Azər HƏSRƏT: - ABŞ yola Prezident İlham Əliyevlə davam edir

Azər HƏSRƏT: ABŞ yola Prezident İlham Əliyevlə davam edir

Prezident İlham Əliyevin 6-cı Nüvə Təhlükəsizliyi Sammitində iştirakı bir sıra məsələlərə aydınlıq gətirdi. Hər şeydən öncə qeyd edək ki, onun bu Sammitə dəvətinin özü bir fakt olaraq ABŞ-Azərbaycan münasibətlərində bir çox qaranlıq məqamlara aydınlıq gətirmək üçün yetərlidir.

Özəlliklə də nəzərə alaq ki, bəzi dairələr ABŞ-ın guya Azərbaycan hakimiyyətinə münasibətdə inkarçı mövqe tutduğunu iddia edir. Bu əsassız iddiaya ən tutarlı cavab cənab Prezidentin Sammitə məhz ev sahibi – prezident Barak Obama tərəfindən dəvət edilməsidir. Elə bu faktı diqqətə çatdırmaqla həmin əsassız iddiaları darmadağın etmək olar. Amma məsələ bununla bitmir.

Prezident İlham Əliyevin Vaşınqton səfəri ümumilikdə diqqət çəkən məqamlarla çox zəngindir. Kənar müşahidəçilər belə qənaətə gəlib ki, Azərbaycanın dövlət başçısı Vaşinqtonda bəzi dövlət başçıları kimi sadəcə Sammitdə iştirak etmir. O, həm də bu səfərdən ölkəmizin faydaları üçün gen-bol yararlanır. ABŞ administrasiyasının cənab Prezidentə olan marağı isə gündəmə əməlli-başlı damğasını vurub. 

 

 

ABŞ-ın dövlət katibi Con Kerri Prezident Əliyevlə görüşərək ikitərəfli münasibətlər, regionumuzdakı gəlişmələr, Avropanın enerji təchizatı və təminatı məsələlərini müzakirə edib. Onun “sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə və Əfqanıstandakı səylərinə görə” Azərbaycana minnətdarlıq etməsi, ölkəmizin “mürəkkəb bir regionda” yerləşməsini vurğulaması da diqqət çəkir.

Daha bir diqqət çəkən məsələ “Cənub qaz dəhlizi”, onun ardınca isə terrorla mübarizədir. Con Kerrinin Ermənistanın işğal altında tutduğu Azərbaycan torpaqlarına münasibətdə “donmuş münaqişə olan Dağlıq Qarabağ problemi” ifadəsi işlətməsi də bizim üçün ayrıca önəm kəsb edir.

C.Kerri ilə görüşdə Prezident İlham Əliyevin ABŞ şirkətlərinin ölkəmizə bu vaxtadək 10 milyard dollardan artıq sərmayə yatırmasını qeyd etməsi, elə onun öz sözüylə desək, “iqtisadi əməkdaşlığın, həmçinin ölkəmizin inkişafının yaxşı göstəricisidir”. Cənab Prezidentin Azərbaycanın enerji layihələrində ABŞ-ın rolunu və dəstəyini vurğulaması da diqqət çəkməyə bilməz. Bir daha anlaşılır ki, ABŞ bütün iddialara rəğmən Azərbaycanın əsas qlobal layihələrində ona birmənalı və davamlı dəstək verib və verməyə də davam edəcək.

Prezidentin Con Kerridən sonra ABŞ-ın vitse-prezidenti Co Baydenlə də görüşməsi maraqla qarşılanır. Burada bir fakt da diqqət çəkir ki, görüşdə dövlət katibi Con Kerri də iştirak edib. Təbii ki, onun Prezident İlham Əliyevlə təkbətək görüşdən sonra təkrar görüşməyə maraq göstərməsi bir çox mətləblərdən xəbər verir. Bu mətləblərin ən əsası isə, təbii ki, Azərbaycana və onun dövlət başçısına olan fövqəladə maraqdır.

Cənab Prezidentin görüşləri bu iki yüksək rütbəli ABŞ rəsmisilə yekunlaşmır. O, həm də ABŞ-ın ticarət naziri Penni Pritzker ilə görüşüb.

Belə qənaətə gəlmək olar ki, Prezident İlham Əliyevin şəxsinə ABŞ rəsmiləri tərəfindən ciddi maraq var və onlar bu görüşləri təşkil etməklə ona olan diqqəti qabarıq şəkildə nümayiş etdiriblər. Bu isə Azərbaycan üçün çox önəmli faktordur.

Prezident İlham Əliyevin şəxsinə maraq təkcə rəsmilər tərəfindən deyil. Biz müşahidə edirik ki, səfər çərçivəsində onun özü də qəbullar keçirib. Ayrı-ayrılıqda keçirilən belə qəbullarda ABŞ yəhudi təşkilatlarının rəhbərləri, bir sıra ABŞ konqresmenləri, Nyu Hempşirin sabiq qubernatoru, sabiq Prezident Corc Buşun aparatının rəhbəri Con Sununu, ABŞ Eksimbankının sədri və prezidenti Fred Hokberq, “General Electric” şirkətinin vitse-sədri Con Rays, həmçinin ictimai xadimlər – “Armitage International” şirkətinin prezidenti Riçard Armitac və Karnegi Fondunun prezidenti Uilyam Börns iştirak edib.

Prezidentə bu qədər geniş spektri əhatə edən qurumların rəhbərlərinin maraq göstərməsi Azərbaycan üçün yaxşı əlamət sayıla bilər. Buradan belə nəticə çıxara bilərik ki, ölkəmizə və onun liderinə maraq ABŞ-ın istər dövlət, istər biznes, istərsə də ictimai sektorunda çox yüksək səviyyədədir.

Bu isə o deməkdir ki, çox yaxın gələcəkdə ABŞ bütün anlamlarda Azərbaycanın növbəti inkişaf mərhələsinə adlaması, məhz Prezident İlham Əliyevin başçılığı altında həyata keçirilən layihə və təşəbbüslərin elə onun başçılığı altında da davam etdirilməsi istiqamətində çox ciddi addımlar atacaq. Hər halda, Prezident İlham Əliyevin şəxsinə olan yüksək maraq və diqqət bunu deməyə əsas verir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !