Azər Həsrət: - Həmin icra başçıları özləri reket jurnalistləri yemləyir, bəsləyir, sonra da…

Azər Həsrət: “Həmin icra başçıları özləri reket jurnalistləri yemləyir, bəsləyir, sonra da…”

 Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin Moderator.az-a müsahibəsini təqdim edirik:

 

Etiraf edək ki, ölkə mediasının əksər hissəsinin Mətbuat Şurasına münasibəti birmənalı deyil. MŞ haqqında mətbuatın neqativ mövqeyini necə dəyişmək olar? Bunun üçün hansı addımlar atılmalıdır?
– O fikirlə razıyam. Bəli, doğrudan da medianın bəlli bir hissəsi və yetərincə tanınan jurnalistlər var ki, Mətbuat Şurası haqqında bizdən fərqli düşünürlər. Bəzən də bu şəxslər Mətbuat Şurasını sərt şəkildə tənqid edirlər. Təbii ki, o adamların mövqeyinə, fikirlərinə şəxsən mən təmkinli yanaşıram. Elə MŞ sədri Əflatun Amaşov başda olmaqla digər üzvlər də bu məsələdə yetərincə təmkinlidir. Amma ümumilikdə MŞ haqqında münasibətin mənfi olduğu fikrini paylaşa bilmərəm. Mənfi düşünənlər var, amma onlar çoxluqda deyil. Bununla belə, hesab edirəm ki, o cür düşünənləri də Mətbuat Şurasına qazandırmaq lazımdır. Bunun üçün müəyyən işlər görülür, bəzi istisnalarla uğurlar da var. MŞ-na ən kəskin tənqidi münasibət bəsləyən bir sıra KİV-lərin də onun sıralarında olması dediklərimi təsdiq edir.

 

Azər bəy, “reket jurnalistlər”lə bağlı məmurların MŞ-na müraciətlərində nədənsə, həmişə udan tərəf sonuncular olur. Doğrudanmı məmurlar hər zaman haqlıdırlar və yaxud medianın yazdıqları həmişə yalan olur?
– Məmurlar nəinki hər zaman, hətta çox zaman haqsız olur. Onların udan tərəf olmasını şərtləndirən isə bir qayda olaraq jurnalist adından sui-istifadə edənlərdir. Əsasən də xırda çaplı məmurlar belə jurnalistlərdən şikayətçi olduğu zaman biz onların təqdim etdiyi materialı, həm də özünü jurnalist kimi təqdim edən şəxslərin yazı hazırlayarkən sərgilədiyi davranışları Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları baxımından dəyərləndiririk və bu zaman çoxlu sayda pozuntu aşkar edirik. Bu da təbiidir. Çünki söhbət jurnalistikadan sui-istifadə edənlərdən gedirsə, təbii ki, burada yüksək standartlara uyğun jurnalistikadan danışmaq mümkün deyil. Ona görə də məmurların şikayətləri əsasən təmin edilir.

Amma onu da deyim ki, şikayətlərinə arzu etdikləri cavabı almayan məmurlar da az deyil. Hətta ötən il bir rayonun icra başçısı az qala hər həftə şikayət göndərirdi. İlk şikayətinə baxıldı, haqlıydı, təmin edildi. Bir müddət sonra ikinci şikayəti də haqlı sayıldı. Bundan həvəslənib üçüncü şikayətini də bizə ünvanladığı zaman mən etiraz etdim və bildirdim ki, bu adam artıq MŞ-dan sui-istifadə etmək yolu tutub. Ona görə də onun nümayəndəsinə bir balaca sərt münasibət göstərməli olduq. Ondan sonra həmin icra başçısı daha bizə müraciət etmir.

Bəzi başqa icra başçıları da var ki, onlara da sərt münasibət göstərməli olmuşuq. Soruşa bilərsiniz ki, niyə? Ona görə ki, həmin başçılar adətən özləri reket jurnalistləri yemləyir, bəsləyir, sonra da nədənsə xoşları gəlməyəndə bizə üz tuturlar. Biz də onlara anlatmaq istəyirik ki, MŞ kiminsə cəza maşını deyil.

Sizcə, qəzetlərə ayrılan 3 milyon manatın heç olmasa 10 faizini elektron mediaya ayırmaq olmazmı? Onlayn mediaya dövlət dəstəyinin vaxtı çatmayıbmı?
– 10 deyil, mən deyərdim ki, ən azından 50 faizini onlayn mediaya ayırmaq lazımdır. Düzdür, ənənəvi medianın indiki dövrdə arxa plana keçirilməsi doğru olmazdı. Onlar hələ bir neçə il yaşamalıdır. Lakin düşünürəm ki, çox yaxın gələcəkdə çap mediası bazarı tərk etməli olacaq. Ona görə də dövlət daha çox yeni medianın qayğısına qalmalıdır. Bu fikirlərimi əsaslandırmaq üçün 2015-ci ildə Azərbaycanda keçirilmiş 1-ci Avropa Oyunları zamanı ənənəvi və onlayn medianın fəaliyyətini diqqətə çatdırmaq istərdim. Birmənalı şəkildə deyə bilərəm ki, onlayn media vəziyyətə tam nəzarət edirdi. Hələ sosial medianın ümumi rəyi Azərbaycanın xeyrinə dəyişməsindəki rolu əvəzsiz idi. Dövlətin də məsələni bu yöndən təhlil etməsi daha doğru olardı. Bu baxımdan onlayn mediaya dövlət dəstəyinin təmin edilməsinin vaxtının çatdığını birmənalı şəkildə deyə bilərik.

 

Uzun müddətdir reklam bazarı barədə “sərin” müzakirələr gedir. Niyə reklam bazarı barədə ciddi addımlar atılmadı?
– Bu məsələ doğrudan da çox müzakirə edilir, amma ortada nəticə yoxdur. Hətta Prezident Administrasiyası səviyyəsində də müzakirələr olduğunu bilirəm. Təbii ki, MŞ bu müzakirələrdə fəal iştirak edib və məsələni də daim gündəmdə saxlayır. Sadəcə bəzi məsələlər tam şəkildə həllini tapmadığı üçün arzu olunan sonuca varıla bilmir. Çox istərdim ki, dövlət bu məsələdə də bir qədər çevik davransın. Əgər reklam bazarı məsələsini həll edə bilsək, bu mexanizm işə düşsə, onlayn mediaya dövlət dəstəyinə də ciddi ehtiyac qalmayacaq. O baxımdan mən medianın tərəfindəyəm.

 

Siz MŞ-nın qurucularından birisiniz. Amma 2005-ci ildə onu ən tez tərk edənlərdən oldunuz və düz səkkiz il sonra – 2013-cü ildə geri döndünüz. O vaxt MŞ-nı ciddi tənqid edirdiniz. Amma indi heç bir tənqidinizi görmürük. Nə dəyişib?
– Düzdür, MŞ təzə qurulandan – 2003-cü ilin 15 martından sonra onun İdarə Heyətinin ilk üzvlərindən biri olaraq işimizə ən sərt tənqidi münasibəti sərgiləyən mən olmuşam. Bu da təbiidir. Çünki arzum qurumun daha çevik, daha şəffaf olması idi. İndi isə həmin səbəblər artıq yoxdur. MŞ-nın bütün üzvləri bir-birilə dil tapmağı bacaran insanlardır. Hər bir məsələ açıq müzakirə edilə bilir. Əflatun Amaşovun özü şəxsən istənilən məsələni məhz İdarə Heyətinin üzvlərilə müzakirə etdikdən sonra addım atır. Yəni öz aramızda müzakirəsi mümkün olmayan heç bir məsələ qalmadığı üçün mən də açıq tənqid etməli olmuram. Amma əmin olun ki, daxildə-iclaslarımızda yetərincə tənqidlər səslənir, öz işimizə mütləq şəkildə kənardan baxmağa çalışırıq. Əsas odur ki, bu tənqidlərə görə bir-birimizdən incimirik.

 

Namiq Dəlidağlı, Moderator.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !