Şəmkir Aqropark da meyvə qurudan müəssisələr fəaliyyət göstərəcək - FOTO

“Şəmkir Aqropark”da meyvə qurudan müəssisələr fəaliyyət göstərəcək FOTO

 Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində inşasına başlanılan Şəmkir

aqroparkında kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçid, innovativ texnologiyaların tətbiq edilməsi, xarici bazara stabil və etibarlı çıxışın təmin edilməsi, məhsuldarlığın artırılması və məhsulun saxlanma şəraitinə görə itkilərin azaldılması kimi geniş məqsədlər qarşıya qoyulub. Aqroparkda məhsulların uzun müddətli və keyfiyyətli saxlanılaraq, xarici bazarlarda Azərbaycan adı ilə təqdim edilməsini təmin edəcək. Burada ilk növbədə kadrların hazırlanması, düzgün aqrotexniki xidmət, sahibkarların məhsuldar şitil və tinglə təmin olunması da qarşıya qoyulan vəzifələrdəndir.

“Şəmkir Aqropark”ın icraçı direktoru Zəfər Novruzov AZƏRTAC-a bildirib ki, aqroparkda kiçik və orta fermerlərlə qarşılıqlı əməkdaşlıq nəzərdə tutulub. Aqroparkın öz istehsal etdiyi məhsul, onun emalı, çeşidlənməsi və vahid brend adı altında satışı həyata keçirəcək. Bundan əlavə fermerlərin istehsal etdiyi məhsulların aqropark tərəfindən saxlanılmasına, satışına köməklik göstərəcək, eyni zamanda fermerlərə imkan yaradacaq ki, öz təsərrüfat sahələrini daha da genişləndirsinlər.

Hazırda aqroparkın sərəncamına 650 hektar ərazi verilib. Burada 350 hektar ərazidə intensiv meyvə bağlarının salınması nəzərdə tutulur. Daxili bazarın tələbatı nəzərə alınaraq alma, xurma, armud, şaftalı, üzüm, ərik və gavalı bağlarının salınması üçün də işlər aparılır. Müasir dövrün inkişaf etmiş texnologiyaları tətbiq edilməklə 20 hektar sahəni əhatə edəcək istixanada hər il 7 min ton pomidor və xiyar istehsalı nəzərdə tutulur. Aqroparkda 20 min tonluq soyuducu anbar, çeşidləmə və qablaşdırma sexləri fəaliyyət göstərəcək. Burada həmçinin, məhsul ölçüsünə, çəkisinə və rənginə görə çeşidlənəcək. Kompleksdə fəaliyyət göstərəcək laboratoriyada torpaq, su və bitki analizləri aparılaraq, real vəziyyət müəyyənləşdiriləcək. Rayonda mövcud istixanaların təmin edilməsi üçün ildə 60 milyon ədəd şitil yetişdirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmizə hələ də quru meyvə xaricdən idxal olunur. Bunu nəzərə alaraq aqroparkda xurma, ərik, üzüm, gavalı, şaftalı və almanın qurudulması üçün də müasir texnologiyaların tətbiqi planlaşdırılır. Burada, həmçinin müxtəlif meyvə şirələrinin istehsalı nəzərdə tutulur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !