplaşmasının qarşıda duran problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi ki, ölkəmiz gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəkləyir. Bu il Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin Avropa Gənclər Paytaxtıdır, ölkəmizdə, həmçinin digər beynəlxalq tədbirlər, o cümlədən skautların forumunun da təşkil edilir. Bütün bunlar Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi tədbirlərin göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldığını diqqətə çatdıran nazir bildirdi ki, fond gənclərin fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm fəaliyyəti təmin edir.

Hazırda bəşəriyyətin İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün problemləri ilə üzləşdiyini deyən A.Rəhimov vurğuladı ki, dünyada yaranan münaqişə ocaqlarına xeyli sayda gənclərin qoşulması sülh çağırışlarına zidd olmaqla yanaşı, sabitliyə də ciddi təhdiddir.

Nazir tədbir iştirakçılarına müraciət edərək əmin olduğunu bildirdi ki, onlar ölkəmizdə olduğunuz müddətdə Azərbaycanın zəngin mədəniyyəti, qədim tolerantlıq ənənələri, multikultural dəyərləri ilə tanış olacaqlar, forumda gənclərin irəli sürəcəyi təşəbbüs və təkliflər isə dünyada mövcud problemlərin həllinə mühüm töhfə verəcək.

Açılış nitqlərindən sonra tədbirdə iştirak edən gənclər xatirə şəkilləri çəkdirdilər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !