Bəxtiyar SADIQOV: - Demokratiya və ikili standartlar

Bəxtiyar SADIQOV: Demokratiya və ikili standartlar

“Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq həll etmək istəyirik. Biz bundan sonra da sonu bəlli olmayan prosesdə, sadəcə olaraq, görüntü naminə iştirak etmək fikrində deyilik. Bunu vasitəçilərə də demişik, bunu Ermənistan tərəfi də bilir. Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Bunun başqa yolu yoxdur”.
İlham ƏLİYEV



Hansısa mütəfəkkir deyib: tək skripka öz-özünü idarə edir, bütöv orkestrin isə dirijora ehtiyacı var!
Bu fikir cəmiyyətə də aiddir. Ailələr özlərini idarə etsələr də, toplum idarə olunmalıdır!
Lakin idarəetmə o qədər də asan məsələ deyil. Əvvəla, bu, idarə edəndən xüsusi bacarıq, səriştə və təcrübə tələb edir. Digər tərəfdən, hər hansı idarəetmənin prinsipləri, qaydaları və metodu olmalıdır.
Bəşəriyyət tarixi boyu müxtəlif idarəetmə formalarından keçib. İlk dövrlərdə mütərəqqi sayılan bu formalar zaman keçdikcə köhnəlib, yerini yenisinə vermək zərurəti yaranıb. Təəssüf ki, bu dəyişikliklər çox halda inqilabi yolla baş verib, xeyli qan tökülüb, iqtisadiyyat dağılıb, insanlar əziyyət çəkiblər. Hazırda dünya dövlətlərində müxtəlif idarəetmə formaları mövcud olsa da, demokratiyaya üstünlük verilir.
Azərbaycan demokratiya yolunu özü seçib, şüurlu şəkildə, öz istəyi ilə və heç kim onu bu yola məcbur etməyib! Kommunizm ideologiyası iflasa uğradıqdan, Azərbaycan müstəqillik qazanaraq sərbəst addımlar atmaq imkanına yiyələndikdən sonra bu, ən doğru seçim olub. Sovet dövründə də hər şey guya seçkili idi. Amma hamı alternativi olmayan “vahid namizəd”ə səs verirdi.
Ölkəmiz demokratiya sahəsində qısa müddətdə çox uğurlara imza atıb. Baş müəllifi ulu öndər Heydər Əliyev olan yeni Konstitusiya qəbul edilib, beynəlxalq tələblərə cavab verən möhkəm qanunvericilik bazası yaradılıb. Hakimiyyət üç qola - icra, qanunverici və məhkəmə hakimiyyətinə bölünüb, vətəndaş cəmiyyəti təsisatları formalaşıb. Fikir plüralizmi, mətbuat və söz azadlığı, insan haqlarının qorunması təmin olunub. Dəfələrlə prezident, parlament və bələdiyyə seçkiləri keçirilib, bu sahədə zəngin təcrübə toplanıb. Azərbaycan beynəlxalq konvensiyalara qoşulub, dünyanın nüfuzlu qurum və təşkilatlarına üzvlüyə qəbul edilib.
Ulu öndər Heydər Əliyevin məşhur kəlamıdır: “Demokratiya əvvəli olub, sonu görünməyən prosesdir”. Əlbəttə, demokratik inkişaf sahəsində müəyyən qüsurların olması da təbiidir. Çünki bu yolu ilk dəfədir keçirik, həm də qısa zamanda! Amma demokratik cəmiyyət quruculuğunda, onun norma və prinsiplərinin qorunmasında Azərbaycan iqtidarının mövqeyi aydın və qətidir. Bu məsələdə beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu da daim bəyan edib.
Azərbaycan açıq ölkədir, heç kəsdən heç nəyi gizlətmir. Dövlət başçısı cənab İlham Əliyev görülən işlər, baş verən hadisələr barədə daim xalqa, ölkə ictimaiyyətinə geniş məlumat verir, beynəlxalq görüş və konfranslarda, nüfuzlu tədbirlərdə səmimi və prinsipial çıxışlar edərək həqiqəti söyləməklə yanaşı, hadisələrə münasibətini də açıqlayır, yeri gələndə tənqidi fikirlərini cəsarətlə söyləyir, ona ünvanlanan bütün sualları faktlar və arqumentlər əsasında cavablandırır. Prezidentimizin səmərəli, çoxcəhətli və məqsədyönlü fəaliyyəti sayəsində iqtisadi cəhətdən sürətlə güclənən, dünyada nüfuz sahibinə çevrilən Azərbaycanın həll edə bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Xalqımız demokratiya sahəsində bizə daim dərs verməyə çalışan dünyanın aparıcı dövlətlərinin, beynəlxalq qurum və təşkilatlarının bu problemin həllində ədalətli mövqe tutaraq ölkəmizə yardım göstərəcəklərini güman edirdi. Axı, demokratiya da zorla yurd-yuvalarından qovulan, şəxsi mülkiyyəti talan edilən, bələdiyyə seçkiləri keçirmək hüququndan məhrum edilən, bəzən qeyri-insani şəraitdə yaşamağa məcbur olan insanların hüquqlarının, ölkələrin ərazi bütövlüyünün qorunmasını, bərpasını tələb edir.
Heyhat!
Biz ədalət yerinə ikili standartlar görürük!
Dövlət başçısı cənab İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşündə bu barədə açıq və kəskin danışdı.
* Nə ATƏT və onun həmsədrləri, nə Avropa Şurası və dünyanın bərkgedən dövlətlərinin başçıları bir dəfə açıq və cəsarətlə Ermənistanı işğalçı dövlət adlandırmayıblar!
* Heç bir qurum və siyasi lider Ermənistan qoşunlarının işğal ərazilərindən çıxarılmasını tələb etməyib!
* “5-ci kolon” üzvlərinin müdafiəsi ilə bağlı dəfələrlə məsələ qaldıran beynəlxalq qurumlar bir dəfə də olsun bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının müdafiə olunmasını yada belə salmayıblar!
* Hər dəfə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra təmas xəttində müxtəlif təxribatlar törədən, atəşkəs rejimini mütəmadi pozan Ermənistanın əməllərinə prinsipial qiymət verməyiblər!
* Cəbhəyanı kəndlərdə dinc əhalini snayper güllələrinin hədəfinə çevirən, azyaşlı uşaqları qətlə yetirən erməni silahlı qüvvələrinin əməllərini qınamayıblar!
* Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq qurum və
təşkilatlarda bir dəfə də olsun məkrdən uzaq, obyektiv, ədalətli müzakirələr təşkil edilməyib, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan qərarların qəbuluna cəhd göstərilməyib!
Əvəzində daim ikili standartların əsassız tətbiqinin şahidi olmuşuq. BMT-nin mandatını alan ATƏT-in Minsk qrupunun üzərinə qoyulan ən mühüm vəzifə münaqışəni tezliklə və sülh yolu ilə nizama salmaqdır. Ancaq ikili standartlardan əl çəkməyən bu nüfuzlu qurum artıq özünü nüfuzsuz vəziyyətə salıb! Münaqişənin həlli yolunda dəfələrlə qeyri-obyektiv, qərəzli addımlar ataraq gülüş obyektinə çevrilib.
Görəsən, ATƏT-in Minsk qrupu indiyədək niyə heç bir real nəticəyə nail olmayıb? Səbəb nədir? Cənab İlham Əliyev həmin səbəbi bütün sərtliyi ilə açıqladı: “Soruşanda cavab yoxdur. O da bir taktikadır. Nə vaxt ki sual sərf etmir, cavab vermirlər. Amma bu cavabı biz bilirik - ikili standartlar”.
İkili standart, ikili yanaşmalar qaçqın axını ilə üzləşən Avropada demokratik dəyərləri də gözdən salıb:
* Humanizmdən dəm vuranlar ölüm və aclıqdan qaçaraq onlara pənah gətirənləri itlərlə, tikanlı məftillər və gözyaşardıcı qumbaralarla qarşılayırlar!
* Gələnlərin dini mənsubiyyətini müəyyən etmək üçün biabırçı üsula əl ataraq yalnız xristian qaçqınlarını, yaxud dinini dəyişənləri qəbul edəcəklərini bildirirlər!
* Ac insanları qəfəsə salır, onların qabağına ərzaq tullayaraq zooparkdakı heyvanlar kimi yemləyirlər!
* Qadın, uşaq və qocaların da yaşadıqları sığınacaqlara gecə yarısı od vurur, yanğınsöndürən maşınların alovu söndürmək üçün binaya yaxınlaşmasına maneçilik törədirlər!
* “Kvota”nın dolduğunu bəhanə edərək (görəsən, həmin kvotanı kim müəyyənləşdirir) gələnləri geriyə qaytarır, ölkədəkiləri isə deportasiya ilə hədələyirlər!
* Həmişə şərəf və ləyaqətdən dəm vuranlar qaçqınlara həqarətli münasibət bəsləyir, onlara qarşı müxtəlif zorakılıqlardan belə çəkinmirlər.
İşə bir baxın: 550 milyonluq Avropa 650 minlik qaçqın qarşısında aciz duruma düşüb, başını itirərək nə edəcəyini kəsdirmir!
Halbuki bapbalaca - 9 milyonluq Azərbaycan bir milyon qaçqın və məcburi köçkünü yerləşdirdi, onlara hərtərəfli yardım göstərdi, qayğısına qaldı, imkan dairəsində işlə təmin etdi. 93 yaşayış kompleksi və qaçqın qəsəbəsi salaraq yeni tikilmiş, təmir edilmiş mənzillərlə təmin etdi və etməkdədir!
Çünki Avropa binəsib insanlara ikili standartlar prizmasından yanaşır, onları sevmədiyini gizlətmir. Hətta demokratik dəyərlərə xəyanət etməsinin fərqində də deyil!
Azərbaycan isə humanist mövqedən, insani keyfiyyətlərdən yanaşır. Çünki xalqımız çətinə düşənlərə arxa durmağı, tikəsini bölməyi bacarır!
Həm də bunu demokratik prinsip kimi yox, özünəməxsus milli-mənəvi dəyərdən doğan borc kimi edir!
İkili standartlar demokratik prinsipləri torpağa gömür, onun mahiyyətini büsbütün dəyişir!
İkili standartlar müxtəlif adlar altında pərdələnən “demokratik inqilabların” əsl niyyətlərini aşkara çıxarır!
İkili standartlar başqa millətlərdən və xalqlardan olan insanlarda demokratiyanın, əslində, bir sivilizasiyaya - xristianlığa xidmət etməsi fikrini formalaşdırır və möhkəmləndirir!
Cənab İlham Əliyev ikili standartlardan (deməli, həm də riyakarlıqdan) qurtarmağın yolunu da göstərir: “Əgər bu gün ikili standartlar dünya miqyasında, dünya siyasətində bir meyardırsa, onda onu bəyan etsinlər. Onda riyakarlığa son qoyulsun. Deməsinlər ki, biz demokratiyanın, bərabərliyin tərəfdarıyıq, bütün xalqlar bərabərdir, insan haqlarının tərəfdarıyıq. Bəs 1 milyon Azərbaycan vətəndaşının insan haqları barədə onlar heç düşünürlərmi? Yox, bu onları maraqlandırmır!”
Biz ikili standartlara da, deqradasiyaya uğrayan “demokratik dəyər”lərə də yekdilliyimiz, dövlət maraqları ətrafında sıx birliyimizlə cavab verməliyik.
Bu gün Avropada ksenofobiya, islamofobiya baş alıb gedir, monokulturalizm təbliğ və müdafiə olunur.
Azərbaycan isə multikulturalizmi, tolerantlığı təklif edir, həm də öz nümunəsində onun əvəzedilməzliyini sübuta yetirir.
Hansı yaxşıdır: Qarşıdurma, ziddiyyət, toqquşma, qan və terror yaradan iflasa uğradılmış demokratik dəyərlərmi, yoxsa insanları mərhəmətə, humanizmə, sabitlik və birgəyaşayışa sövq edən Azərbaycan modelimi?
Dünyanın və Avropanın indiki durumu bu suala birmənalı cavab verir. Həm tarixi təcrübə baxımından, həm də üçüncü dünya müharibəsi və gündəlik terror hədələri ilə qarşı-qarşıya duran reallıq baxımından!
Azərbaycan “öz standartı”, öz yolu ilə gedir! Bu yol həm də bəşəri inkişaf yolu, demokratiya yoludur! Amma humanist dəyərlərin yüksək qiymətləndirildiyi, sülh, sabitlik, inkişaf və əməkdaşlığa aparan yoldur!
Dövlət başçısı müstəqil, Azərbaycan xalqının milli və dövləti maraqlarına söykənən siyasət yürüdür. Qətiyyət və prinsipiallıqla, dönmədən!
Nə təsir və təzyiq cəhdləri, nə qısqanclıq və paxıllıq hissləri, nə də yaradılan süni əngəllər onu bu yoldan döndərə bilməz!
Azərbaycan xalqı iqtidar ətrafında sıx birləşərək onu birmənalı şəkildə dəstəkləyir. Çünki gözəl bilir ki, onun arzu və istəklərini yalnız prinsipial və qətiyyətli dövlət başçısı İlham Əliyev gerçəkləşdirə bilər, qarşıda duran vəzifəni uğurla yerinə yetirərək problemləri həll edər, hər cür çətinlik və sınaqlardan müvəffəqiyyətlə çıxarar! Bu inam və arxayınlıq uzun illərin sınaq və etibarından yaranıb. Xalqımız yaxşı bilir ki, yaranmış müvəqqəti çətinliklərdən də yalnız İlham Əliyevin zəkası və məharəti sayəsində çıxacaqdır!
Gəncədəki çıxışında Prezident İlham Əliyev bir daha bu məsələyə toxundu: “Biz öz yolumuzla gedirik. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq və belə fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik”.
Dünya özünü xilas etmək istəyirsə, vahid standarta qayıtmalıdır!

 


Bəxtiyar SADIQOV
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !