Bəxtiyar SADIQOV: - Əsrin layihələri nə həyat vəsiqəsi verən AZƏRBAYCAN

Bəxtiyar SADIQOV: “Əsrin layihələri”nə həyat vəsiqəsi verən AZƏRBAYCAN

“Cənub qaz dəhlizi” layihəsi bir çox illər ərzində hamımıza - hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək. Bu, enerji təhlükəsizliyi layihəsidir.
İlham ƏLİYEV



Müstəqil dövlətin atributları çoxdur. Biz hamımız onları böyük məhəbbətlə sevir, hörmət və ehtiramla uca tuturuq.
Ancaq müstəqillik təkcə atributlardan ibarət olmur. Belədə o, “deklorativ müstəqillik” sayılardı. Necə ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan parlamenti “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul edərək yetmiş üç illik fasilədən sonra yenidən dövlətimizin müstəqilliyini bəyan etmişdi. Amma baş verən hadisə və proseslər göstərirdi ki, bu dəfə də bizi cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin taleyi gözləyir. Əgər
ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə vaxtında geriyə dönməsəydi, yəqin ki, belə də olacaqdı!
Müstəqillik əslində, heç kəsdən asılı olmadan sərbəst daxili və xarici siyasət yürütmək, yeraltı və yerüstü sərvətlərə sahib duraraq onun sərəncamçısı olmaq, qazanılan uğur və nailiyyətləri, habelə müstəqil dövləti düşmən niyyətlərdən və təhlükələrdən, dövlət çevrilişi cəhdlərindən qoruyub saxlamaqdır.
Ötən əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyi qazanan Azərbaycan olduqca mürəkkəb və çıxılmaz vəziyyətdə idi. Bütün bu sadalananlara torpaqların Ermənistan sovet hərbi birləşmələri tərəfindən işğalını, anarxiya və qanunsuzluğun baş alıb getməsini, ölkəni bürüyən dərin iqtisadi böhranın fonunda işsizlik, inflyasiya və qıtlığı da nəzərə alanda nicat yolunun olmadığı görünürdü. Amma xalqın sevimli rəhbəri, ümummilli lider Heydər Əliyev çıxış yolunu taparaq müstəqilliyi qoruyub saxlamaqla yanaşı, xalqı bəlalardan sovuşdurmağı da bacardı.
Onun atdığı ən müdrik addımlardan biri “Əsrin müqaviləsi” adlanan neft kontraktının imzalanması oldu.
Amma belə bir müqavilənin bağlanması özü böyük bir uzaqgörənlik, iradə, qətiyyət və cəsarət tələb edirdi.
Niyə, nə səbəbə?
Əvvəla, Azərbaycanın müstəqilliyi kövrək idi, hələ bərkiməmişdi.
İkincisi, ölkəmizin suverenliyini istəməyən bəzi qüvvələr müəyyən məkrli planlar hazırlayaraq dalbadal həyata keçirirdilər.
Üçüncüsü, əvvəlki iqtidarların heç biri dəfələrlə cəhd etsələr də, xalqın və dövlətin maraqlarını əks etdirən neft müqavilələri bağlaya bilməmişdilər.
Çətinliklər təkcə bununla bitmirdi. Hətta müqavilənin imzalanması ərəfəsində ölkədə iki tanınmış ictimai-siyasi xadimə sui-qəsdlərin edilməsi də ulu öndəri yolundan döndərə bilmədi!
Ən böyük əngəl maliyyə vəsaitinin yoxluğundan və əsas ixrac neft boru kəmərinin qeyri-ənənəvi, yeni marşrutla həyata keçirilməsi istəyindən doğurdu.
Heydər Əliyev dühası və nüfuzu hər şeyə üstün gəldi!
Azərbaycan Xəzərin karbohidrogen ehtiyatlarını yenidən dünya üçün kəşf etdi!
Heydər Əliyev fenomeninə inananlar riskə gedərək qeyri-sabit və hələ tanınmamış ölkəmizə 20 milyard dollar həcmində sərmayə yatırmağa razı oldular!
Bütün maneə və çətinliklər ustalıqla dəf edilərək dünya bazarına yeni marşrutla sərbəst çıxış imkanı əldə edildi!
Beləliklə, o dövr üçün mümkün sayılmayan gerçəyə çevrildi!
20 sentyabr 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin üzərinə çox böyük yük qoyulurdu.

Ən əvvəl bu, Azərbaycanın dünya birliyinə inteqrasiyasını təmin etməli idi.
İkinci, ölkəni iqtisadi böhrandan qurtararaq iqtisadiyyatın digər sahələrinin inkişafı üçün lokomotiv rolunu oynamalı idi.
Üçüncü, dünyanın inkişaf etmiş dövlətlərinin maraqları ilə Azərbaycanın maraqlarının üst-üstə düşməsinə nail olacaqdı.
Eyni zamanda, sabitliyin və sosial rifahın yüksəlməsinin təminatçısına çevriləcəkdi.
Ən nəhayət, yeni transmilli layihələrin imzalanmasına geniş yol açacaqdı!
“Əsrin müqaviləsi” neft kontraktı ona bəslənən bütün ümidləri doğrultdu!
***
Artıq tikintisi sürətlə gedən “Cənub qaz dəhlizi” layihəsi isə haqlı olaraq yeni əsrin - XXI əsrin müqaviləsi hesab olunur!
Əvvəla, bu müqavilə Azərbaycanı dünyaya qaz ixracatçısı qismində təqdim edir.
İkincisi, Azərbaycanın etibarlı tərəfdaş və daim sözünə sahib çıxan dövlət olduğunu növbəti dəfə sübuta yetirir.
Üçüncüsü, ölkəmizin təkcə regiona deyil, bütün Avropaya fayda gətirəcək iri transmilli layihələrin təşəbbüsçüsü və icrasında lider rolunu bir daha təsdiqləyir.
XXI əsrin layihəsi sayılan “Cənub qaz dəhlizi” layihəsi həm də “qoca qitə” üçün yeni mənbə, yeni marşrut, yeni qaz deməkdir!
Azərbaycan ilə Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin yeni mərhələsidir!
“Cənub qaz dəhlizi” Məşvərət Şurasının hər iki toplantısının Bakıda keçirilməsi isə Azərbaycanın bu layihənin də reallaşmasında həlledici rolunun təsdiqidir.
Deməli, Azərbaycanın geosiyasi çəkisi artır, regionda sülhün və sabitliyin təmin olunmasına yeni töhfələr verir, dünya birliyinə təsir imkanları daha da güclənir!
İki əsrin müqavilələri arasındakı fərq zamanca az olsa da, baş verən hadisələrin çoxluğu və mürəkkəbliyi baxımından fərqlidir. Əlbəttə, müəyyən ciddi fərqlər də mövcuddur. Bu aspektdən bir neçə məqama diqqət yetirək.
“Əsrin müqaviləsi” neft kontraktı imzalanan ərəfədə Azərbaycan yenicə müstəqillik qazanmışdı.
Onun ən böyük problemləri ölkə daxilində idi!
Bir yandan ölkə ərazisi kəndbəkənd işğala məruz qalır, qanunsuz silahlı birləşmələr torpaqları düşməndən qorumaq əvəzinə kimlərinsə hakimiyyətə gətirilməsinə xidmət edir, “çiyni avtomatlılar”ın yaratdığı xaos və özbaşınalıq baş alıb gedirdi. Digər tərəfdən, hakimiyyət uğrunda mübarizə ara vermir, iqtisadi və siyasi böhran get-gedə dərinləşir, insanlar sürətlə yoxsullaşır, ümidsiz vəziyyətə düşürdülər.
“Perspektivsiz dövlət” sayılan Azərbaycanla işbirliyi qurmaq heç bir dövlətə maraqlı və cəlbedici görünmürdü!
Əksinə, sabitliyin olmaması yatırılan sərmayənin batması ilə nəticələnə bilərdi!
Heydər Əliyev şəxsiyyətinə, onun beynəlxalq nüfuzuna, qətiyyət və bacarığına olan inam və etibar bütün tərəddüdlərə son qoydu!
İmzalanmadan sonrakı dövrdə baş verən hadisələr, xüsusən 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri və onun qarşısının böyük məharətlə alınması tərəfdaşların ulu öndərə inamının əsaslı olduğunu sübuta yetirdi!
Bu gün Azərbaycan güclü və sözün həqiqi mənasında, müstəqildir! Ölkə çox qısa müddətdə böyük inkişaf yolu keçib, möhkəmlənib, varlanıb, Cənubi Qafqazın ən müasir və qüdrətli dövlətinə çevrilib. Eyni zamanda, dünyada müsbət imici ilə tanınıb, söz sahibi olub, beynəlxalq tədbirlərin və idman yarışlarının ən mahir təşkilatçısı statusunu qazanıb!
Bütün bunları cənab İlham Əliyev edib!
Öz siyasəti, bacarığı, istedad və işgüzarlığı, ən əsası, düşünülmüş və uzaqgörən siyasəti sayəsində!
İlham Əliyev bu gün yalnız Azərbaycan xalqının sevdiyi və yüksək etimad bəslədiyi dövlət rəhbəri kimi tanınmır! O həm də dünyanın xarizmatik şəxsiyyət kimi qəbul etdiyi, habelə dünya liderlərinin inanaraq etibar göstərdiyi yüksək nüfuz sahibi olan yeni tipli liderdir!
Cənab İlham Əliyevin siyasi xadim kimi daha bir istedadı isə hadisələri qabaqlaması, cari və gələcək situasiyaları dəqiq qiymətləndirməklə ən mühüm və optimal qərarları hamıdan qabaq qəbul etməsidir.

Beləliklə, başqa liderlərin və ya dövlət başçılarının uzun-uzadı düşündüyü, tərəddüd hissləri keçirdiyi, mərhələli danışıqlar apardığı bir vaxtda biz hamımız dəfələrlə cənab İlham Əliyevin ən qısa müddətdə ən düzgün və səmərəli, deməli, həm də uzaqgörən qərarlar qəbul etdiyinin şahidinə çevrilmişik. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişini istəməyənlər, ona əngəl törətməyə çalışanlar az deyildi. Amma İlham Əliyev önə keçərək onun maliyyəsinin də, layihələndirilməsinin də, icrasına başlanılmasının da təşəbbüsçüsü oldu, yükün ağırlığını öz çiyinlərinə götürdü!
Bu gün Şərqlə Qərbi birləşdirən bu dəmir yol xəttindən istifadə etmək istəyənlərin sayı xeyli artib, hamı onun istismara verilməsini səbirsizliklə gözləyir!
Dünyada yaranmış situasiya, böyük dövlətlər arasında gedən çəkişmələr və bunun iqtisadiyyata ciddi təsir göstərdiyi bir vaxtda cənab İlham Əliyev böyük İpək yolu marşrutu ilə yükdaşımaların həcmini və intensivliyini artıran qərarlar verməklə Azərbaycanın maraqlarını yüksək səviyyədə təmin edir!
Artıq Azərbaycan Şərqlə Qərb, Cənubla Şimal arasında yükdaşımaların kəsişmə nöqtəsinə - mərkəzinə çevrilir!
***
Bu gün Avropa təbii qazla təchizatında şaxələndirmə prinsipinə üstünlük verməyə başlayır.
Azərbaycan da öz karbohidrogen ehtiyatlarının müxtəlif marşrutlarla ixracında maraqlıdır.
Rusiya ilə Gürcüstan arasındakı 2008-ci ilin avqust savaşı, Krımın ilhaqı, Ukrayna hadisələri, ərəb dövlətlərində baş verən “rəngli inqilab”lar, ABŞ-ın və Avropanın Rusiyaya tətbiq etdikləri sanksiyalar, Suriyada müxtəlif dövlətlərin toqquşan maraqları dövründə ölkənin təhlükəsizliyini qorumaq, maliyyə və iqtisadi böhrandan az itkilərlə çıxarmaq, üstəlik, onun gələcəyinə xidmət edən addımlar artıq o qədər də asan və sadə məsələ deyil!
Cənab İlham Əliyev bunu da bacarır!
Avropanın təbii qazla təchizatında yeni kəmər rolunu oynayacaq “Nabukko”, “Şimal axını” layihələrinin aylar və illər boyu müzakirə olunduğu vaxtda “Cənub qaz dəhlizi” layihəsinin imzalanaraq dərhal inşasına başlanılması əsl möcüzə təsiri bağışladı!
Bu, təkcə Azərbaycanın yox, bütövlükdə onun dostlarının, tərəfdaşlarının və Avropanın qələbəsi sayılır!
Bu, ağlın, siyasi fəhmin, qətiyyətli və prinsipial mövqenin, dövlət maraqlarını məharətlə təmin etmək istedadının uğuru sayılır!
Əslində, “Cənub qaz dəhlizi” layihəsi “Əsrin müqaviləsi” layihəsinin yeni əsrdə təkrarıdır!
Həm də yeni şəraitdə və daha yüksək mərhələdə!
Azərbaycan “neftsiz dövrün” XXI əsrin 30-cu illərində başlayacağını proqnozlaşdırmışdı. Odur ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı ardıcıl və məqsədyönlü şəkildə tədbirlər həyata keçirilirdi. Hətta onların böyük bir qismi uğurla başa çatdırılmışdı:
* Yeni yol infrastrukturu yaradılmış, hərəkətin sürəti və təhlükəsizliyi artırılmışdı;
* Regionların inkişafına dair iki dövlət proqramı yerinə yetirilərək üçüncünün icrasına başlanılmışdı;
* Son 12 ildə 25 elektrik stansiyası tikilərək bölgələrə fasiləsiz elektrik enerjisi verilişi təmin edilmişdi;
* Qısa müddətdə üç böyük su anbarı - Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları tikilərək on minlərlə hektar yeni torpaqlar əkin dövriyyəsinə qatılmış və mövcud sahələrin su təminatı yaxşılaşdırılmışdı.
Bundan əlavə:
* Sahibkarlığın inkişafına dövlət tərəfindən dəstək verilir, hər il onlara böyük məbləğdə güzəştli kreditlər ayrılır;
* Kəndli on növ verginin doqquzundan azad olunub;
* Taxıl əkini ilə məşğul olanlara subsidiyalar, güzəştli qiymətlərlə yanacaq və sürtkü yağları verilir;
nİstehsal olunan məhsulun saxlanılmasına yardım məqsədilə xüsusi anbarlar və soyuducu qurğular tikilib;
* Fermerlərə məhsuldar toxum, cins qaramal, müxtəlif gübrələr güzəştli qiymətlərlə satılır, aqrolizinq xidməti göstərilir;
* Digər ölkələrdəki bazarlara yerli məhsulların çıxarılmasına dövlət tərəfindən hərtərəfli dəstək verilir.
Görülən bütün bu və digər tədbirlər “neftsiz dövr” başlayanadək qeyri-neft sektorunun formalaşması hesabına büdcəyə kifayət qədər vəsait daxil olunmasını təmin etməyə imkan yaradacaqdı.
Amma...
Bu gün dünya iqtisadiyyatında yaranan böhran sünidir, iqtisadiyyatda baş verən proseslərin nəticəsi deyil!
Hazırkı böhranı siyasilər və siyasi səbəblərdən törədiblər!
Odur ki, bizim üçün də “neftsiz dövr” nəzərdə tutduğumuzdan on beş il tez başladı.
Amma...
Ölkəmiz dövlət başçısının son dövrlərdə gördüyü tədbirlər nəticəsində vəziyyətdən az itki ilə çıxmaq imkanındadır. Buna həm də yuxarıda sadalanan, vaxtında görülən işlər və iqtisadi dözümlülüyümüz şərait yaradır. Eyni zamanda, Azərbaycanın təbii iqlim şəraiti kənd təsərrüfatında sürətli yüksəlişi təmin etmək gücündədir!
Azərbaycan zərurət yaranarsa, valyuta ehtiyatlarından istifadə etmək, hətta lazım gələrsə, borc almaqla manevr etmək, istehsalın artımını qoruyub saxlamaq imkanındadır!
Ən nəhayət, “Cənub qaz dəhlizi” layihəsi ölkəmizi tezliklə qaz ixracatçısına çevirəcək, bu hesaba büdcəyə daxil olan valyuta vəsaitləri yenidən imkanlarımızı genişləndirəcəkdir!
Bəs, XXI əsrin tarixi layihəsi sayılan, uzunluğu 3.500 kilometr olan “Cənub qaz dəhlizi” hansı göstəricilərə malikdir?
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdir. Ehtimal olunan proqnozlaşdırılmış ehtiyatlarımız isə 4-5 trilyon kubmetr civarındadır. Dünyanın ən böyük qaz yataqlarından biri sayılan “Şahdəniz”də bir trilyon kubmetr təbii qaz vardır. “Şahdəniz” qaz kontraktı üzrə saziş 1996-cı ildə bağlanmışdır. Əgər əvvəllər bizim neft və qaz layihələrində ancaq 3 ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edirdisə, “Cənub qaz dəhlizi”ndə iştirakçıların sayı daha da artıb: Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Montoneqro və Xorvatiya Azərbaycan qazından istifadə etmək niyyəti ilə fəaliyyətə başlamışlar.
Yeni kəmər üçün qaz 2018-ci ildən tədarük olunacaq, 2020-ci ildən isə mavi yanacaq axını başlayacaqdır.
“Cənub qaz dəhlizi” ilə əvvəlcə hər il 16 milyard kubmetr qaz ötürüləcək, sonrakı dövrlərdə isə daha da artacaqdır. Beləliklə, 2023-cü ildə qazın həcminin 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatacağı gözlənilir.
Azərbaycan “Cənub qaz dəhlizi”nin birinci hissəsini 2007-ci ildə (Bakı-Tbilisi-Ərzurum ixrac qaz boru kəməri) istifadəyə vermişdir. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Transanadolu (TANAP) kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir. 2013-cü ildə isə Transadriatik (TAP) kəmərinin çəkilişi qərarlaşdırıldı. 2015-ci ildə TANAP layihəsinin icrasının başlanması ilə əlaqədar təməlqoyma mərasimi keçirilmişdir. Hazırda çevik bir komanda formalaşaraq səmərəli fəaliyyət göstərməkdədir. Cari ilin fevral ayının 29-da “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirildi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin kapitanlığı ilə formalaşan yeni komandanın bu tədbiri də böyük uğurla başa çatdı, layihənin tezliklə reallaşması istiqamətində yeni mərhələ oldu!
Cənab İlham Əliyevin toplantıdakı nitqindən bəzi məqamlara diqqət çəkirik:
“Öz enerji siyasətinə qəti surətdə sadiq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, enerji sahəsində toqquşmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycan enerji şaxələndirilməsində, enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, hesab edirəm ki, ölkəmiz bu layihənin həyata keçirilməsində düşünülmüş siyasət nümayiş etdirir”.
“Cənub qaz dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi haqqında danışanda, biz anlayırıq ki, o, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir”.
“Biz istədiyimizə yaxşı dostluq və tərəfdaşlıq şəraitində nail olacağıq. Fikrimcə, dostluq və tərəfdaşlıq dəhlizin reallaşması üçün olduqca vacibdir”.
Məşvərət Şurası toplantısının digər iştirakçıları da maraqlı fikirlər söylədilər.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç: “Biz “Cənub qaz dəhlizi”ni Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirilməsinin bariz nümunəsi kimi görürük. Söhbət yeni ünvandan gələn yeni təchizatçı, yeni marşrut, yeni qazdan gedir. Bu, Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirir və bu da Avropa İttifaqına üzv ölkələr üçün çox vacibdir”.
Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Paneniç: “Cənub qaz dəhlizi” layihəsi Xəzər dənizinin təbii ehtiyatlarını bir çox ölkələrə çatdırılmasına mühüm töhfələr verəcək”.
Avropa Yenidənqurma və İnkişaf Bankının baş rezident-əlaqələndiricisi Nil Makkeyn: “Bu cür layihənin təsiri neft-qaz sektorunun hüdudlarını aşır və bunun Azərbaycanın qeyri-neft sektoruna ən böyük investisiya kimi sübutunun hər gün şahidi oluruq”.
Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri Jan Van Bilsen: “Cənub qaz dəhlizi” yeni bazarları qazla təchiz edəcək və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək mühüm strateji layihədir”.
Bəli, Azərbaycan hamı üçün gərəkli və sərfəli olan transmilli layihələrin təşəbbüsçüsü və onun reallaşdırılmasının təşkilatçısı ola bilir!
Azərbaycan dünya dövlətlərini əməkdaşlığa cəlb etməyi, hamının maraqlarını vahid məcrada birləşdirməyi gözəl bacarır!
Azərbaycan öz fəaliyyəti ilə sülhün, xalqlar dostluğunun və səmərəli iqtisadi əlaqələrin qarşıdurma, ziddiyyət və toqquşmalardan, dağıntı və qaçqınlar ordusu yaranmasından daha sərfəli və vacib olduğunu konkret nümunələrlə nümayiş etdirir!
Bu mənada dövlət başçısı cənab İlham Əliyevin IV Qlobal Bakı Forumunda söylədikləri çalxalanan və 

bulanan müasir dünyaya ən doğru mesajdır: “Cənub qaz dəhlizi” layihəsində biz istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni, burada uduzan tərəf yoxdur və bu səbəbdən o, olduqca uğurla inkişaf edir. Bu qədər iştirakçıların olduğu, qısa bir zamanda və neftin qiymətinin aşağı olduğu bir vaxtda milyardlar tələb edən belə bir nəhəng layihənin həyata keçirilməsiböyük çağırışdır. Enerji təhlükəsizliyi, şübhəsiz ki, siyasi gündəlikdə əsas yer tutacaq. Hesab edirəm, “Cənub qaz dəhlizi” vasitəsilə göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasəti ayıranda uğur əldə oluna bilər”.
Uğurun uğurlu olsun, Azərbaycan!

 


 

Bəxtiyar SADIQOV
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !